AZ

Makron 2027-də özünün ən güclü rəqibinə və onun 96 yaşlı atasına cinayət işi açdırdı...

Image

Fransa parlamentinin aşağı palatasında “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransanın yeni hökuməti təxminən 10 ay işləyəcək, bundan sonra ölkəni yeni növbədənkənar parlament seçkiləri gözləyir. Le Pen Fransa prezidenti Emmanuel Makronun Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri yeni baş nazir təyin etmək qərarını yenidən tənqid edərək, həmin partiyanın “Milli Birlik”dən daha az səs topladığını qeyd edib.

O, həmçinin vurğulayıb ki, partiyası çoxdandır majoritardan proporsional seçki sisteminə keçidin tərəfdarıdır. Eyni zamanda, Le Pen “Milli Birlik” fraksiyasının konstruktiv müxalifət rolunu oynayacağını və ilk növbədə dövlətin maraqlarına diqqət yetirəcəyini vəd edib: “Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Aydın görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik”. Qeyd edək ki, bundan öncə Avropa Parlamentinə və Fransada növbədənkənar parlament seçkilərində “Milli Birlik” xeyli yer qazanıb. Bütün bunlar, o cümlədən Marin Le Penin Emmanuel Makronu sərt tənqid etməsi hakimiyyət tərəfindən ciddi qorxu ilə qarşılanır. Məhz bunlar fonunda Parisdə Avropa Parlamenti deputatlarının köməkçisi kimi vəzifələr vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan “Milli Birlik”  partiyasının 27 nümayəndəsinə qarşı məhkəmə prosesi başlayıb. Onların  arasında bu partiyanın lideri Marin Le Pen, həmçinin onun atası 96 yaşlı Jan-Mari Le Pen də var. Siyasətçilər çətin ki həbsxanaya düşsünlər, lakin onları eyni dərəcədə dəhşətli cəza gözləyir: siyasi fəaliyyətdən xaric olunmaq. Bu o deməkdir ki, Marin Le Pen prezident seçkilərində iştirak edə bilməyəcək. İttihamlar sübuta yetirilərsə, partiya üzvlərini 10 ilə qədər həbs və 1 milyon avro cərimə, həmçinin 10 il müddətinə seçilmək hüququndan məhrum etmə cəzası gözləyir. İstintaqın Le Pen üçün “ciddi siyasi sınaq” olacağı qeyd edilir. Məhkəmə ilə bağlı fikirlər haçalanır. Bəziləri hesab edir ki, ittiham siyasi oyundur və prezident Emmanuel Makronun getdikcə populyarlaşan sağçı populist qüvvələri mübarizədən kənarlaşdırmaq cəhdidir. Amma Makrona yaxın olanlar iddia edirlər ki, “Milli Birlik” və Le Pen ailəsi qəsdən cinayət törədiblər və qanunla cəzalandırılmalıdırlar.

İşin mahiyyəti qısaca belədir: 2004-2017-ci illərdə Marin Le Pen Avropa Parlamentinin üzvü olub. Avropa Parlamentinin deputatlarına köməkçilərinə maaş vermək üçün ayda təxminən 21 min avro ayrılıb. Le Pen və onun fraksiyasının üzvləri bu vəzifələri “Milli Birlik”   funksionerlərinin tutmasını təşkil etdilər. Həmin şəxslər, ittiham tərəfinin fikrincə, faktiki olaraq, Avropa Parlamentinə getmədən və köməkçi kimi heç bir vəzifə yerinə yetirmədən, demək olar ki, bütünlüklə Fransada qalıblar. Əslində isə iddia olunur ki, partiya öz daxili ehtiyacları üçün Avropa büdcəsindən pul alıb. Ümumilikdə, ittiham tərəfinin fikrincə, Avropa Parlamentinin xəzinəsinə dəyən ziyan 3 milyon avro təşkil edib. Bu il “Demokratik Hərəkat” partiyası da eyni halla üzləşib.  Onun üzvləri və lideri Fransua Bayru da eyni ittihamlarla ittiham olunub. Lakin onlar şərti cəza alıblar. Hüquq-mühafizə orqanlarının əlində Le Penin ən azı bu sxemdən xəbəri olduğuna dair sübutlar olduğu iddia edilir. Le Pen isə iddia edir ki, əksinə, günahsızlığına dair sübutları var. Onun sözlərinə görə, heç bir uydurma iş olmayıb. Parisdəki məhkəmə prosesi bu yay seçkilərində parlamentdə çoxluğu qazanmaq üçün ciddi şansa malik olan “Milli Birlik” partiyasının təsirinin artmaqda davam etdiyi bir vaxta təsadüf edir. Buna mane olan yeganə şey sol qüvvələrin və makronistlərin sövdələşməsi oldu: onlar səsləri “qazanmaq” üçün parlament seçkilərinin ikinci turuna ümumi namizədlər irəli sürməyə razılaşdılar. İkinci turda Le Pen tərəfdarlarının məğlubiyyəti fransızların sağçılara daha çox rəğbət bəsləməsi faktını dəyişmədi. Ona görə də çoxları məsələni siyasiləşmiş hesab edir. Müstəntiqlər ittiham üzərində hələ 2015-ci ildə işləməyə başlayıblar, lakin ittihamları yalnız indi irəli sürmək qərarına gəliblər: 2027-ci il prezident seçkilərinə namizədlərin irəli sürülməsinə az qalmış bir vaxtda. Bundan başqa, iyul ayında Paris prokurorları Le Penə qarşı 2022-ci il seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması şübhəsi ilə bağlı istintaq başladıb. Səbəb seçkilər zamanı namizədlərin xərclərinin ödənilməsinin qanuniliyini yoxlayan Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın müraciəti olub. Onlar “təşviqat kampaniyasının maliyyə mənbələri ilə bağlı” problemlərin olduğu barədə danışıblar.Le Pen bu prezident seçkilərində nəhayət ki, Makronun varisi olmaq şansının yüksək olacağına ümid edir. Hələ mərkəzçilərdən güclü namizədlər yoxdur. Bu arada, Le Pen seçkidən seçkiyə getdikcə daha çox şey əlavə edir. 2017-ci ildə ikinci turda Le Pen 33%, 2022-ci ildə isə artıq 41% səs aldı   Kiçik uğur deyil...

Samirə SƏFƏROVA





Seçilən
12
baki-xeber.com

1Mənbələr