AZ

Nazir müavini: Aktiv innovativ layihə sayını 500-ə çatdırmaq hədəfimizdir

2023-2024-cü illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən dəstəklənmiş 20 inkubasiya və akselerasiya proqramına 600-dən çox komanda müraciət edib, 165 minimal işlək məhsulu olan startap ərsəyə gəlib.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan İnnovasiya Mərkəzinin açılışı zamanı çıxışında deyib.

Onun sözlərinə görə, qarşıdakı illərdə hədəf aktiv innovativ layihə sayını 500-ə çatdırmaqdır.

“Sayı 96-ya yüksələn texnopark rezidentlərinə müəyyən üstünlük və 10 il müddətində güzəştlər tətbiq edilir. Belə ki, sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergilərindən azad olunurlar. Əlavə olaraq xarici şirkətlərin burada fəaliyyət göstərmələri üçün heç bir iş icazəsi də tələb olunmur. Bütün bunlar şirkətlərin maliyyə baxımından fəaliyyətini daha əlverişli edir və investisiya risklərini azaldır”, - deyə S.Məmmədov vurğulayıb.

Özbəkistan, Belarus və digər ölkələrdə İnnovasiya Mərkəzlərinin mövcud olduğunu qeyd edən nazir müavini Azərbaycanda da bu sahədə mühüm addımların atıldığını qeyd edib: “İRİA-nın həyata keçirdiyi “Roadshow” layihəsi çərçivəsində Azərbaycanda fəallığı ilə seçilən startaplar dünyanın ən nüfuzlu texnologiya tədbirlərində iştirak edə bilirlər. Startap və innovativ layihələrin uğurunu müvafiq insan kapitalı olmadan təsəvvür etmək çətindir. Belə ki, ölkədə İKT üzrə insan kapitalının inkişaf etdirilməsi də son illərdə prioritet hesab edilən sahəyə çevrilib”.

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr