AZ

Özünə qayıt, Juninyo! - YAZI

"Qarabağ" sabah Avropa Liqasının liqa mərhələsinin 2-ci turunda "Malmö"nü qəbul edəcək.

Futbol ictimaiyyətini əksər nümayəndələri "köhlən atlar"ın bu matçda qələbə qazanacağına ümid edir. Ona görə ki, İsveç təmsilçisi bizimkilərin "dişinə görədi”. Əlbəttə, üç xal üçün ağdamlılara qol və ya qollar lazım olacaq. Bu öz yerində, lakin avrokuboklarda keçirdiyi son üç oyunda bir dəfə belə fərqlənə bilməyən komandanın buna nə dərəcədə nail olacağı sual altındadı.

Gözlər mərkəz hücumçusu, ötən mövsüm çempionatımızın, yeni "futbol ili"ndə ÇL-nin təsnifat mərhələlərinin bombardiri olan Olavio Juninyoya dikilib. Hamı braziliyalı mərkəz hücumçusunun "Malmö"nün qapı torunu silkələyəcəyinə, qələbəyə bəs edəcək qədər qollar vuracağına ümid edir.
Juninyo bu gün keçirilən oyunöncəsi mətbuat konfransında “qara zolaqda olduğunu” etiraf etdi. Bəzi sözləri isə qəlbində saxladı. Demədi ki, Çempionlar Liqasına vəsiqə qazana bilmədiyimizə görə məyusam, hələ tam özümə gələ bilməmişəm. Axı qitənin ən nüfuzlu klub turnirində qollar vurmaq uşaqlıq arzumdu. "Qarabağ"la buna ikinci dəfə cəhd etsəm də, təəssüf ki, alınmadı...

Bəli, Juninyo, alınmadı. Amma toparlanmaq üçün yubanırsan. Sabah 90 dəqiqə ərzində bütün azərbaycanlı futbolsevərlər səndən azı bir qol gözləyəcək.

Əlbəttə, çox çalışmaq, yaxşı oynamaq, təhlükəli vəziyyətlər yaratmaq, rəqibi çəkindirmək, qırmızı vərəqə almasına, komandanın penalti qazanmasına nail olmaq Avropa Liqası səviyyəsində ciddi uğurlardı. Qurban Qurbanov demişkən, Misli premyer-liqasından çıxıb belə turnirə yollanmaq adamı həyəcanlandırır. Lakin sabah heç nə "doğma divarlar" arasında "Malmö"nün qapısına qol və ya qollar vurmağına mane olmamalıdı, əziz Juninyo!

KƏNAN BAHADIR

Seçilən
12
football-plus.az

1Mənbələr