AZ

2024-cü il iqtisadiyyatımız üçün uğurlu olacaq

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bu mövzuda məsələlər müzakirə edilib, həmçinin ilin sonuna qədər görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi bir faizdən bir qədər çox olmuşdur. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, suverenliyimizin tam təmin edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Ölkəmizdə çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir.

Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Azərbaycanın regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir.

Bütün bu göstəricilər Azərbaycanın perspektivdə iqtisadi göstəricilərinin daha da artacağını, bunun müqabilində sosial islahatların getdikcə dərinləşəcəyini deməyə əsas verir. Həmçinin dövlət büdcəsinə daxil olan valyutadan Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsait ildən-ilə artır. Bu isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdış konsepsiyası çərçivəsində tez bir zamanda öz doğma yurd-yuvalarına qayıtmasına şərait yaradacaq. Bu istiqamətdə görülən misilsiz işlər sözügedən əraziləri dünyanın ən inkişaf etmiş bölgələrinə çevirəcək.

Müşavirədə müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar bizim iqtisadi inkişafımızı daha da sürətləndirəcəkdir.

Seçilən
12
1
yeniazerbaycan.com

2Mənbələr