AZ

ADA Universiteti və Respublika Uşaq Kitabxanası arasında Memorandum imzalanıb

Oktyabrın 2-si ADA Universiteti Kitabxanası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
"Report" xəbər verir ki, memorandumun məqsədi gənc nəslin nümayəndələri arasında elmi kütləviləşdirmək, dünyada baş verən innovativ inkişaf fonunda uşaq və gənclərin oxumaq ənənəsini qoruyub saxlamaq və onların akademik inkişafını dəstəkləməkdir.
Ölkəmizdə keçirilən 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi zamanı imzalanan sənədi ADA Universitetinin Kitabxana-İnformasiya Xidmətləri Departamentinin direktoru Elçin Məmmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova imzalayıblar.
Elçin Məmmədov bildirib ki, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyini qeyd etdiyimiz bu günlərdə imzalanan Memorandum elmi, biliyi və müvafiq sahə üzrə ədəbi nəşrləri cəmiyyət üzvlərinə, xüsusilə də uşaq və gənclərə əlçatan edir, kitabxana sahəsində əməkdaşlığı gücləndirir.
Üç il müddətində qüvvədə olacaq bu sənəd kitabxana işi sahəsində təcrübə və informasiya resurslarının, onlayn kataloq və rəqəmsal xidmətlərin mübadiləsini, uşaq ədəbiyyatı və əlaqəli sahələr üzrə çap və audio-vizual materialların qarşılıqlı istifadəsini təmin edəcək, habelə uşaq və gənclərə kitabxanadan müddətli istifadə hüququ qazandıracaq.
Memorandum çərçivəsində tərəflər beynəlxalq seminar, elmi konfrans, dəyirmi masalar təşkil edəcək və qarşılıqlı maraqdan irəli gələn yerli və beynəlxalq layihə və proqramlarda birgə iştirak edəcəklər.
Seçilən
16
1
sherg.az

2Mənbələr