AZ

Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Aynur Bayramova ifadə verib.

O bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib: “Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb. O, Zaur Baxşəliyevin verilişindən gəlmişdi. Nuridə özü Zaurla danışıb, xəstəni onun verilişindən gətirib. Çek də Zaura təqdim olunub. Bu hadisə Zaur Baxşəliyevin "Bizimləsən" verilişində talassemiyalı xəstələrə pul yığlan zaman baş verib. Nuridə də həmin verilişə gedib, Zaurla görüşüb”.

Aynur Bayramova qeyd edib ki, zərərçəkənlər Taleh Hacı Məmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Daha sonra ifadə verən zərərçəkən Şahbacı İsayeva bildirib ki, Aynur Bayramova ilə Talassemiya Mərkəzində ayrılan ayrıca otaqda görüşüb: “Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar. Ona bu şəraiti Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı. Aynur Bayramova Zaurun verilişində talassemiyalı uşaqlara pul yığılarkən 60 min manat pulun da onlar tərəfindən qarşılanacağını deyib. Mən ümumilikdə onlara 20 min dollar pul vermişəm, cəmi 3500-nü qaytarıblar. Qalan pulumu tələb edirəm”.

Aynur Bayramova zərərçəkənin sualına cavab olaraq bildirib ki, o "Antalya Medical Park"ın əməkdaşı olub, ona görə də mərkəzdə ona xəstə qəbulu üçün şərait yaradıblar.

Hakim Azad Məcidov bildirib ki, Talassemiya Mərkəzinə bununla bağlı sorğu göndərilib, lakin Aynur Bayramovanı tanımadıqlarını deyiblər. “Aynur sən beş il ərzində Türkiyəyə qan aparmısan, heç soruşan olmayıbmı ki, niyə və hara aparırsan?", - deyə hakim soruşub.

Aynur Bayramova isə Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman adlı xanımın icazəsi olduğunu bildirib.

Növbəti proses oktyabrın 9-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Seçilən
1
16
publika.az

10Mənbələr