AZ

Ukrayna müdafiə qüvvələri Uqledardan çıxdıqlarını təsdiq ediblər

Ukrayna

Kiyev, 2 oktyabr, AZƏRTAC

Ukrayna müdafiə qüvvələri Donetsk vilayəti Uqledar şəhərini tərk ediblər.

Bu barədə AZƏRTAC “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun “Telegram” səhifəsində yer alan məlumata istinadla xəbər verir.

Deyildiyi kimi, məqsəd şəxsi heyətin və hərbi texnikanın qorunub saxlanması olub.

“Uzunmüddətli döyüşlər nəticəsində böyük itkilər verərək düşmən Uqledarı ələ keçirmək cəhdlərindən əl çəkmədi. Nəyin bahasına olursa-olsun şəhərə nəzarəti ələ keçirmək cəhdi ilə o, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müdafiəsini tükəndirən cinahdan hücumlar həyata keçirmək üçün ehtiyat göndərməyə nail olub. Düşmənin hərəkətləri nəticəsində şəhərin mühasirəyə alınması təhlükəsi yaranıb”, - deyə məlumatda deyilir.

Ukrayna hərbçilərinin həyatını və texnikanı xilas etmək üçün komandanlıq silahlı qüvvələrin Uqledardan çıxarılmasına icazə verib.

“Baş komandanlıq şəxsi heyəti və hərbi texnikanı qorumaq və gələcək hərbi əməliyyatların həyata keçirilməsi üçün mövqe tutmaq məqsədilə Uqledardan bölmələrin çıxarılması üçün manevr həyata keçirməyə icazə verib”, - deyə məlumatda qeyd edilib.

Uqledar Donetsk vilayətinin Volnovax rayonunda yerləşən şəhərdir. O, Donetskdən təxminən 57 kilometr məsafədə yerləşir. Bu ərazidə müdafiə əməliyyatı iki il davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
7
1
azertag.az

3Mənbələr