AZ

Oktyabrın 2-si Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

Yazını böyüt
Yazını kiçilt

2007-ci il 15 iyun tarixdən etibarən hər il oktyabrın 2-si Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Bu əlamətdar tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günü münasibətilə təsis edilib. Qəbul olunmuş qətnamədə də qeyd olunduğu kimi, bu günün əsas məqsədi insanlara sülh, dözümlülük anlayışı və zorakılıqdan imtina mədəniyyətini çatdırmaqdır.

Hindistanın beynəlxalq məsələlər üzrə dövlət naziri Anand Şarma BMT Baş Assambleyasında 140 sponsor adından qətnaməni təqdim edərək bildirib ki, bu sənədin sponsorlarının geniş tərkibi və müxtəlifliyi Mahatma Qandiyə dərin ehtiramı, eləcə də onun fəlsəfi baxışlarının davamlı əhəmiyyətini əks etdirir. O, çıxışında mərhum liderin bu sözlərini sitat gətirib: “Qeyri-zorakılıq bəşəriyyətin əlində olan ən böyük gücdür. O, insan zəkasının yaratdığı ən dağıdıcı silahdan daha güclüdür”.

Hindistanın müstəqilliyinə töhfə verən Mahatma Qandinin həyatı və liderliyi vətəndaş hüquqları və sosial dəyişikliklər üçün dünyada mövcud olan qeyri-zorakı hərəkatlara ilham verib. Qandi bütün həyatı boyu, hətta şiddətli təzyiq şəraitində və zahirən aşılmaz görünən çətinliklər qarşısında da zorakılıq etməmək inancına sadiq qalıb.

Zorakılıqsız müqavimət kimi də tanınan qeyri-zorakılıq prinsipi sosial və ya siyasi dəyişikliyə nail olmaq üçün fiziki zorakılıqdan istifadəni rədd edir. Çox vaxt “adi insanların siyasəti” kimi səciyyələndirilən bu sosial mübarizə metodu bütün dünyada sosial ədalət uğrunda mübarizədə geniş əhali kütləsi tərəfindən qəbul edilib.

Qeyri-zorakı müqavimət sahəsində aparıcı alim olan professor Gene Şarp “Qeyri-zorakı fəaliyyət siyasəti” adlı məqaləsində belə bir ideya irəli sürür: “Qeyri-zorakı hərəkət passivliyi və tabeçiliyi rədd edən və bu yolla mübarizə aparmağın zəruri olduğuna inanan insanların istifadə etdiyi üsuldur. Bu insanlar zorakılığa əl atmadan da mübarizələrini apara bilirlər. Qeyri-zorakı hərəkət münaqişədən qaçmağa və ya ondan yayınmağa çalışmaq demək deyil. Bu, siyasət müstəvisində necə effektiv fəaliyyət göstərmək və xüsusən də hakimiyyəti necə effektiv şəkildə saxlamaqla bağlı suala yalnız bir cavabdır”.

2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib.

2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında Qanun qəbul olunub. Bu qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət tərkibi olmayan əməllərdən belə qorunmağa imkan verir; buraya psixi təsir göstərmə, iqtisadi asılılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid və digər mənəvi zorakılıq halları daxildir.

Seçilən
1
2
hafta.az

3Mənbələr