AZ

“Qarabağ”ın almaniyalı qolkiperi: “Tottenhem"lə matç bizim üçün yaxşı təcrübə oldu”

"Qarabağ"ın qolkiperi Fabian Buntiç Sport24.az-a müsahibə verib. Ağdamlıların almaniyalı qolkiperi Premyer Liqanın VIII turunda qarşılaşdıqları "Sabah"la oyun barədə danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.
 
- Öncə ötən həftə qarşılaşdığınız "Sabah"la matç barədə fikirlərini bölüşməyini istərdik…
- Oyuna yaxşı başladıq və erkən qollarla üstünlüyə yiyələndik. Xüsusilə ilk yarıda meydanda diqtə edən tərəf biz idik. Düşünürəm ki, "Tottenhem"ə məğlubiyyətdən sonra bu qələbəyə çox ehtiyacımız var idi. Məncə, toparlanmağımız üçün bunun faydası olacaq.
 
- İlk hissənin sonlarında rəqib fərqi azaltdı, fasilədən sonra isə təzyiqi bir qədər də artırıb ikinci qolu vurdu. İkinci yarıda zəif çıxış etməyinizin səbəbi nə idi?
- Deməzdim ki, zəif çıxış etdik. Arxayınlıqdan da söhbət gedə bilməz. Sadəcə rəqib fasilədən sonra daha istəkli idi. Qarşı tərəf məğlub olmaq istəmir, ən azı heç-heçə etmək istəyirdi. "Sabah" yetəri qədər güclü və iddialı komandadı. Bazar günü onlar xoş sözlərə layiq idilər. Qələbə bizə o qədər də asan başa gəlmıdi. Düşünürəm ki, belə oyunların sayı nə qədər çox olsa, hamımız üçün daha faydalı olar. Azarkeşlər də futboldan zövq alar.
 
- Ötən həftə Avropa Liqasının Liqa mərhələsində ilk oyununuzu keçirdiniz. Komanda "Tottenhem"lə matçda pis təsir bağışlamasa da məğlub oldu. Londondan sərfəli nəticə ilə geri dönməyinizə nə mane oldu?
- İngiltərəyə yaxşı nəticə qazanmağa getmişdik. Oyunumuzla da göstərdik ki, rəqibdən çəkinmirik. Qorxmadıq, xoşbəxtliyi rəqib qapısı önündə axtardıq. Yetərincə qol imkanı qazansaq da, təəssüf ki, son nöqtəni qoya bilmədik. Həm fürsətləri boşa verməyimiz, həm də buraxdığımız səhvlərdən meydan sahibləri maksimum istifadə etdi.
 
- Artıq sabah Avropa Liqasında "dogma divarlar" arasında "Malmö" ilə üz-üzə gələcəksiz. İsveç təmsilçisi ilə görüşdə nəyə ümid edirsiz?
- Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. "Tottenhem"lə matç bizim üçün yaxşı təcrübə oldu. Odur ki, evdə bütün oyunlarda maksimum nəticəyə köklənmişik.
 

Seçilən
6
sport24.az

1Mənbələr