AZ

Keşiş Baqrat, revanşist qüvvələr və Ermənistan reallığı

Ermənistanda yaranan xaos və qarşıdurmalar yeni mərhələyə qədəm qoyur. May ayında keşiş Baqratın rəhbərlik etdiyi mitinqlər lokal xarakter alınca, müxalifət bundan artığına gücü çatmayacağına əmin olub geri çəkildi. Ermənistan müxalifətinin əlində alətə çevrilən tavuşlu bir keşişin din pərdəsi altında siyasi oyunlara cəlb olunması erməni cəmiyyətinin də diqqətindən yayınmadı. Buna görə də Baqratı dəstəkləyənlər, onun arxasınca gedənlərin sayı günü-gündən azalmağa başladı.

KONKRET.az xəbər verir ki, keçmiş prezidentlər Robert Köçaryan və Serj Sarkisyanın sifarişlərini yerinə yetirən Baqrat Qalstanıyanın  mitinqlərin payız mərhələsinin başlanması mesajı heç də bütün ermənilərin ürəyincə deyil. Br keşişin baş nazir Paşinyana meydan oxumasının pərdə arxası məqamları siyasi güclərin ona  dəstək verməsinin nəticəsidir. Sülh müqaviləsinə qarşı çıxan, delimitasiya və demarkasiya prosesinə mane olmağa çalışan bu qüvvələr Baqratın arxasınca düşməklə Ermənistanda ictimai-siyasi vəziyyətə nəzarət etmək niyyətindədirlər. Azərbaycanın şərtlərinin qəbul olunmazlığını bildirən həmin qüvvələr bununla Paşinyan hökumətinə siyasi təzyiq göstərməkdə davam edirlər.

Parlamentdə “Ermənistan” fraksiyasının  təmsilçiləri də düşmən ölkədə revanşizmi dəstəkləyir və geri addım atmayacaqlarını bildirirlər. Düzdür, Ermənistan parlamentində müxalifət azlıq təşkil etdiyindən anların hansı fikirdə olmaları  önəmli deyil. Onlar sadəcə ictimai rəyi çaşıdrmaqla məşğuldur və Paşinyanı təslimçilikdə günahlandırırlar. Görünür Azərbaycanın şərtlərindən qıcıqlanan erməni müxalifətçilər bu şərtlərə gec-tez əməl ediləcəyinə  əmindirlər və ona görə də ciddi səylərlə Paşinyana təsir etməyə çalışırlar.

“Ermənistan” fraksiyasından deputat   Artsvik Minasyan bildirib ki, Ermənistan  Konstitusiyasında dəyişiklik erməni dövlətçiliyinin itirilməsi deməkdir: “Konstitusiya Məhkəməsi öz qərarı ilə manipulyasiya edir  və sanki Konstitusiya ilə İstiqlal Bəyannaməsi arasında ziddiyyətlər varmış kimi ictimaiyyəti çaşdırmağa çalışır”.

“Müstəqillik Bəyannaməsi heç bir şəkildə Konstitusiyaya zidd ola bilməz. Ali Məhkəmə onu əsas gətirir ki, bəyannaməyə əsasən, onlar ali şura qarşısında hesabat verir. 1995-ci il Konstitusiyasına görə isə onlar prezident qarşısında cavabdehdirlər. Lakin bu, sırf manipulyasiyadır, çünki bu səlahiyyətlər Ali Şuranın qərarı ilə prezidentə verilib”.

Daha sonra  Minasyan əlavə edib ki, Konstitusiyanın preambulasının dəyişdirilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil: “Bu, heç kim, o cümlədən əsas qanunu qəbul edən  şəxslər tərəfindən dəyişdirilə bilməz. Ali Məhkəmə öz qərarında qeyd edir ki, bu reqlament (Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işi haqqında) sərhədi optimallaşdırmaq imkanı verir. Lakin optimallaşdırma sərhədlərin dəyişdirilməsini tələb edir. Qərarın sonuncu hissəsində Konstitusiya Məhkəməsi referendum məsələsinə toxunur. Lakin ratifikasiya predmetinin əsasnamələrini  və ya ən azı, tərəflərin imzalayacağı protokolların lazım olduğunu göstərmir.Bu isə o deməkdir ki,  Konstitusiya Məhkəməsi öz qərarı ilə erməni tərəfinin güzəştlərini ört-basdır edir” – deyə Minasyan bildirib.

Ermənistanda ictimai fikirə təsir etməyə çalışan çoxsaylı “ekspertlər” siyasi çaxnaşma yaratmaq üçün hər bir kiçik detalı nəzərə alıb bəyanatlar verir və cəmiyyəti çaşdırmağa səy göstərirlər. Ermənistanda siyasi gündəm isə hər an dəyişir və əhalinin əksər hissəsi ağı qaradan seçməyi bacarır. Onlar da hesab edirlər ki, 4 il əvvəl hərbi sənayesi darmadağın edilən bir ölkəni yenidən revanşizmə səsləyənlər yanılırlar və regionda dinc yaşamağın yolu yalnız sülhdən keçir. Bunun üçün isə Azərbaycanın şərtləri qeyd-şərtsiz qəbul edilməlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr