AZ

“Malmö” İsveç çempionatında – STATİSTİKA

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində 2-ci rəqibi İsveçin ən titullu komandası, 23-qat ölkə çempionu, o cümlədən son mövsümün qalibi və hazırkı mövsümün ən yaxın izləyicisini 10 xal qabaqlayan lideri “Malmö”dür.

İdman.biz ağdamlıların rəqibinin İsveç çempionatında statistik göstəricilərini nəzərdən keçirib.

Cari mövsümün 56 xallı lideri keçirdiyi 25 oyunda 17 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 3 dəfə uduzub. 59 vurduğu qola 19 qarşılıq alıb.

59 qoldan 15-ni çempionatın hazırkı bombardiri İsaak Telin vurub. Komandanın digər məhsuldar oyunçuları Erik Botheym (11 qol) və Huqo Bolindir (7). Qol vuranlara ən yaxşı yardımçı, bütövlükdə çempionatın bu sahədə birincisi - 10 assisti olan Sebastyan Nanasidir. Lakin bu futbolçu artıq Fransada “Strasbur” üçün top qovur. Lasse Berq Yonsenin 6 assisti var.

“Malmö” futbolçuları orta hesabla hər oyuna 2,4 qol vururlar. 25 oyunda cərimə meydançası daxilindən 317 zərbənin 48-i qol olub. 140 uzaq zərbədən isə 7-si hədəfə çatıb.

31 qol sağ, 16-sı sol ayaqla, 9-u başla vurulub.

Hər oyuna orta 18,3 zərbə endirən “Malmö” futbolçularının orta 6,7 zərbəsi qapı çərçivəsinə yönəlir, 6,2-si qapıdan yan keçir, 5,4-nün qarşısı rəqib tərəfdən alınır. Ümumilikdə 9 zərbə qapı dirəyinə tuş gəlib.

Hər oyuna orta driblinq 7,8, künc zərbəsi 7, cərimə zərbəsi 11,6-dır.

Orda 63,1% topa sahibolmaya malik komandada ötürmələrin 86,9%-i dəqiq olur. Bu göstərici meydanın özünə aid hissəsində (92,3%) rəqibə aid yarıya (78,9%) nisbətən daha dəqiqdir. Uzun ötürmələrdə dəqiqlik 53,6%-dir.

25 oyundan 14-də qapısını toxunulmaz saxlayan “Malmö” futbolçuları hər oyuna orta 0,8 qol buraxırlar.

Hər oyuna orta 16 dəfə topu ələ keçirən futbolçular bunun 8,6-sını birbaşa rəqibin ayağından alırlar. Qapıçı seyvi 2,2-dir.

Müdafiəçilərin səhvindən sonra 25 oyunda rəqiblər cəmi 5 zərbə endiriblər ki, onun da 3-ü qol olub.

Arxa xətt oyunçuları cəmi 2 dəfə son ümid foluna əl atıblar.

Komandanın oyunçuları təkbətək mübarizələrin 52,7%-də, mövqe mübarizələrinin 51,5%-də, hava duellərinin 56%-də qalib ayrılırlar.

Hər oyuna orta 1,3 dəfə ofsayda düşən futbolçular, 11,3 fol edir, 1,8 sarı vərəqə alırlar.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr