AZ

“Dollar hegemonluğu”na qarşı lokal fəndlər

Milli valyutalarla ticarət sadə və gəlirlidir

Artıq bir çox ölkələr dolların “sədaları altında rəqs etmək” istəmir. Onlar dollardan imtina etmək üçün müəyyən boşluqlar tapıb və beynəlxalq ticarətdə öz valyutalarından istifadəyə üstünlük verirlər. Bu, suverenliyi gücləndirən, biznesi daha davamlı edən ağıllı bazar oyunudur. Bu tendensiya ABŞ-ın dünya səhnəsindəki mövqeyinə müəyyən təsir göstərir.

Rusiya–Çin: rubl və yuan

Bu 2 ölkə beynəlxalq arenada daha ağır çəkiyə sahibdirlər. Rusiya və Çin 2023-cü ildə 240 milyard dollarlıq ticarət ediblər. 2022-ci illə müqayisədə ölkələr arasında ticarət 26,3 faiz artıb. 2024-cü ilin ilk 8 ayında isə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 158 milyard dollar təşkil edib. İki ölkə arasında ticarət isə milli valyutalarla aparılıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, xarici ölkələrlə ticarətdə riblun payı 40 faizə çatıb.

Və bunlar sadəcə quru rəqəmlər deyil. Dollardan uzaqlaşmaq istəyən hər iki dövlət neft-qaz və sənaye mallarının ən böyük tədarükçüləridir. Yunanıstanlı ekspert Dionysios Tanasidis bildirib ki, qarşılıqlı ticarətdə yuan və rubl öz mövqelərini inamla möhkəmləndirir: “Çində CIPS (Cross-Border Interbank Payment System) və ya Rusiyada SPFS kimi dollarla bağlı olmayan sistemlərindən keçən valyuta köçürmələri ABŞ-ın bank infrastrukturundan yan keçə bilər. Bu sistemlər ABŞ dollarından asılılığın və sanksiyaların qarşısını almaq üçün SWIFT-ə alternativ olaraq yaradılmışdır. Məsələn, əgər iki ölkə öz milli valyutalarından və ya digər alternativ sistemlərdən istifadə edərsə, ABŞ bankları prosesə cəlb olunmaya və əməliyyat ABŞ-ın nəzarətindən kənarda qala bilər”.

Braziliya–Çin: real ilə yuan

Braziliya və Çin ikitərəfli ticarət əməliyyatlarında dollardan imtina etmək qərarına gəliblər. Bu məqsədlə birgə klirinq palatası yaradıblar. Klirinq palatası (evi) iki ölkə arasında milli valyutalarda əməliyyatlar və kreditlər aparmağa imkan verən bank təşkilatıdır. Artıq ölkələr öz valyutalarını ABŞ dollarına çevirmədən birbaşa transsərhəd əməliyyatları apara bilirlər. Bu, ticarət əməliyyatlarını ucuzlaşdırır və dollardan asılılığı azaldır. Bu barədə Çinin ticarət nazirinin müavini Qo Tintin TASS agentliyinə bildirib: “Braziliya ilə yuanla ödəniş haqqında müqavilə imzalanıb. Bu da ticarətimizi xeyli asanlaşdırır. Biz qida və minerallar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik və yüksək əlavə dəyərli malların Çindən Braziliyaya və Braziliyadan Çinə ixracı imkanlarını axtaracağıq”.

2023-cü ildə Braziliya ilə Çin arasında ticarət dövriyyəsi 144 milyard dolları ötüb. Bu, ciddi rəqəmdir. Ödənişlər dollarla deyil, yuan və realla həyata keçirilir. Hər iki ölkə valyuta sıçrayışlarından və konvertasiya xərclərindən qaçır. Bu sxem onların xeyrinə işləyir – bücəyə pullar daxil olur və dollara ehtiyac qalmır.

Türkiyə–Rusiya: lirə və rubl

Türkiyə və Rusiya köhnə dostlar kimi öz şərtləri əsasında ticarətlərini davam etdirirlər. Ekspert Dionysios Tanasidis deyib: “2023-cü ildə ticarət dövriyyəsi 62 milyard dollara çatıb. Və diqqətəlayiq olanı bilirsinizmi nədir? Türkiyənin Rusiyadan aldığı qaz dollarla deyil, lirə və rublla ödənilir. Bu, hər 2 ölkə üçün rahatdır. Şübhəsiz ki, həm də səmərəlidir. Bu, təkcə ticarət deyil, həm də dollar və siyasi maneələrdən yan keçiddir”.

Rusiya–Azərbaycan: rubl və manat

2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard ABŞ dolları həcmində olub. 2024-cü ilin yanvar–iyul ayları ərzində isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572,8 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon ABŞ dolları artıb. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Rusiyaya, əsasən, meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar göndərilib. Azərbaycanla Rusiya arasında ticarətdə milli valyutalarından istifadə 60 faizi keçib. Yəni 2 ölkə aralarındakı ticarət dövriyyəsində dollar və avrodan uzaqlaşır.

İran–Çin: neft və yuan

İran uzun müddətdir ki, sanksiyalar altındadır, lakin bu, ona Çinlə ticarətə mane olmur. 2023-cü ildə 2 ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatıb. Bu, hər iki ölkəyə sanksiya maneələrini keçməyə kömək edən yuan sayəsində mümkün olub. İran neft tədarükünü davam etdirir, Çin isə əvəzində öz valyutasını verir - hər şey ədalətli, sadə və effektlidir.

Hindistan–Rusiya: rupi və rubl

Hindistan və Rusiya öz strategiyalarını seçiblər: rupi və rublla ticarət edirlər. 2023-cü ildə onların ticarəti 65 milyard dollara çatıb və əvvəlki illə müqayisədə 80 faiz artım olub. Bu il 2 ölkə arasında ticarət dövriyyəsi 20-40 faiz artaraq 78-91 milyard dollara çata bilər. Amma Rusiya iqtisadiyyatına və onun xarici ticarət tərəfdaşlarına artan xarici təzyiq fonunda eyni yüksək artım templərini saxlamaq çətin olacaq. İstənilən halda Rusiya neft, kömür, gübrə və silah tədarükünü davam etdirir. Hindistan isə aldığı malların qiymətini rupi ilə ödəyir. Bütün bunlar lazımsız valyuta riskləri, ən əsası isə Amerika valyutasına ehtiyac olmadan baş verir.

Trampın rüsum hədəsi

Aydındır ki, Çin və Rusiya başda olmaqla bəzi ölkələrin ticarətdə dollara deyil, milli valyutalarına üstünlük verməsi ABŞ-ı narahat edir. Bu ölkənin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Doland Trampın açıqlamaları Vaşinqtonun istəklərini sərgiləyir.

Sabiq prezident xəbərdarlıq edib ki, dollardan istifadəni dayandırmaq istəyən ölkələrə ABŞ-a idxal olunan mallarına görə 100 faiz rüsum tətbiq edəcəklər. “Prezident seçilsəm Çin mallarına 60, digər ölkələrin mallarına 20 faiz rüsum tətbiq edəcəyəm. ABŞ dollarından imtina davam edərsə, ABŞ ilə iş görə bilməyəcəksiniz, çünki biz sizin mallarınıza 100 faiz tarif tətbiq edəcəyik”.

Əgər tariflər tətbiq olunarsa, bu, qlobal ticarət dinamikasını dəyişə, idxal və ixrac sektorunda dəyişiklik yarada bilər. Yəni bu ölkələr ciddi çətinliklərlə üzləşə bilər, çünki 100 faiz tarifin tətbiqi əlavə maliyyə yüküdür. Amma bunun ABŞ üçün də zərəri var. Birinci növbədə ölkədə bahalaşmaya, əhalinin yoxsullaşmasına səbəb olacaq. Artıq qatar yola düşüb... Nəticəni gələcək göstərəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr