AZ

Zorlu Töre: Lefkoşa, Bakı və Ankara birliyi Ermənistan, Fransa və digər ölkələrin yolunda sipərdir

Zorlu

Ankara, 2 oktyabr, AZƏRTAC

Ermənistanın Kiprin yunan icması ilə hərbi-texniki əməkdaşlıq qurmaq cəhdləri istənilən nəticəyə gətirib çıxarmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Töre Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də Türkiyə - ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdemin iştirakı ilə “Üç dövlət, bir millət” mövzusunda onlayn seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğalçı ölkə Ermənistan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı layiqli cavabını alıb. 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin adada həyata keçirdiyi sülhməramlı əməliyyatlar sayəsində Kiprin yunan icmasının cinayətlərinin qarşısı alınıb.

“Qərb Türkiyə və Azərbaycan əleyhinə təşəbbüslərə hər cür göz yumur”, - deyə Fransa və ABŞ-ın Cənubi Kiprin Tatlısu bölgəsində hərbi bazalar yaratmaq planlarını misal gətirən Zorlu Töre söyləyib.

O, əmin olduğunu bildirib ki, ŞKTC, Türkiyə və Azərbaycan Ermənistan, Fransa, Yunan Kipr və bir sıra digər ölkələrin düşmən planlarına maneə olan tərəfdaşlıqlarını daha da dərinləşdirməlidirlər.

Vurğulayıb ki, Lefkoşa üçün yeganə düzgün seçim Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gələcək inteqrasiyadır.

Tore Azərbaycanla əlaqələrin inkişafını ŞKTC-nin dünyada mövqelərinin möhkəmlənməsi üçün çox vacib adlandırıb. “Ölkələrimiz arasında təkcə ticarət-iqtisadi sahədə deyil, mədəniyyət sahəsində də müsbət addımlar var”, - deyən siyasətçi Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının vacibliyini də qeyd edib.

Türkiyə-ŞKTC parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem də öz növbəsində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Kipr türk xalqının mənafelərinin qorunmasına verdiyi töhfələrə diqqət çəkib.

Onun sözlərinə görə, rəsmi Ankara ŞKTC-ni dəstəkləməyə davam etməkdə qərarlıdır.

Türkiyəli millət vəkili ŞKTC-nin böyük beynəlxalq təhsil mərkəzinə çevrilməsi faktına diqqət çəkib. “Dünyanın 130 ölkəsindən tələbələr ŞKTC universitetlərində təhsil almağa maraq göstərirlər”, - deyə o qeyd edib.

Cari il noyabrın 15-də, ŞKTC-nin bəyan edilməsinin növbəti ildönümündə Erdem prezident kompleksi və parlament binasının açılacağını elan edib, bunun da “adada iki müstəqil və suveren dövlətin varlığının başqa bir rəmzinə” çevriləcəyini bildirib.

Onlayn seminar “Əbədi Birlik” gənclər ictimai birliyinin təşəbbüsü ilə keçirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Seçilən
23
2
azertag.az

3Mənbələr