AZ

Aşıq Ələsgər şəxsiyyətinə və irsinə verilən YÜKSƏK QİYMƏT – FOTOLAR

“Dədə Ələsgərin Bakı şəhərinin mərkəzində əzəmətli heykəlinin ucaldılması tarixi, ictimai-siyasi, mədəni və ədəbi proseslərə göstərilən diqqətlə bağlı əlamətdar, habelə möhtəşəm hadisədir. Dədə Ələsgəri yalnız saz çalıb-oxuyan aşıq kimi təsəvvür edən yoldaşlar bilməlidirlər ki, Ustadın yaradıcılığı həm fəlsəfi, həm mənəvi, həm də dini-irfani baxımdan əvəzolunmaz sənət nümunələrinin cəmindən ibarətdir.”.

Medianews.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

O qeyd edib ki, 16 şeir janrında 20 şeir nümunəsi yaratmaq indiyədək rast gəlmədiyimiz yaradıcılıq monumentallığıdır və bununla Ustad Aşıq Ələsgər ən yüksək zirvədə dayanır.

Alimin qənaətincə, heykəlin memarlığında mövcud olan bütün bu elementlər maksimum şəkildə ifadə olunub: “Heykəlin obrazlılığı və qoyulduğu yer də sanki ilahi bir iradə ilə məhz heykəli qoyan OĞULUN öz seçimi ilə təyin olunub. Şəhərin axın intensivliyi ən çox, gecə işıqlanması maksimum olan yerində, gözəl bir parkda Dədə Ələsgər abidəsinin ucaldılmasının özü xüsusi bir rəmzi mahiyyət daşıyır. Dədə Ələsgər irfan əhlinin qüdrətli nümayəndələrindən biri olduğuna görə, irfani baxışlar prizmasında dörd yolun birləşdiyi şam və çinar ağaclarının əhatə etdiyi məkanda ucaldılmış abidə Ustadın yaradıcılığını, şəxsiyyətini, həyat tərzini və yaşam hədəfini ehtiva edən meyarların rəmzi modeli kimi də qəbul edilə bilər. Xəyalən abidənin ətrafında olan hər şeyin şəkilini silsək, seyri-suluk yolçularının təsəvvüründə Dədə Ələsgər abidəsinin dörd yol qovşağında görüntüsü Allaha (c.c) tərəf aparan şəriət, təriqət, mərifət və həqiqət yolları kimi canlanacaqdır. Həmçinin şam ağacları kimi, Dədə Ələsgər yaradıcılığı da daim “yaşıldır, yaşıl!” Ulu Çinarlar isə Dədə Ələsgər şəxsiyyəti və yaradıcılığı ilə məxsusi harmoniya yaradır. Çinarlar daxilindən “yanır”, bəlkə də bitki aləminin qəhri onları bu hala salır. Aşıq Ələsgər ilhamının qəhri də bu oxşarlıqla vəhdət timsalındadır”.

A.Bağırov deyib ki, Qərbi Azərbaycana və ulu Göyçə mahalına qayıdış arzusunda olan insanların tarixi yurdlarına dönmək əzmlərinin aktuallaşdığı bir dönəmdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin heykəlin açılışında oğlu Heydər Əliyevlə birlikdə iştirak etməsi, bir sıra zəruri tarixi mesajlar göndərməsi sıradan olan məsələ deyil. Onun sözlərinə görə, burada ortaya qoyulan tarixi və siyasi-ictimai məsələlər hər kəsə yönəlmiş vacib dəlillərdir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu heykəl Aşıq Ələsgər şəxsiyyətinə, yaradıcılığına, irsinə verilən yüksək qiymətdir. Abidənin ərsəyə gəlməsi üçün gecə-gündüz zəhmət çəkib, tər tökən professor Natiq Əliyevin yaratdığı ən möhtəşəm sənət nümunələrindən biri də uğurlu alınıb söyləyə bilərik. Buna görə hörmətli professor Natiq Əliyevə minnətdarlıq borcumuzu unutmaq istəmirəm. Bakının müxtəlif yerlərində qoyulmuş abidələrin müəllifi kimi hörmətli professorun Dədə Ələsgər heykəlinə çəkdiyi əvəzsiz zəhmət çox böyük dəyərə malikdir. Bir daha dəyərli şəxsinə və onunla bərabər zəhməti keçən hər kəsə təşəkkürlərimizi çatdırmaq istəyirəm. Dədə Ələsgər boyca iki metrdən hündür, cəngavər – pəhləvan cüssəli olub. Saz Dədə Qorquddan bu günə qədər xalqımızın qəhrəmanlıq və sədaqət xislətini dartıb gətirən müqəddəs daşıyıcı vasitədir, musiqi alətlərinin piridir, heykəldə təsviri var! Xalq Qəhrəmanı Qoç Koroğlunun bir əlində qılınc, bir əlində saz şığıyıb aslan kimi meydan sulamağının əlamətləri heykəldə var! Sazın ismət və gerçəklik simvolu olmasının ifadəsi heykəldə var! Aşıq Ələsgər şəxsiyyətinin Ucalıq (mürşidi) qarşısında başını dik tutmaması onun əxlaqi tərbiyəvi təbiətinin əksidir, hətta (rəqsi səma) sufi-dərviş rituallarının görüntüsü heykəldə var! Hələ neçə-neçə əlamətlər saya bilərəm vaxtınızı almaq istəmirəm”.

Alim vurğulayıb ki, heykəl yol səthindən 79 santimetr hündürdə qoyulub: “Heykəlin 30 sm. postamenti, üstəgəl 60 sm. alt yapısı, 240 sm. də öz hündürlüyüdür. 4 metrlik abidəni ucaltmaq o qədər də asan iş deyil. Özü də tuncdan tökülmədə saysız-hesabsız əlavə restavrasiya, dekorasiya və estetik işlər ortaya çıxır. Demək ki, çox qüdrətli bir iş görülüb. Alt yapısında Dədə Ələsgərin müxtəlif misra və beytləri orijinal şriftlərlə qeyd olunub. Ustadın həyatının qeyri-adi məqamlarını göstərən təsvirlər təsbit olunub. Sanki bir kitabdır oxunur. Bunlar hamısı dərin ağıl və təfəkkür işidir, dəyərləndirilməlidir! Bu iş üçün çəkdiyi zəhmətə görə, Möhtərəm Prezidentimizin Dədə Ələsgərin möhtəşəm heykəlinin qoyulması barədə sərəncamının yerinə yetirilməsi üçün zəhməti keçmiş hər kəsə və şəxsən professor Natiq Əliyevə bir daha dərin təşəkkürlərimi bildirirəm”.

Kamilə ORUCOVA

Seçilən
12
medianews.az

1Mənbələr