AZ

Bahalaşma niyə dayanmır? Səbəblər və çıxış yolları – TƏKLİF

Son illərdə ərzaq məhsullarının qiymətlərinin davamlı bahalaşması müşahidə olunur. Bunun bir neçə səbəbi var. Bəzən deyirlər ki, dünyadakı vəziyyətlə bağlıdır. Lakin bu yeganə arqument deyil. Biz görürük ki, dünyada bəzi məhsulların qiyməti ucuzlaşır, amma bizdə ucuzlaşmır. Digərləri isə deyirlər ki, yerli istehsalın azalması ilə bağlıdır. Lakin görürük ki, yerli istehsalı azalmayan məhsullarda bahalaşma var. Ümumilikdə ərzağın bahalaşması daha çox iki səbəblə- xarici və daxili amillərlə bağlıdır. Burada isə daxili amilin payı daha çoxdur. Məsələn, biz görürük ki, xaricdə taxılın qiyməti ucuzlaşdı, bizdə isə heç bir fərq etmir. Yerli istehsalda isə xərclər artır. Deməli səbəblər birtipli deyil, fərqli səbəblər var və hamısının burada rolu var.

Bir-bir baxaq. Ümumiyyətlə, dünyada gedən proseslər, iqlim dəyişikliyi, quraqlıq və sair proseslər ərzaq istehsalını azaldır. Bu bütün ölkələrdə qiymətlərə təsir göstərir. Bəzi ölkələrdə bu yeganə səbəbdir. Lakin bizdə yeganə səbəb bu deyil. Bizdə bu həm də subyektiv səbəblərlə - korrupssiya amili, monopliya məsələləri, sahibkarlara, fermerlerə müxtəlif maneələr və s. ilə bağlıdır.

Azərbaycanda əhalinin ərzaq təminatı 50 faizdən artıq idxaldan asılıdır. Bəzi ərzaq məhsullarında isə bu rəqəm 70-80 faizə çatır. Yerli isatehsal ölkənin tələbatının yarısını belə ödəmir. Halbuki, Azərbaycanda kənd təsərrüfatı ilə əhainin 40 faizə qədəri məşğul olur.

Hökümətin qarşısında məqsəd qoyulmuşdu ki, ərzaq təhlükəsizliyini təmin edək, amma edə bilmirik, əksinə hər il aqrar sektorda tənəzzül görürük. Statistikalar da bunu göstərir. İldən-ilə idxal artır, istehsal azalır. Bu, heyvandarlıq, bitkiçilik və digər sahələrə də aiddir. Nəticədə də, idxaldan asılıllığımız bahalaşmaya səbəb olur.

İkinci səbəb, sahibkarlara, fermerlərə, əkinçilərə yaradılan maneələrdir. Məsələn, suvarma işi yaxşı təşkil olunmayıb deyə su ilə bağlı problemlər var. Heyvandarlar üçün örüş yerləri problemi var, yemin qiyməti də bahalaşır.

Bundan əlavə, kəndlilərin öz məhsullarını rahat şəkildə bazara çıxarması təmin olunmadığına görə, sahələrdə 20-30 qəpiyə alınan məhsul paytaxtada, iri şəhərlərdə 1-2 manata satılır. Yəni, məhsulu əkib-becərən yox, dəllallar, bazarları zəbt etmiş alverçilər qazanır. Bu halda istehsalçı da, istehlakçı da uduzur, ortada qazanan dəllallardır. Kəndli məhsulunu yerində 20 qəpiyə satır, mən burda 1 manata alıramsa, ortadakı 80 qəpiyi dəllallar qazanır.

Bundan başqa, istehsalçılara qarşı çoxsaylı maneələr, əngəllər, bürokratik yanaşma amilləri var.Bu səbəbdən də, aqrar sektora milyardlarla pul ayrılsa da, bu sahədə ciddi irəliləyiş yoxdur. Halbuki, öz potensialına görə, Azərbaycanda neftdən sonra ən gəlirli sahə aqrar sektordur. Aqrar sahə həm də yüngül və yeyinti sənayesi deməkdir. Təəssüf ki, biz bunu da qura bilməmişik. Xammal ixracatçısına çevrilmişik. Məsələn, məhsulu emal edə bilmirik, xammal kimi ucuz qiymətə xaricə satırıq, oradan da dayanmadan hazır məhsullar idxal edirik. Nəticədə, özümüzdə 5 manata başa gələsi məhsulu xarici ölkədən 15 manata alırıq. Burda milyardlarla pul itiririk. Bu, digər sahələrə də aiddir.

Məhsulun maya dəyərinin artmasına da bir neçə amil təsir edir. Son illərdə suyun, bitkiçilik və heyvandarlıq üçün dərmanların, yanacağın qiyməti artır. Təbii ki, bu da bütün istehsalçılara zərbə vurur. Həm də məhsulların maya dəyərini artırır.

Əlavə olaraq, bazarda tələb-təklif məsələsi də var. Tələb təmin olunmursa, qiymətlər bahalaşır. Ona görə də yeganə şərt məhsul bolluğunun təmin olunmasıdır . Məhsul bolluğununu da idxalla təmin etmək doğru deyil. Birincisi, ölkə bazarına mənşəyi məlum olmayan keyfiyyətsiz məhsullar gəlir. İkincisi, ölkədən küll miqdarda valyuta çıxır. Üçüncüsü, bizim yerli istehsalçı sıradan çıxır, bazarlar xarici məhsulla dolur. Bunların hamısı ölkə iqtisadiyyatına zərər vurur, insanları işsiz, torpaqlarımızı istifadəsiz qoyur.

Ölkəmizdə aqrar siğorta sistemi də işləmədiyinə görə fermerlər bir çox hallarda zərərə düşür. İnsanlar əziyyət çəkib, hektarlarla yerdə əkin-biçin edir. Son nəticədə, əldə etdiyi gəlir xərcləri ödəmir. Və gələn il əkmək istəmirlər. Artıq bu sahə sıradan çıxır. Nəticədə həmin məhsullar xaricdən gətirilir. Halbuki, bizim ele potensialımız var ki, Azərbaycan öz əhalisini tam şəkildə bütün ərzaq məhsulları ilə təmin edə bilər. Əlavə olaraq da böyük ixrac imkanlarımız var. Sadəcə, Kənd Təssərrufatı Nazirliyi aqrar sahədə düzgün stimullaşdırma aparmır, düzgün proqramlar yerinə yetirmir. Baxmayaraq ki, milyardlarla dövlət vəsaiti ayrılır, bu pullar batır. Deməli, idarəetmədə problem var. Buna görə, sahibkarlara maneələr, korrupsiya aradan götürülməlidir.

Ölkədə bolluq və ucuzluq yaratmağın çox sadə üsulu var. Bunun üçün bütün ölkə boyu daimi yarmarkalar təşkil olunmalıdır. Bakı şəhərində 10, Gəncə, Sumqayıt şəhərlərində 2 yerdə, digər şəhərlərdə 1 yerdə ilin 365 gün daimi yarmarkalar olmalıdır. Bu yarmarkalara ancaq öz məhsulunu istehsal edən kəndlilər, sahibkarlar, fermerlər buraxılmalıdır. Bu halda onlar öz məhsulunu sahədə 20 qəpiyə deyil, orada 60 qəpiyə satacaq, 3 qat gəlir əldə edəcək. Biz də alıcı olaraq 1,2 manata yox, 60 qəpiyə almış olacağıq. Deməli, biz burda 2 dəfə də irəli düşürük, dəllallar isə ortadan çıxır. Nəticədə, öz məhsulundan yaxşı gəlir əldə edən sahibkarlar, fermerlər, əkinçilər gələn il daha çox məhsul istehsal etməyə çalışacaq, öz imkanlarını genişləndirəcək. Texnika alacaq, daha çox işçilər tutacaq, çalışacaq ki, çox məhsul istehsal etsin.

Aqrar sektorda məhsul azalması sənayeyə də zərər vurur. Çünki yeyinti sənayesi, yüngül sənaye artıq təmin olunmur. Biz niyə duru yağları Rusiyadan, Ukraynadan almalıyıq?! Özümüzdə qarğıdalı, zeytun, günəbaxan bitmir? Biz niyə konservləşdirilmiş məhsulları, məsələn adicə tomatı xarici ölkədən idxal etməliyik? Pomidorumuz yoxdur? Eləcə də davamlı olaraq ətin qiyməti qalxır. Niyə? Çünki heyvandarlıqda da maya dəyəri artıb, örüşlər azalıb. Bu kimi məsələlər ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Nəticədə əhalinin sosial vəziyyəti ağırlaşır və ərzağın bahalaşması dayanmır.

Bahalaşmanın qarşısını almaq üçün ciddi dövlət qroqramı qəbul olunmalıdır. Ölkə əhalisinin yarısı Bakı və Abşeron zonasına yerləşib. Çünki regionlarımızın heç birində iş imkanları yoxdur. Dövlət elə siyasət yürütməlidir ki, şəhərlərə axışmış əhali geri qayıtsın, orada iş yerləri ilə təmin olunsun, təssərrüfatlar yaratsın, heyvandarlıqla məşğul olsun, əkin-biçin etsinlər. Regionlarda kiçik istehsal sexləri təşkil olunmalıdır.

Bundan əlavə, insanlara güzəştli şərtlərlə kredit verilməlidir ki, gedib özünə iş yaratsın. Nəticədə, əhali bir yerə doluşmaz, Bakının da yükü azalar. Regionlarda da iqtisadi aktivlik olar. Məşğulluq məsələsi aradan qalxar. Xaricə çıxan valyutamız azalar. Dövlətin sosial yükü də azalar. Bu halda ünvanlı sosial yardım verməyə də ehtiyac qalmayacaq, insanlar özləri qazanacaq.

Elçin Bayramlı

Seçilən
2
1
sesqazeti.az

2Mənbələr