AZ

“Bütün qütblərin təmsilçiləri Azərbaycanda özlərini rahat hiss edirlər” - RƏYLƏR

“Azərbaycan beynəlxalq münasibətlər sistemində çox nüfuzlu yerə sahibdir. Dünya siyasətində etibarlı tərəfdaş kimi tanınırıq. Buna görə də müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə vaxtaşırı ev sahibliyi edir və bu Azərbaycan dövlətinə olan etimadın göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi xüsusi təşkilatçılıq tələb edir: “Burada tədbirlərin təşkilindən tutmuş kadr hazırlığına, tədbirin keçirilməsi üçün lazımi texniki təminata qədər bütün mühüm məsələlər nəzərdən keçirilir. Buna görə də Azərbaycanda bu cür təşkilatçılıq olmasa şübhəsiz ki, ölkəmizdə belə tədbirlərin keçirilməsi mümkün olmazdı. Digər tərəfdən bu gün dünyanın qütbləşdiyi bir zamanda bütün qütblərin təmsilçiləri Azərbaycanda özlərini rahat hiss edirlər. Bu da məsələnin çox vacib tərəflərindən biridir. Hazırda Azərbaycan növbəti belə bir tədbirə hazırlaşır. Bu zamana kimi olan təcrübəyə söykənərək əminliklə deyə bilərik ki, COP29 da ən yüksək səviyyədə baş tutacaq və Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi təcrübəsini bir qədər də zənginləşdirəcək”.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə fikirlərini bölüşüb: “Azərbaycanla beynəlxalq təşkilatlar arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycanın Qoşulmama Hərəkatına bir neçə il sədrlik etməsi təşkilatın nüfuzunu qaldırdı. Azərbaycana beynəlxalq müstəvidə böyük etimad var. Konkret olaraq bəzi beynəlxalq təşkilatlarla Azərbaycanın əlaqələri yeni siyasi reallıqlara uyğun olaraq inkişaf edir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu baxımdan mühüm əhəmiyyətə sahibdir. Konfrans çərçivəsində dünya dövlətləri ilə əlaqələrimiz daha da genişləndirilə bilər. Ölkə başçısı Azərbaycanın milli maraqlarının qorunması baxımından beynəlxalq təşkilatlarla ciddi siyasi mövqe ortaya qoyur”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
8
sia.az

1Mənbələr