AZ

Qəbələdə yeni çiçək plantasiyaları salınacaq

Azərbaycanda lavanda əkini ilə məşğul olan "The Best Choice" MMC ekoturizmin inkişafı məqsədilə Qəbələdə yeni çiçək plantasiyaları salacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.

Onun sözlərinə görə, əvvəlcə lalə, daha sonra isə uzunmüddətli, müalicəvi çiçək sahələrinin salınması nəzərdə tutulur. Hazırda plantasiyalarda lalədən başqa, Azərbaycanın iqlim şəraitinə uyğun digər güllərin də əkilə biləcəyi araşdırılır. Almaniyadan alınacaq yeni çiçəklər fevralın sonu-martın əvvəlində əkiləcək.

E.Əhmədov qeyd edib ki, bu çiçəklər qurudularaq xarici ölkələrə satıla bilər. MMC direktoru lavanda kimi bu plantasiyalardakı çiçəklərin də turistlərin marağına səbəb ola biləcəyini bildirib.

Xatırladaq ki, “The Best Choice” MMC 2018-ci ildən Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni istiqamət olan tibbi aromatik bitkilərin yetişdirilməsi ilə məşğul olur. Şirkət fəaliyyətini Qəbələ rayonunda 30 hektar ərazidə lavanda (Angustifolia), nanə (Peppermint) və melissa kimi tibbi aromatik bitkilərin yetişdirilməsi, bu bitkilərdən alınan yağların istehsalı və satışı üzərində qurub.

İlhamə İSABALAYEVA

Seçilən
13
vergiler.az

1Mənbələr