AZ

"Prezident çıxışında Dədə Ələsgərin yaşadığı acı taleyə toxundu" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan aşıq poeziyasının ən uca zirvəsi olan Dədə Ələsgərin abidəsinin Bakı şəhərində açılışına şahidlik etdik". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.O bildirib ki, üç il bundan öncə cənab Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı iki sərəncam imzaladı ki, bu sərəncamlardan biri məhz yubiley tədbirlərinin həm Azərbaycanda, həm də türk dünyasında yüksək səviyyədə keçirilməsi ilə əlaqədar idi: "İkinci sərəncam isə Dədə Ələsgərin abidəsinin Bakı şəhərində ucaldılması ilə bağlı idi. Şükürlər olsun ki, biz bu abidənin açılışına şahidlik etdik. Açılış zamanı cənab Prezident İlham Əliyev nitq söylədi. Tədbir iştirakçıları ilə səmimi görüşünə şahidlik etdik. Abidənin açılışında abidə qarşısında xatirə fotosu çəkdirdik. Cənab Prezidentin tapşırıqlarını və mesajlarını canlı olaraq eşitmək də mənə nəsib oldu.Bildiyiniz kimi aşıq poeziyasını yaşadan, yaradan və bu zirvəni fəth edən, aşıq adı gələndə ilk yada düşən şəxsdir. Dədə Ələsgər həyatının bütün dövrünü məhz Azərbaycan aşıq sənətinin inkişafına həsr etmiş, el adamı olmuşdur, Azərbaycanı qarış-qarış gəzib və xalqın sevimlisi olub. Azərbaycan dilinin qorunub saxlanmasına, Azərbaycan dilində, Azərbaycan milli-mədəni həyatını, folklorunu çatdıra bilmək, bu dövrdəki gənclərə ötürə bilmək üçün çoxlu sayda şeirlər, qoşmalar yazıb. Şükürlər olsun ki, bu külliyyatın böyük bir qismi dövrümüzə qədər gəlib çatıb. Əgər biz orta əsr şairlərini oxusaq, çox vaxt bizə tərcüməçiyə ehtiyac olur. Çünki daha çox ərəb və fars dilli sözlərdən istifadə olunub. Ancaq Aşıq Ələsgərin bütün şeirlərini biz heç bir lüğət olmadan oxuyub başa düşürük. Hətta indiki gənclər, uşaqlar belə bu şeirləri rahatlıqla oxuyub əzbərləyirlər.Çox maraqlıdır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Aşıq Ələsgərin 150 illik yubileyi Sovetlər dönəmində keçirildi. Ulu Öndər Heydər Əliyev bu yubiley tədbirlərinin keçirilməsi üçün özü şəxsən sərəncam verdi və nəzarət etdi. Bu yubiley tədbirləri yalnız Qərbi Azərbaycanda, Agkilsə kəndində, İrəvanda yox, eyni zamanda Moskvada da keçirildi. Kremlin sütunlu zallarında hər saat, hər dahi şəxsin yubiley tədbiri olmur. Ancaq Ulu Öndər bunu etdi və aşıq sənətinə böyük qiymət vermiş oldu. Daha sonra isə məhz Ulu Öndərin təkidi ilə Aşıq Ələsgərin məzarı üzərində böyük abidə ucaldıldı. Ancaq çox təəssüflər olsun ki, torpaqlarımız işğal olunduqdan sonra bu abidə də erməni vandalları tərəfindən dağıdılıb. Cənab Prezident öz çıxışında bir daha qeyd etdi ki, nəyin bahasına olursa-olsun biz o torpaqlara qayıdacağıq və Dədə Ələsgərin abidəsi də mütləq bərpa olunacaq, onun açılışında da biz iştirak edəcəyik. Necə ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra bu ərazilərdə quruculuq, abadlıq işlərinə start verdik. Oralara həyat qayıdır. "Böyük Qayıdış" prosesinə start vermişik. Şükürlər olsun ki, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıda bilirlər. Biz inanırıq ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dinc yolla öz torpaqlarımıza qayıdacağıq. Göyçə mahalında həyat yenidən canlanacaq. Göyçə mahalında yenidən aşıq məclislərinin qurulmasına şahidlik edəcəyik. Dədə Ələsgərin də ruhu şad olacaq"."Cənab Prezident çıxışında xüsusilə də, Dədə Ələsgərin yaşadığı acı taleyə toxundu. 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnak dəstələri tərəfindən böyük miqyasda soyqırım, deportasiya siyasəti həyata keçirilib. Bu həm Qərbi Azərbaycan torpaqlarında, həm də indiki Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda olub. 100 mindən çox azərbaycanlı o qətliamlarda qırılıb. Qərbi Azərbaycandan olan soydaşlarımız da məcburiyyət qarşısında qalıb qonşu rayonlara köç ediblər. Dədə Ələsgərin də taleyinə Kəlbəcərə köç etmək yazılıb. Dədə Ələsgər Kəlbəcərdə üç ilə yaxın yaşayıb. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi Kəlbəcərlə Göyçənin təbiətində elə də böyük fərq olmasa da, Dədə Ələsgər Vətən həsrətinə dözə bilməyib və çətin də olsa, üç ildən sonra öz kəndinə qayıdıb. Ömrünün sonuna qədər Göyçə mahalının Agkilsə kəndində yaşayıb. Dədə Ələsgərin də qismətinə deportasiya yazılıb. Ondan sonra 1948-1953-cü illərdə, hətta 1956-cı ilə qədər davam edən deportasiyanın ikinci dalğası olub. Nəhayət, 1988-ci ildə Qərbi azərbaycanlılar üçüncü dəfə öz dədə-baba torpaqlarından didərgin salınıblar.Cənab Prezident xüsusilə qeyd etdi ki, necə ki, Aşıq Ələsgər dədə-baba torpaqlarına qayıtdı, sonuncu deportasiya zamanı didərgin düşmüş Qərbi azərbaycanlılar da nəyin bahasına olursa-olsun öz torpaqlarına qayıdacaqdır. Cənab Prezident bu günə qədər dəfələrlə Qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı çıxışlar edib, Qərbi Azərbaycan İcmasının yenidən təşkili, formalaşması və fəaliyyətinə ən böyük dəstək verib. Aşıq Ələsgərin abidəsinin məhz Bakı şəhərinin ən gözəl, ən mərkəzi yerlərindən birində açılması sərəncamını verməsi, bu prosesi daim nəzarətdə saxlaması, hətta heykəlin müəllifinin də qeyd etdiyi kimi verilmiş layihələr içində özü ən yaxşı layihəni seçməsi, açılışda iştirak etməsi o deməkdir ki, biz mütləq o torpaqlara qayıdacağıq. Dədə Ələsgərin, o cümlədən Qərbi Azərbaycandan olan bütün babalarımızın ruhunu şad edəcəyik. Dədə Ələsgər Dədə Qorqudun davamçısıdır. Biz də öz soykökümüzə sadiq qalaraq o torpaqlarımıza sahib çıxmalıyıq. Çünki türkün tarixində, türkün kitabında torpaqdan heç zaman pay olmayıb. Necə ki, Qarabağ torpağını, Şərqi Zəngəzuru geri qaytardıq, inanırıq ki, Göyçə mahalını da, Qərbi Azərbaycanın bütün 24 rayonunu da geri qaytaracağıq. O torpaqlara qayıtmaq hüquqlarımızı dinc yollarla bərpa edəcəyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Seçilən
0
1
sesqazeti.az

2Mənbələr