AZ

Tarixi  torpaqlarımız  uğrunda MÜBARİZƏ RƏMZİ – Bu ruh bizi gec-tez Vətənə qaytaracaq

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını edib. Məlumat verilib ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir. Dövlət başçısı və açılış mərasiminə toplaşan ziyalılar Aşıq Ələsgərin həyat və yaradıcılığından geniş söhbət açıblar.

Qeyd olunub ki, Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Ağkilsə kəndində dünyaya göz açan Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir.

Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir. Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.

Basarkeçər rayonunun Nərimanlı kəndindən olan, Gəncə şəhərindən VII çağırış Milli Məclisə deputat seçilən Naqif Həmzəyev bu əlamətdar hadisə ilə bağlı fikirlərini Medianews.az-a bölüşüb. O bildirib ki, üç il bundan öncə Prezident İlham Əliyev Azərbaycan aşıq poeziyasının ən uca zirvəsi olan Dədə Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı iki sərəncam imzalayıb.

Millət vəkilinin sözlərinə görə, bu sərəncamlardan biri məhz yubiley tədbirlərinin həm Azərbaycanda, həm də Türk dünyasında yüksək səviyyədə keçirilməsi ilə əlaqədardır. İkinci sərəncam isə Dədə Ələsgərin abidəsinin məhz Bakı şəhərində ucaldılması ilə bağlı olub: “Şükürlər olsun ki, paytaxt şəhərimizdə bu abidənin açılışına şahidlik etdik. Açılış zamanı Cənab Prezident İlham Əliyev nitq söylədi. Onun tədbir iştirakçıları ilə səmimi görüşünə şahidlik etdik və abidənin qarşısında xatirə şəkli çəkildi. Cənab Prezidentin tapşırıqlarını və mesajlarını canlı olaraq eşitmək mənə də nəsib oldu. Bildiyiniz kimi, aşıq poeziyasını yaşadan, yaradan, bu zirvəni fəth edən və aşıq adı gələndə ilk yada düşən Dədə Ələsgərdir. Dədə Ələsgər həyatının bütün dövrünü məhz Azərbaycan aşıq sənətinin inkişafına həsr edib, el adamı olub. Azərbaycanı qarış-qarış gəzib və xalqın sevimlisi olub. Azərbaycan dilinin qorunub saxlanmasına, milli mədəni həyatımızın, folklorumuzun həmin dövrdəki gənclərə ötürülməsinə mühüm töhfə verib. Bu məqsədlə çoxlu sayda şeirlər, qoşmalar yazıb. Şükürlər olsun ki, bu külliyyatın böyük bir qismi dövrümüzə qədər gəlib çatıb. Əgər biz orta əsr Azərbaycan şairlərini oxusaq çox vaxt tərcüməçiyə ehtiyac olur. Çünki daha çox ərəb və fars dilindəki sözlərdən istifadə olunub. Ancaq Aşıq Ələsgərin bütün şeirlərini biz heç bir lüğət olmadan oxuyur və başa düşürük. Hətta indiki gənclər belə, bu şeirləri rahatlıqla oxuyur, əzbərləyir və başa düşürlər”.

Deputat xatırladıb ki, sovetlər birliyi dövründə Ulu Öndər Heydər Əliyev Aşıq Ələsgərin 150 illik yubileyinin qeyd olunması istiqamətində müvafiq tapşırıqlar verib: “Ümummilli lider Heydər Əliyev ustad Aşıq Ələsgərin yubileyinin keçirilməsi üçün sərəncam verib və bu sərəncamdan irəli gələn tapşırıqların icrasına şəxsən nəzarət edib. Bu yubiley tədbirləri yalnız Qərbi Azərbaycanda, ustad aşığın doğulduğu Basarkeçər rayonunun Ağkilsə kəndində, həmçinin o vaxtkı Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində deyil, eyni zamanda SSRİ-nin mərkəzi Moskvada da keçirilib. Kremlin sütunlu zallarında heç də bütün görkəmli şəxslərin yubiley tədbiri olmur. Ancaq Ulu Öndər bunu gerçəkləşdirmişdi və aşıq sənətinə böyük bir qiymət vermişdi. Daha sonra isə məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə Aşıq Ələsgərin məzarı üzərinə böyük abidəsi ucaldılmışdı. Təəssüf ki, topaqlarımız işğal olunduqdan sonra bu abidə də erməni vandalları tərəfindən dağıdılıb. Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin açılışı zamanı Prezident İlham Əliyev bu məqamları xatırladaraq bir daha bəyan edib ki, nəyin bahasına olursa-olsun biz o torpaqları qayıdacağıq və Dədə Ələsgərin abidəsi də mütləq bərpa olunacaq, açılışında el birliyi ilə iştirak edəcəyik. Necə ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra quruculuq və abadlıq işlərinə start verildi, indi oraya həyat qayıdır, böyük qayıdış prosesinə start verilib, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdır, eləcə də Qərbi Azərbaycana qayıdacağıq. Biz inanırıq ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dinc yolla biz də öz torpaqlarımıza qayıdacağıq, Göycə mahalında həyat yenidən canlanacaq, yenidən aşıq məclislərinin qurulmasına şahidlik edəcəyik. Bax o zaman Dədə Ələsgərin ruhu da şad olacaq”.

Millət vəkili N.Həmzəyev ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953, 1956, 1988-ci illərdə Qərbi azərbaycanlıların öz Vətənlərindən deportasiya olunmasına, soydaşlarımıza qarşı ermənilərin dəfələrlə soyqırımı törətməsinə də diqqət çəkib. Qeyd edib ki, 1988-ci ilin deportasiyasında Qərbi Azərbaycanın əzəli sakinlərinin hamısı tarixi torpaqlarından zorla qovulub, didərginlik həyatı yaşamağa məhkum ediliblər: “Bununla da ermənilər Türksüz Ermənistan ideyasını gerçəkləşdirə biliblər. Amma Cənab Prezidentin vurğuladığı kimi, necə ki, Aşıq Ələsgər vaxtilə deportasiyadan sonra öz torpaqlarına qayıda bilmişdi, 1988-ci il deportasiyasında öz el-obasını tərk etmək məcburiyyətində qalan soydaşlarımız da nəyin bahasına olursa-olsun tarixi, əzəli torpaqlarına qayıdacaqlar. Cənab Prezident bu günə qədər dəfələrlə Qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı çıxışlar edib. Qərbi Azərbaycan İcmasının yenidən təşkili, formalaşması və fəaliyyətinə ən böyük dəstəyi verib. Aşıq Ələsgərin abidəsinin məhz Bakı şəhərinin ən görkəmli, mərkəzi yerlərindən birində qoyulması, açılışında iştirak etməsi o deməkdir ki, biz mütləq o torpaqlara qayıdacaq, Dədə Ələsgərin, o cümlədən Qərbi Azərbaycandan olan bütün babalarımızın ruhun şad edəcəyik. Dədə Ələsgər Dədə Qorqudun davamçısıdır. Biz də öz soykökümüzə sadiq olaraq o torpaqlarımıza sahib çıxmalıyıq. Çünki türkün tarixində, kitabında torpaqdan heç zaman pay olmayıb. Biz necə ki, Qarabağı, Şərqi Zəngəzuru geri qaytardıq, hazırda keçmiş məcburi köçkünlər ata-baba yurdlarında məskunlaşdırılır, bu qaydada Göycə mahalına, Qərbi Azərbaycanın bütün 24 rayonunu qayıdacağımıza inanırıq. Biz o torpaqlara qayıtma hüququmuzu dinc yollarla bərpa edəcəyik”.

Basarkeçər rayonunun Kiçik Məzrə kəndindən olan yazıçı və rejissor Füzuli Sabiroğlu da Aşıq Ələsgərin Bakıda heykəlinin açılışının edilməsini tarixi hadisə kimi dəyərləndirib. O, Medianews.az-a açıqlamasında deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsindən sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi, həm də rəmzi olaraq tarixi Oğuz yurdu Göyçə mahalına açılan qapı olub. Onun sözlərinə görə, bu gün Azərbaycan əsgərlərinin dayandığı mövqelərdən Aşıq Ələsgərin doğma kəndi Ağkilsə arasındakı məsafə yeddi kilometrdir: “Cəmi yeddi kilometr o tərəfdə Dədə Ələsgərin erməni vandalları tərəfindən dağıdılmış məzarını aydın görmək olur. Ona görə də bu tarixi zəfərdən az sonra, 2021-ci il fevral ayının 18- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan aşıq sənətinin zirvələrindən olan Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam tarixi torpaqlarımızın azad olunması uğrunda apardığımız mübarizənin davamı kimi qəbul edilməlidir. Bakının ən gözəl guşələrindən birində Göyçə mahalının yetirməsi Dədə Ələsgərə abidənin ucaldılması vətənimizin paytaxtında qoyulmuş ilk aşıq abidəsi olması da təsadüfi deyil. Çünki, bu gün Aşıq Ələsgər böyük ozan, şair, irfan sahibi olmaqla bərabər, həm də  Qərbi Azərbaycan ərazisindəki tarixi köklərimizin və  mədəniyyət arealımızın bir parçası,  tarixi  torpaqlarımız  uğrunda  mübarizə ruhumuzun rəmzlərindən biri kimi qəbul edilir. Biz inanırıq ki, bu ruh bizi gec-tez o torpaqlara – Vətənə qaytaracaq”.

Nailə QASIMOVA

Seçilən
12
medianews.az

1Mənbələr