AZ

Azərbaycan heykəltaraşları: Ermənilər əxlaqsızları "ilahi"ləşdirir, bizimkilər tarixi şəxsiyyətləri cılızlaşdırır 

Nə yaxşı ki, sosial şəbəkələr yaranıb, nə yxşı ki, buradan istifadə edərək özümüzün özümüzə vurduğumuz zərbələri müqayisə etmək imkanına malikik.

Son günlər sosial şəbəkələrdə ermənilərin səhifəsi çox aktivləşib. Xüsusən, özlərindən icad etdikləri “qədim erməni tarixi və şəxsiyyətləri” ilə bağlı məlumatlar paylaşılan səhifələr artıb. Əvvəllər bu toplumun paylaşımlarına gülüb keçirdim. Çünki bir jurnalist, tarixi kifayət qədər bilən biri kimi anlayırdım ki, hamısı yalandır.

Bir gün canımı dişimə tutub, bunların “qədim tarix”ləri və “qəhrəmanlar”ı ilə bağlı paylaşımını araşdırmağa başladım. İlk qarşıma çıxan Hayk adlı “qəhrəman” a 1970-ci ildə İrəvanda qoyulan heykəl oldu.

Tarixdə izi- tozu olmayan, yalnız ermənilərin xəyal məhsulundan ibarət olan Hayk o qədər “güclü və qüdrətli” olub ki, guya hansısa kralın ordusunu məhv edib və xalqını yadellilərdən xilas edib. Guya yer üzünə yayılan elə bu Haykın nəvələri olan haylardır.

Hətta dünyanı öz yalanlarına inandırmaq üçün bu nağılın müəllifi kimi mövcudluğu şübhəli olan erməni tarixçi Movses Xorenatsi adı altında dünyaya çatdırırlar.
Əgər soruşsanız ki, o vaxt (1965-80-ci illər) bizimkilər Bakıda hansı heykəlləri ucaldırdılar, sıra ilə deyək: 26 Bakı komissarının (1968), Nəriman Nərimanovun (1972), Stepan Şahumyanın (1975) Məşədi Əzizbəyovun (1976), Karl Marksın (1980) Prokofi Caparidzenin (1980) heykəlləri Bakını bəzəməyə başladı.

Halbuki, hələ b.e.ə.V əsrdə yaşamış qədim yunan tarixçi və coğrafiyaçı alimi Herodotun (b.e.ə.484-425) “Tarix” əsərində indiki Azərbaycan ərazisində Araks(Araz) çayının ətrafında yaşayan xalqları “Massagetlər” adlandırırdı.Herodot onları oxla, qılıncla, nizə ilə silahlanmış döyüşkən xalq kimi təsvir etmişdi.
Massagetlərin qadın sərkərdəsi Tomris Xatunun Əhəminilər hökmdarı II Kiri məğlub etməsi və onu öldürməsini öz “Tarix” kitabında geniş təsvir edib.
Təəssüflə qeyd edim ki, bu günə qədər bəşəriyyətdə ilk qüdrətli sərkərdə qadın kimi tarixə yazılan Tomrisin Bakıda bir heykəli olmadı, nə də onun haqqında bir məlumatlandırıcı film istehsal edilmədi. Elə ondan sonra döyüş tariximizə adını yazdıran Azərbaycanlı qadınların da Bakıda bir heykəlinə rast gəlmədik. Azərbaycan qadını deyiləndə  bu 3 məzlum qadınmı xatırlanmalıdır?

Yəqin ki, bilirsiniz:XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçıb. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında igidliklə vuruşub, böyük hünər göstərib.
Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb. Hanı, Azərbaycanın və Şərqin dövlətçilik tarixində ilk xanım diplomatı Sara Xatunun heykəli? 

Daha sonra, 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb. Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşüb. 

Bəs, hanı Böyük Vətən Müharibəsində şüçaətləri ilə SSRİ-ni mat qoyan  ilk qadın təyyarəçi, aviasiya mayoru Leyla Məmmədbəyovanın, müharibəyə döyüş təyyarəsi ilə qatılan ilk qadın pilotumuz Züleyxa Seyidməmmədovanın, ilk qadın snayperimiz Ziba Qəniyevanın və başqa igid xanımlarımızın heykəlləri?

Amma Ermənistanın paytaxtı İrəvanda SSRİ-nin Böyük Vətən Müharibəsində qazandığı qələbənin xatirəsinə 1967-ci ildə,   22 metr hündürlükdə  “Anam Ermənistan” memorial abidəsi ucaldılıb. Baxmayaraq ki, antik yazar Strabon ermənilərin mənəvi anası fahişəliyin ilk ilahəsi adlandırdığı Anahid olsa da bu heykəllə dünyadakı bir çox insanların beyninə "qüdrətli erməni qadını” imici ilə girməyi bacarıblar.

Doqquzuncu əsrdə ərəb Xilafətinə qarşı 20 il döyüşmüş Babək Xürrəmdin heykəlinə rast gəlməmişik. Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalasa da heykəldən düz 13 ildir ki, səs-soraq yoxdur.


Amma “Sasunlu David” adlı orta əsr erməni dastanı var, onun əsas personajı olan Davidə İrəvanın mərkəzində elə bir heykəl ucaldılıb ki, sanki doğrudan da ermənilərdə belə “qəhrəman” olub. Onu da deyim ki, nağılbaz ermənilər bu dastanı ilk dəfə 1873-cü ildə “üzə çıxarıb. Amma, guya ki, Sasunlu Davit hələ eramızdan əvvəl var imiş.

Gerçəkliklə heç bir əlaqəsi olmayan dastan da, ərəb işğalçılarını Ermənistandan “qovduğu” deyilən bu personaj “qəhrəmanı” da xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alındığı deyilir. Amma gəl, bu uydurma personajın 1959-cu ildə İrəvanın əsas meydanında qoyulan heykəlinə bax! 2012-ci ildə Azərbaycan xalq qəhrəmanı Koroğluya qoyulan heykəldən daha əzəmətli!

Bəs, Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuş , Bərdəni özünə paytaxt etmiş Cavanşirin hazırkı paytaxtda bir heykəli varmı? Təəssüf ki, yoxdur.

Paytaxtda bir heykəl var ki, hər dəfə onun həndəvərindən keçəndə utandığımdan başımı qaldırıb heykələ baxmıram. Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbay¬can torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət, böyük sərkərdə Şah İsmayıl Xətainin Bakıda 1993-cü ildə heykəli ucaldılıb.

Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yayan, qurduğu dövlət dilini türk dili elan edən vətənpərvər bir təəssübkeşin heykəl yeri də Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı ərazidədir.

Bakının görkəmli bir yerində yox, məhz 2 xəstəxananın arasında. Bunu keçdik. Bilmirəm, 14 yaşından hökmüdar olan 14 ildə atın üstündə, əlində qılınc döyüş meydanlarında qələbə çalan bir cahangirin heykəli niyə at üstündə deyil, kürsüdə ucaldılıb?Qılıncı da dizinin üstündə.Özü isə bitmiş- tükənmiş bir vəziyyətdə! Yəni, ömrünü bolşeviklərin güclənməsinə sərf etmiş Nəriman Nərimanov qədər dəyərli olmadımı bu böyük şəxsiyyət?

Muğamlarımızı “erməni milli musiqisi” kimi tanıdan bəstəkar Aram Xaçaturyanın İrəvanın mərkəzində, 1999-cu ildə qoyulmuş heykəli bizim Şah İsmayıl Xətaiyə qoyduğumuz heykəldən, turistlərin gözü ilə baxsaq, daha mükəmməldir və izzətə layiqdir.
Hələlik, oxucularımız üçün bu qədər araşdırma apara bildik. Çünki, araşdırmamız zamanı o qədər təzadlı məqamlara rast gəldik ki, bunun üçündən bu məqalənin davamı mütləq olmalıdır.


P.S. Bütün bunlara rəğmən, təsəllimiz var: Xalq qəhrəmanı Koroğlunun, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin və əfsanəvi sərkərdə Cavanşirin at üstündə heykəlləri Xaçmaz şəhərinin ən diqqətçəkən ərazilərində ucaldılıb. Kaş ki, belə abidələr paytaxtda da ucaldılaydı.

 Əntiqə Rəşid 

Seçilən
4
adalet.az

1Mənbələr