AZ

Siyasi-iqtisadi gücümüzün təqdimatı

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, Ümummilli Lider hər birimizə Vətəni sevməyi öyrətdi. Xalqın məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Tarix boyu taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər arasında Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. O, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Dahi Lider realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi olduğunu təsdiq etmişdir.

1993-cü il oktyabrın 3-də Prezident seçilən Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması ilə Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasını təmin etdi. Ümummilli Liderin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. O, hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atdı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu hər bir sahədə atdığı addımlarla nümayiş etdirərək bugünümüz və gələcəyimiz üçün möhkəm baza yaratdı. Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlər ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın əsl qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz etmək ondan da çətin və şərəflidir. Bu baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli Lider hələ 1969-1982-ci illərdə Azərbaycanı gələcəkdə müstəqil görərək biri-birindən mühüm addımlar atmış, zəngin iqtisadi potensial yaratmışdı. İndiki və gələcək nəsil dövlət müstəqilliyimizin daimiliyinin təmin edilməsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğunu dərk etməklə yanaşı, onun uğurlu siyasəti nəticəsində bugünkü qalib Azərbaycanın vətəndaşları olduqları üçün fəxr edirlər. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Onun səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Atəşkəsə nail olmaqla ölkəmizdə bütün sahələrdə tərəqqi özünü qabarıq şəkildə göstərdi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifidir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu. Bu gün həmin birlik, həmrəylik tarixi Zəfərimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən mühüm amillər sırasındadır.
Ümumilikdə, ölkəmizə hansı sahədən baxsaq, Ulu Öndər Heydər Əliyevin xidmətlərini görürük. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini belə xarakterizə edir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər həmin məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərməsidir. O, cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, sona çatdıra bilmədiyi işləri Onun həyata keçirə biləcəyinə əminliyini ifadə etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident İlham Əliyev Dahi Şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Azərbaycanı Ümummilli Liderin görmək istədiyi qalib, bütövləşən dövlətə çevirən cənab İlham Əliyevin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa yönələn siyasəti nəticəsində tarixi Zəfərə imza atdıq. Ötən ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa edildi. Bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdışı iqtisadi və siyasi gücümüzün təqdimatıdır.
İqtisadi inkişaf yeni hədəflərin reallığa çevrilməsində əsas şərtdir. Cənab İlham Əliyev bunu hər bir çıxışında xüsusi qeyd edir. Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirə bir daha ölkəmizin iqtisadi qüdrətinin və hədəflərimizin təqdimatı oldu. Cənab İlham Əliyev bildirdi ki, Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr əsas prioritetlərdir. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək: “Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.
Azərbaycan daim investisiya cəlbediciliyini qoruyur. Dövlətimizin başçısı bu uğurumuza da diqqəti yönəldərək bildirdi ki, xarici sərmayələrin cəlb olunması, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, dövlətin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə, Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni istehsal sahələri yaradılır. Bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün mühüm layihələr həyata keçirilir. Hər bir azad edilmiş torpaq hazırda quruculuq meydanına çevrilib. Bu sırada Cəbrayıl rayonunu da xüsusi qeyd edə bilərik. Yaxın günlərdə, oktyabrın 4-də Cəbrayıl Şəhəri Gününü qeyd edəcəyik. Hər bir əlamətdar gün qazanılan uğurların, keçilən yolun təqdimatında əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun ilk Qələbəsi məhz bu rayondan başladı. Belə ki, 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra bu torpaqlara ilk səfəri də məhz Füzuli və Cəbrayıl rayonlarına, eyni zamanda, şəhərlərinə oldu. O vaxtdan başlanan bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir və bu, özünün aydın ifadəsini sebtyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınmasında təsdiqlədi. Cəbrayıl sakinlərinə qucaq açaraq xoşbəxt günlərini yaşayır.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Seçilən
3
1
sesqazeti.az

2Mənbələr