AZ

Əli Kərimlini danışdıran “sülh göyərçinləri”

Əli Kərimli uşaq kimi sevinir.  Nə var, nə var “sərhədləri aşıb” və yazısı haradasa dərc olunub. 

Belə sevinc hisslərini Sovet illərində pionerlər, gənc komsomolçular yazıları “Azərbaycan pioneri”ndə, ya da “Azərbaycan gəncləri” qəzetində dərc olunanda keçirərdilər. İndi Əli Kərimli də eyni hissləri keçirir. Bu hisslərini də bütün sosial şəbəkələrdə paylaşır. 

Sosial şəbəkələrdəki çıxışlarından bir nəticə hasil olmadığını görüb “The Economist”-də yazı dərc etdirmək üçün bütün gücünü, havadarlarını işə salıb və elə həmin havadarlar da onun əvəzinə bunu ediblər. Hər zaman olduğu kimi də bu dəfə də Əli Kərimlidən Azərbaycan əleyhinə istifadə olunub. 

Əli Kərimlinin imzası olan yazının düşünən beyni də, yazan əli də AXCP sədri ilə bərabər başqalarının olduğu məlumdur. Əli Kərimli isə öz icraçı vəzifəsini canla-başla yerinə yetirib. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirindən öncə belə bir təxribatı ancaq Əli Kərimli həyata keçirə bilərdi. 

Sifarişçi dairələr də gözəl bilirlər ki, dövlət əleyhinə, ölkənin nüfuzunun və güclənməsinin, dünyada olduğu mövqenin əleyhinə ancaq Əli Kərimlidən istifadə etmək mümkündür. Müxalifətçilik edib dövlətin nüfuzunu, tədbirin əhəmiyyətini düşünənlər və dövlətçilik, milli birlik düşüncəsində olanlar belə bir yandaşlığa qol çəkməz və imza atmazlar. Əli Kərimli üçün isə nə tabu var, nə qadağa. Onun şəxsi maraqları, siyasi bacarığına adekvat olmayan eqosu dövlətin mənafeyindən də yüksəkdə dayanaır.

Əli Kərimli həmin imzasını atdığı məqalədə bildirir ki, hakimiyyət bu tədbirdən öz nüfuzunu yüksəltmək üçün istifadə edir. Bununla bağlı öz arqumentlərini sadalayır, neftdən, qazdan, boykot adı altında yayındığı, əvvəlcədən uduzacağını bildiyi parlament seçkisindən başlayıb özünə qarşı məhkəmə prosesinə qədər hər məsələdən yazır. 

Bütün yazı boyu da özünü əsl müxalifət lideri kimi təqdim etməkdən usanmır. Tanınmadığı, bilinmədiyi bir cəmiyyətdə kimisə öz yalanlarına inandırmaq bəlkə mümkün görünə bilər, amma Azərbaycanda Əli Kərimlinin “The Economist”-də yazdıqları köhnə bayatılardır. Onları zatən AXCP sədri az qala hər gün sosial şəbəkədəki statuslarında təkrarlayır. 

Məqalənin ən diqqətçəkən yeri “AXCP lideri kimi mən indi də absurd ittihamlarla həbs təhlükəsi ilə üz-üzəyəm”,-deyən Əli Kərimli bu vəziyyətə gəlib çıxmasına dair verdiyi açıqlamadır. 

Məqalənin bu hissəsində Əli Kərimlini Azərbaycana qarşı niyyətlərini gizlətməyən, hətta ilk fürsətdə bəyan edən qüvvələrin dediklərini təkrarlayır, ortaya məhz onlar kimi anti-Azərbaycan mövqe qoyur: 

“Azərbaycan 1990-cı illərdə Ermənistanın işğal etdiyi torpaqlarını azad etdikdən sonra xalqımız ümid edirdi ki, iki qonşu dövlət arasında sülh sazişi tezliklə imzalanacaq. 

Azərbaycanlılar ölkəmizdə demokratikləşmə prosesinin başlayacağını və Azərbaycanın (həmçinin bütövlükdə Cənubi Qafqazın) Avro-Atlantik məkana inteqrasiyasının sürətlənəcəyini gözləyirdi. Qərb də Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır. ABŞ dövlət katibi Antoni Blinken bu həftə hər iki ölkənin xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirərək danışıqları uğurla nəticələndirmək istəyir”.

Yazının davamında Əli Kərimli iddia edir ki, hər kəs sülh istəyir, hamı buna can atır, bircə Azərbaycandan başqa. O Azərbaycan ki, 30 illik işğala öz gücü ilə son qoyub, BMT qətnamələrini özü icra edib, ölkənin ərazi bütövlüyünü, suverenliyini təmin edib, erməni işğalı dövründə yerlə yeksan edilən şəhər və kəndlərin bərpasına, Böyük Qayıdışla məcburi köçkün həyatı yaşayan insanların öz dədə-baba torpaqlarına köçürülməsinə başlayıb.

Əli Kərimlini danışdıran “sülh göyərçinləri” isə 30 illik işğalı görməzdən gəlsələr də, öz prizmalarından yanaşmaqla Azərbaycanın öz torpaqları uğrunda mübarizəsini dərhal görüb “qiymətləndiriblər”. 

Ermənistanı silahlandırıb bəlkə də növbəti müharibəyə hazırlayan bu qüvvələr Əli Kərimlinin gözündə sülh istəyən tərəflər, özünümüdafiə üçün çalışan Azərbaycan isə sülhə qarşı çıxan tərəfdir. Əli Kərimlinin vətənpərvərlik dünyası burada bitir... 

Onun pafoslu vətən, demokratiya çağırışlarının mahiyyətini Azərbaycan cəmiyyəti yaxşı bilir. Ona görə də Azərbaycana qarşı səfərbər olanlarla eyni sırada dayanmaqla Əli Kərimlinin növbəti anti-Azərbaycan mövqeyi kimisə təəccübləndirmir. Bu dəfə də o, ölkəmizə qarşı olanlarla birgə fəaliyyət göstərməyə hazır olduğunun mesajını açıq-aydın verdi, kimlərəsə “əlcək atdı”. 

Kərimlinin əndişəsi, narahatlığı, tədirginliyi bəllidir. Azərbaycanın dünya miqyasılı tədbirə ev sahibliyi etməsi onu həm əndişələndirir, həm də özündən çıxarır. Bu tədbir təkcə hakimiyyətin maraqlı olduğu tədbir deyil, bu, həm də uzun illərdən sonra öz ərazi bütüvlüyünü bərpa etmiş Azərbaycanın yenidən dünyaya tanıtımıdır. 

COP29 sadəcə bir tədbir deyil, dünyanın gözü önündə Azərbaycanın son əldə etdiklərinin nümayişidir. Amma Əli Kərimli Azərbaycanın nüfuz və möveyinin daha da artmasından o qədər narahat olub ki, açıq-aşkar anti-Azərbaycan mövqeyini sərgiləməkdən, bu mövqedə olanlarla eyni sırada dayanmaqdan çəkinmir. Öz cılız məqsədlərinə çatmaq üçün tədbiri kölgə altına almağa cəhd etməklə, Fransanın, Niderlandın mövqeyini bölüşür. Aldığı təlimatı canla-başla yerinə yetirib havadarlarından “afərin” gözləyir. 

Bütün dünyanın diqqəti Azərbaycanda olduğu bir zamanda Ermənistanı sülh göyərçininə bənzətmək Əli Kərimliyə vəzifə kimi verilib. Bu sahədə onun xeyli təcrübəsi var. Əslində əvəllər də anti-Azərbaycan mövqelərini bölüşən, onların “gücünə güc qatdığını” zənn edib özü ilə bağlı boş xəyallara dalan, bu xəyalları az qala gerçəklik kimi təqdim etməyə çalışan Əli Kərimlini nə sülh müqaviləsi, nə iddia etdiyi demokratiya, nə insanların taleyi, nə ölkənin gələcəyi maraqlandırır.

Onu maraqlandıran ancaq imkanlarına bərabər olmayan iddialarıdır. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr