AZ

Karandaş yona bilmirik, qara daş yonana irad tuturuq

 

Feysbukun milli seqmentində heykəl rüzgarı əsir. Bu dəfə rəy yazanlar iki tirəyə bölünməyib, tam əksəriyyət böyük ustad, şair-aşıq Dədə Ələsgərə qoyulan heykəldən narazıdır.

Biz təkcə şair xalq deyilik, həm də sənətşünas xalqıq, belə şeyləri bilirik, 40 ilin heykəltəraşına heykəli necə yonmağı öyrədə biləcək qədər müqtədir camaatıq.

Biz hər dəfə sübut edirik ki, futbolu Qurban Qurbanov və Qurban Berdıyevdən zəif bilmirik; siyasətdə Ərdoğan və Putindən üstünük; yeri gələndə Ayaz Salayevdən ötə kinoşünas, Aydın Talıbovdan dərin teatrşünasıq. Musiqi, tarix, din və sair şeylər də eləcə.

Bax, budur, məşhur aşığımızın heykəli xoşumuza gəlmir. Kimsə deyə bilər ki, karandaş yonmağa mərifəti çatmayan adamlarsız, bu işə qarışmayın, bir neçə tonluq daşı yonmuş sənətkara irad tutmayın. Amma elə deyil. Biz bir şey bilməsək, demərik.

Muslim_magomayev.jpg

Keçən dəfə Müslüm Maqomayevin heykəlinə görə heykəltəraşı xeyli danladıq. O söhbət hələ də bitməyib. Koroğlunun heykəlində Qıratın ölçüləri bizi qane etməmişdi, hələ də deyirik ki, o boyda kişinin atı qatıra oxşayır. Rüstəm İbrahimbəyovun məzarüstü abidəsini bəyənməyənlər vardı. Lütfi Zadənin abidəsini səlis məntiqlə qeyri-münasib sayanlar da çoxdur.

Bəli, bizim yüksək əyarlı zövqümüz var. Avtomobillərdə kütləvi şəkildə musiqili meyxana və ya ritmik mərsiyələr oxutduğumuza baxmayın. Zövq məsələsi dartışılmaz. Son illərin heykəlləri zövqümüzü oxşamır.

Biz sovet heykəltəraşlığını bəyənirik. Əzəmət istəyirik. Məsələn, Kirovun Dağüstü parkdakı heykəli möhtəşəm və əzəmətliydi. Sadəcə, o heykəlin axırı pis gəldi, urjumlu partkomun əbədi xatirəsinin boğazına tros keçirib dartıb yıxdılar yerə, qol-bud elədilər, getdi.

kirov.jpg

                             Kirovun yüzlərlə heykəllərindən birinin demontaj edilməsi

Kirovun sələfi Nəriman Nərimanovu heykəli isə yerində durur. Çünki özümüzünküdür. O da möhtəşəm heykəldir. Hətta daha möhtəşəm ola bilərmiş, amma postamentini alçaq eləyiblər ki, Kirovun heykəlindən qəlbi olmasın. Gör, o dövrün ideoloqları nəyə fikir verirmişlər. Nərimanovun heykəli Kirovunkundan ikicə qarış hündür olsa, nə olacaqdı, sovet hökuməti dağılacaqdı? Yaxşı, Kirovun heykəli Nərimanovunkundan hündür oldu, SSRİ dağılmadı?

İndiki heykəllərin bu işi yaxşıdır ki, postamenti-zadı olmur. Eləcə, yerdən dikəldirlər. Görünür, ona görə indiki heykəllər camaatın gözünə bəsit görünür. Düşüncə belədir ki, heykələ altdan yuxarı baxmadınsa, demək, sənət əsəri zəif alınıb.

Ələsgər dədənin abidəsinə əsas irad ondan ibarətdir ki, nədən sənətkar sazı əlində müasir şou-biznes ünsürləri kimi tutub. Mübariz adlı bir neo-aşığın adını çəkirlər. Deyilənə görə o, sazı süysünündə çalır.

Ustadın pozası ilə bağlı irad haqsız iraddır. Yenə ağlımız sovet heykəllərinə gedir və nəzərə almırıq ki, bu sənətkar heykəlidir, partkom heykəli deyil. Ona qalsa, zamanında aşıq dastan danışanda, qoşma-gəraylı oxuyanda mütləq vəcdə gəlirmiş və bu kimi pozalar alırmış. Bunsuz aşıq sənəti yoxdur.

lutfi.jpg

                                        Lütfi Zadənin məzaürüstü abidəsi

Ağsaqqallın əbası-libası düz təsvir olunub. O dövrdə belə geyiblər. Aşıqların NKVD zabitinin mundirində gəzməsi ötən əsrin 30-cu illərində dəbə minib. O vaxt bu, həm atla gəzmək üçün rahat geyim imiş, həm də zəhmi-zabitəsi varmış. Dünənə qədər aşıqlarımız dərzidə özlərinə NKVD mundiri tikdirirdilər, yaxşı ki, gənc aşıqlar bu ənənəyə son qoydular və mülki paltar gəzirlər, sistemlə də işləri yoxdur – xəstələnəndə sistem qoşdurmaqdan başqa.

Yolumuz düşən ölkələrdə istər-istəməz heykəllərə, abidələrə fikir veririk, son onilliklərdə əcnəbilər monumental əsərlər yaratmırlar, əsasən kreativ, art səciyyəli əsərlər ərsəyə gətirirlər, dərin mənası var. Anlaşılan dildə desək, əcnəbilərin yaratdığı heykəllərin dizaynı “Tesla”nın dizaynı kimidir, “Moskviç”inki kimi deyil.

monyağ.jpg

Məsələn, Amerikada aktrisa Merilin Monronun bir heykəli var, külək donunu havaya qaldırdığı yerdə çəkilmiş məşhur fotosuna baxıb yaradıblar. Bəzən yağış adamları küçədə haqlayanda qaçıb doluşurla Merilin Monronun daş tumanının altına. (O cür heykəllərdən bir neçəsinin şəklini yazının sonunda görə bilərsiniz).

Bizim sənətkarlar da bu cür işləmək, dünya heykəltəraşlığının yeni trendləriylə ayaq uydurmaq istəyirlər, amma biz onların ayaqlarından yapışıb deyirik, yox, mütləq partkom heykəli yonun, hündür bir postamentə yerləşdirin, əzəmətli olsun, şəhərin çox yerindən görünsün.

Biz isə sənətkarlara, şairlərə, rejissorlara necə əsər yaratmağı öyrədirik. Deməsək, olmur. Gərək nəzarət edək.

Məsələn, mənim bir neçə sadiq oxucum var, həmişə mənə nəyi necə yazmağı öyrədirlər. Son vaxtlar onların etimadını doğrulduram, mesaj yazırlar ki, səndə alınır, bu istiqamətdə davam elə.

sevg-heyk.jpg

unikal.jpg

Seçilən
9
1
musavat.com

2Mənbələr