AZ

Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi

44 yaşlı qadın həyatını itirdi, 4 yaşlı uşaq valideynsiz qaldı…Masallı rayonundakı qətl və intihara cəhd hadisələrini araşdırarkən məlum olur ki, baş verənlərin kökü həm də sosial məsələlər, vətəndaş-dövlət münasibətlərinə gedib çıxır. Nəticədə 44 yaşlı qadın həyatını itirib, 4 yaşlı uşaq həm anasız, həm də atasız qalıb…Hadisə rayonun Təklə kəndində baş verib. 1976-cı il təvəllüdlü Yalçın Məmmədov həyat yoldaşı İlkanə Məmmədovanı bıçaqla qətlə yetirib. Ardınca özünə xəsarət yetirsə də, onun həyatını xilas ediblər.Yalçın və İlkanə Məmmədova cütlüyü 2008-ci ildə ailə qurub. Övlad sahibi olmaq üçün uzun müddət müalicə alıblar. 2020-ci ildə qızları doğulub.Yalçın Məmmədov 2000-ci ildən xəstəxanada “isterik nevroz nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, emosional-iradi pozuntular” diaqnozu ilə qeydiyyatdadır. Əvvəllər buna görə pensiya alırmış. Xəstəliyi ilə əlaqədar başqa işdə işləyib, evə əlavə qazanc gətirə bilmirmiş.Ailəyə onun pensiyasından əlavə, həm də anasının yaşa görə aldığı təqaüd gəlib. Ümumi gələn pulun hesabına ailə birtəhər dolanmağa çalışırmış.İlkanə Məmmədova özü də həyət-bacada, təsərrüfatda çalışmaqla, ailənin dolanışığına kömək göstərirmiş.Lakin 2021-ci ildə Yalçın Məmmədovun pensiyası kəsilib. 2022-ci ildə isə anası vəfat edib:“Mənim pensiyam kəsiləndən sonra anamın pensiyası ilə dolanırdıq. Anam öləndən sonra evimizə demək olar ki, pul gəlmədi. Qardaşım Elçin hər ay 100-150 manat göndərirdi. Bu da heç uşağın xərclərinə bəs eləmirdi. Son 6 ayda özümə qapanmışdım. İlkanə də düşdüyümüz vəziyyətə vəziyyətə görə məni günahlandırırdı. İyulun 29-da psixiatriya xəstəxanasına Emin həkimin yanına getdim. Resept yazdı…”.Yalçın Məmmədov bunları istintaqda danışıb. O bildirib ki, pulsuzluq üzündən evlərində gərginlik hökm sürürdü. Üstəlik, özü də müalicə oluna bilmirdi.Bu üzdən günlərin birində həyat yoldaşını qətlə yetirmək qərarına gəlib.Ekspertlər Yalçın Məmmədovun istər hadisəni törədəndə, istərdə də ekspertiza keçirilən dövrdə anlaqsız olduğu nəticəsinə gəliblər. Rəydə yazıblar ki, o, əvvəl də, hadisə vaxtı da “İsterik tip şəxsiyyət pozuntusu, psixotik (paranoyyal) daxilolmalar və emosional-iradi pozuntularla” formasında psixi pozuntudan əziyyət çəkib:“Yalçın Məmmədovda hal-hazırda da həmin patologiya müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmayıb”.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Yalçın Məmmədov əməli törətdiyi zaman anlaqsız vəziyyətdə  olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Ona məcburi müalicə təyin edilib. O, Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.

Seçilən
7
2
anaxeber.info

3Mənbələr