AZ

Pıçıltı

Zümrüd Yağmur

(Hekayə)

Bakı, 18 aprel... 
Sahil boyu  düzülmüş dirəklərdən zeytun ağaclarına axan işıq seli  onlara əsrarəngsiz bir görkəm vermişdi. Dəniz durğundu, gözlərini yumsan, elə bilərdin, sahildə yox, hansısa böyük, səs-küylü, üstü açıq bir restoranda oturmusan.  

Havadan yosun və neft iyi gəlirdi. "Yəqin, dünyada heç bir dənizin sahilində bu qoxu yoxdu” deyə düşünüb indiyə qədər gördüyüm dənizlərin iyini xatırlamağa çalışdım. 

İllər öncə burdan ayrıldığım gün də havada bu iy vardı. Amma sahil dəyişmiş, gözəlləşmişdi. Hərçənd bu bürkülü və tozlu şəhərdə indi əvvəlki qədər yaşıllıq yoxdu. Dəniz də əvvəlki yerində deyildi, xeyli geri çəkilmişdi. Hətta oturduğum yerdən azca aralıda kiçik bir ada da görünürdü.  Hardasa oxumuşdum ki, Xəzər getdikcə daha çox çəkiləcək və Bakı daha liman şəhəri olmayacaq. "Dənizlər də ölür, demək. Xəzər də can verir. Bəlkə də, milyon il sonra bir başqası burdan səhraya, ya da dağlara tamaşa edəcək”.

Çevrilib arxaya baxdım. Maşınların şütüyərək keçib getdiyi enli prospekt də, üstünə lampalar vurulmuş əzəmətli binalar da bərq vururdu. Buranın adamları da fərqliydilər. Mərkəzdən uzaqdakı dar və tozlu  küçələrin bir-birinə bitişik daxmaların ruhən çökmüş sakinlərindən fərqli olaraq onlar bu gündən razı, gələcəkdən əmin rahat addımlarla dolaşırdılar... 

Qalxdım, əllərimi cibimə qoyub mən də aram-aram yeriməyə başladım. Qarşıdan ləngər vura-vura gələn adamı görüb fikirləşdim ki, yəqin içkilidir, ya da  hansısa narkotik maddənin təsiri altındadır.  Onunla göz-gözə gəlməmək üçün başımı yana çevirdim, üzümü turşudub  addımlarımı yeyinlətdim.  Xeyri olmadı, yanıma çatıb dayandı: 
- Sərxoş deyiləm. 
"Yoxsa burda yeni qaydalar yaranıb?”  Yad adamın belə rahatlıqla mənimlə dialoq qurmağa çalışmasına hirsləndim. Çevrilib baxsam da, cavab vermədim.
-... Sərxoş deyiləm, narkotik də çəkmirəm. Narkoman deyiləm yəni.
Çiynimi çəkib yoluma davam etmək istədim.  
- Məni görəndə düşündüyünüz ilk şey bunlar olmadımı?
Əcəb  işə düşmüşdüm. İllər sonra döndüyüm, iyirmi saat sonra yenidən ayrılacağım bu şəhərdən heç bir təzə xatirə aparmaq niyyətim yoxdu. Gəldiyim kimi, bomboş da geri dönmək fikrindəydim.  
Dodaqlarımı sıxıb yalandan gülümsəməyə çalışdım. Əlimi cibimdən çıxarıb irəli uzatdım.
-Yox, pul da istəmirəm, - adam inadla qarşımdan çəkilmirdi.
"Lənət şeytana, işə düşmədim?” Ağlımdan keçən bu olsa da, zahiri sakitliyimi qoruya bildim. 
Qıyılmış gözlərinin ətrafında dərin  qırışlar yuva salmışdı, amma çox da yaşlı deyildi. Alnına tökülmüş gur saçları, biçimli dodaqları vardı. Gözlərindəki yorğunluğa rəğmən yaraşıqlı görünürdü. Ucaboy və arıq biriydi. Çənəsinin sağ tərəfində dərin, amma balaca  çapıq gözə dəyirdi. Əynindəki uzun plaş nimdaş olsa da, təmiz idi. 
- Dilənçi deyiləm, - sakit səslə dedi.
-...
-Bəs niyə  zəhlənizi tökürəm, eləmi?- üzünü turşudub ətrafa baxdı. 
Ağlımdan keçənləri dilimə gətirmədim. Düzünə qalsa, artıq bu adama qarşı məndə bir maraq yaranmışdı. Tanımadığı biriylə belə asanlıqla dialoqa girməsinin sonunda nə olacağını bilmək istəyirdim. Qorxu hiss etmirdim,  bu solğun bənizli adamın təhlükəli olacağını  düşünmürdüm. 
-Amma bir şey istəyəcəm.
"Hıhh, axırı kii” düşünüb əlimi cibimdən çıxardım.
-Siqaret çəkmirəm,- dedim.
-Mən də çəkmirəm.
"Lənət şeytana, bəs bu adam nə istəyir?” Hövsələm daralırdı. 
-Mənimlə söhbət edərsizmi? Yəni söhbət də deməyək buna, dinləmək deyək. Bir yerdə otura bilərik... Nə yeyəcəyiksə, pulunu mən ödəyəcəm. Nə istəsəniz, sifariş verə bilərsiz. Pulum var.
Onu dinləməyim qarşılığında mənə rüşvət kimi təklif edirdi.
-Belə rüşvət təklifini ilk dəfədir eşidirəm,- düşündüyümü bərkdən söylədim. 
-Niyə belə deyirsiz?-səsində inciklik yarandı, - mən elə düşünürəm. Amma istəsəniz, siz öz fikrinizdə qala bilərsiz. Qoy lap adı rüşvət olsun, onsuz da kəlmələrin mənası yoxdu. 
Səsi yorğun və azca xırıltılı olsa da, nüfuzedici idi. Diqqətlə üzünə baxdım.  Sanki onu daha yaxşı görə bilim deyə qamətini dikəldib mənə bir az da yaxınlaşdı. 
Ondan şam ağacının qoxusu gəlirdi və bayaqdan burnuma dolan yosun və neft iyindən sonra bu təravətli qoxunun mənə yaxşı təsir etdiyini hiss etdim. Dikəldiyi üçün indi daha uca boylu görünürdü. Üzündə qarışıq bir ifadə vardı – keçmişin qırışları, bu günün çarəsizliyi bir-birinə dolaşmışdı. 
-Başa düşürəm, fikirləşirsiz ki, gecə vaxtı bu sərsəm hardan peyda oldu? Amma, bəlkə, yaxşı oldu rastlaşmağımız? Məsələn, bu günü götürək – yadınızdan çıxmayacaq, illər sonra xatırlayanda sizi həyacanlandıracaq, ya da, nə bilim, düşündürcək bir şey olub bu gün həyatınızda? Nəsə bir xatirə-filan?
-...
-Bax görürsüz? Demək, təkçə mənə yox, sizə də lazımdır bu söhbət. Heç uzağa da getməyək, buralarda bir yerdə oturaq, hesabı mən ödəyəcəm.
Pul söhbətini təkrarlaması xoşuma gəlmədi, etiraz etmək istədim. Amma buna həvəsimin olmadığını hiss edib susdum. O indi mənə daha yaxın dayanmışdı. Yorğun gözlərinə baxıb  başımla "yaxşı” dedim.
***

Adını belə bilmədən dinləməyə razı olduğum bu adamla on dəqiqə sonra artıq üz-üzə oturmuşduq. Masanın üstünə qoyduğu əllərinə baxdım, dərisi hamar və parlaqdı.
-Yox, bomj deyiləm…,- gülümsədi. Əllərini qaldırıb havada yellədi. - Amma ola da bilərəm, hamımız ola bilərik. Yaşadığımız qutu evlərdən bezə bilərik. Ya da orda yaşayan yaxınlarımız bizdən bezib küçəyə ata bilər. – Üzündə yenə təbəssüm göründü. Gərgin olduğunu hiss etdim.  
Utandım, üzüm isindi – yəqin, qızarmışdım. Bu adamla bağlı iki-üç dəqiqədə ağlımdan keçən bütün təxminlərin hamısı beynimə pərcimlənmiş ən bəsit stereotiplərdi. "Bəlkə adam təkdi, kefsizdi, danışmağa ehtiyacı var?” Bu fikir ancaq indi ağlıma gəldi. Halbuki bu dəqiqələrdə mən olduğumdan daha humanist deyildim, sadəcə qarşımdakı adam əllərini az qala gözümə soxanda anladım ki, illər öncə tərk etdiyim şəhərin izləri hələ də içimdən silinməyib. Hətta bir az əvvəl gördüyüm insanlar kimi düşünürəm, onlardan heç bir fərqim yoxdur. Beynim qarşımdakını anlamağa yox, etiketləməyə meyilldir. Bu fikir eqomu zədələdi, öz gözümdə adiləşdim elə bil. Əlimi üzümə çəkib dərindən köks ötürdüm. 
-Ola bilər, doğru. Hər şey ola bilər, hamımız hər şey yaşaya bilərik.
-Yəni dediklərimi təsdiq edirsiz? 
-Edirəm. 
-Demək ki, söhbətimiz alınacaq.
-Mən söhbət edəcəyimizi düşünmürəm. Siz danışacaqsız, mən dinləyəcəm. Belə istədiz.
-Yaxşı, o zaman monoloqum darıxdığıcı olmayacaq. 
Bir az əvvəl hiss etdiyim duyğunu - adiləşmənin acısını ondan çıxarmaq istəyirmişcəsinə arxaya söykənib üzünə baxdım. Dodaqları sıxıldı, gözlərində ani qəzəb parladı. Hiss olunurdu ki, davranışım onu incidir. Yenə utandım. Tanımadığım biriylə eqo savaşına başlamışdım.  Belə bir durumun içinə düşdüyüm üçün özümə hirsləndim, amma sakitliyimi qorumağa qərar verdim.
- Özünüzü qınamayın, mən də eyni cür düşünərdim, - o, belə deyəndə hövsələm daralmağa başladı. Bu adam sanki müdrikliyini gözümə soxurmuş kimi davranırdı.
-Yəniii mənə də gecənin bu saatında biri yaxınlaşıb danışmaq istədiyini desə, israr etsə, sərsəri olduğunu düşünərdim. Ya da sizin bir az əvvəl etdiyiniz kimi, pul vermək istəyərəm. Yəni ilk ağlıma gələnlər bunlar olar. Hamımız beləyik. Bu bizim pis adam olduğumuza dəlalət etməz. Bəlkə də özünüqoruma instiktidir. Bilinməzlik hər zaman qorxulu olur çünki.  Amma sizə bir şey deyimmi? Əsas qorxulasılar yaxınımızdakılardır. Sorğulamadıqlarımız, sərsəri hesab etmədiklərimiz,  toz qondurmadıqlarımız. Onların içindəkiləri görmürük. Çünki etibar edirik. Siz öz bağınızda rahatsız, meşə isə həmişə qorxuldur. Amma o bağda ən sevdiyiniz ağacın dibində dincəlmək istəyəndə sizi ilan çala bilər. Güvənmək günah deyil. Güvənmək normaldır. Qorxuruq, çünki bir-birimizə çox pislik etmişiik. Siz və mən yox, ümumən. İnsan insana təhlükədir.  Həyat bizi belə kodlaşdırıb - bir-birimizdən qorxmağa… Beynimiz buna alışdırılıb, beyin də ki alışdıqları ilə  yaşamağı sevir. Xəyal kimi gözəl olan bilinməzlər gercəklərini bildiyimiz pisliklərdən daha çox qorxudur bizi. Niyə elə baxırsız, sərsərinin içindən filosof çıxdı? Yox, filosof deyiləm, psixoloq da. Bu sahələr haqqında təsəvvürüm yoxdur, bir az öz daxili dünyamla bağlı ixtisaslaşmış ola bilərəm.    
Əlində kiçik bloknot və qələm olan gənc ofisant bizə yaxınlaşdı.
-Viskiniz varmı, mənə viski gətirin. Siz nə istəyirsiz? - xəfifcə gülümsəyib soruşdu. Məni söhbətə razı saldığına görə  məmnun və özgüvənli görünürdü. 
-Şərab ola bilər, qırmızı…, - dedim və dərhal da bura gəlməyə razılıq verdiyim üçün özümü qınadım. Manipulyasiyaya  tabe olmuş zəif xarakterli biri olduğumu düşündüm, özgüvənim sarsıldı . 
-Məni dinləməyə razılaşdığınız üçün özünüzü günahlandırmayın, mən sizin inadınızı qırdığıma görə yox, sizinlə burda otura bildiyimə görə sevinirəm, - fikrimdən keçənləri oxuyurmuş kimi mənə təssəli verməsi daha da hövsələmi daraltdı.
Kafedə həzin musiqi səslənirdi, pəncərədən sahil işıqlarında bərq vuran dəniz görünürdü.  Elə bil üstünə bürüşük qara atlas sərilmişdi. Bizdən bir az aralıda iki gənc oturub kokteyl içirdi. Həm rahat, həm də hüznlü görünürdülər. 
"Bu şəhərdə kimsə hüzurlu deyil…” 

***

-Adım Dənizdi,- deyib pauza verdi, mənim də adımı söyləyəcəyimi gözlədi. Cavab ala bilməyəndə azca qabağa durub davam etdi.  
-Qorxmayın, mən falçı deyiləm, xüsusi xidmət orqanlarında da işləmirəm.
- Xüsusi xidmət orqanlarında işləsəniz də qorxmaram, falçı olsanız da, - azacıq kinayəli təbəssümlə mən də irəli durub ofisantın gətirdiyi şərabdan bir qurtum içdim. Dadı zərif və bir az da turşdu, tam mən istədiyim kimi. Şərabı bəyənməyim elə bil əhvalıma sirayət etdi və  qədəhi təkrar qaldıb bir udum daha alıb düz onun gözlərinin içinə baxdım.
O, viskinin dadına baxıb üzünü turşutdu.
-Sərtdi,- gülümsəməyə çalışdı, - amma alışmışam sərt şeylərə. Əslində, ən sərt şey həyatın özüdür, amma biz qəliz şeylərdən yayınmağa çalışdığımız halda ən ağır olanı - yaşamağı seçirik,  həyatımız sonlanmasın deyə ən ağır  şeylərə qatlanmalı oluruq. Bunu anlamaq bir az çətindir... Həmişə əsir düşərgələrində, ya da ikinci dünya savaşında mühacirlərin yaşadığı ağır  şərtlər barədə oxuyanda düşünürdüm ki, axı niyə insan belə yaşamadaqnsa ölməyi, məsələn, bax beləcə sakit, qaranlıq bir dənizin sularında əbədi sakitiyə çəkilməyi seçmir? Ən ağır şərtlərdə xəyallar qurur, bərk şaxtada bütün vücudu donduğu halda beyni müqavimət göstərir;  döyürlər, dırnaqlarını çıxarırlar, bədəninə isti dəmir basırlar, amma həyatda qalmaq üçün dözür. Niyə dözürük? Mən də dözmüşəm. Belə danışmağıma baxmayın,  hamı kimi dözməyi seçmişəm.   Sizdə belə olub heç?
Başımla təsdiqləyib dərindən köks ötürdüm. 
-Doğrudur, müharibədə əsir düşməmişəm, amma əsirliyin nisbi vəziyyət olduğunu da deyə bilərik, çünki  hamımız bir şəkildə o vəziyyətə düşə bilirik. Biri faşistə əsir düşdüyü kimi, biz də ən yaxın adamlarımıza, nasistlərə əsir düşürük,  evimiz  əsir düşərgəsinə çevrilir. Ola bilməzmi? Məncə, olur. Hər kəsin həyatında bir əsir düşərgəsi, ya da bir nasisit olur. Bəlkə də əsirlikdən xilas olanların sağlığına içmək olar, - Dəniz istehzayla gülüb viski stəkanını qaldırdı.
Qarşımızda oturmuş iki gənc qadından biri ilə nəzələrimiz qarşılaşdı. Qadının biçimli ayaqları masanıın altından görünürdü. Diqqətimi cəlb etdiyinin fərqində idi.  Bu onun izzəti-nəfsini oxşayırdımı,  ya yox, həmin anda tam kəsdirə bilmədim.  Amma qadın nəzərlərini qaçırıb diqqətini qarşısında oturan rəfiqəsinə yönəltməklə mənə öz yerimi göstərdi. Nəzərlərimi qaçırdım. 
-Adımı anam qoyub. Atamla belə razılaşıblarmış. Deyib ki, oğlum da olsa, qızım da, adını Dəniz qoyacam. Anam sentimental qadın idi. Sizə bir söz deyəcəm, amma gülməyin. Məncə, anamdan dəniz qoxusu gəlirdi. Yox. Mən sərsəmləmirəm, yosun, neft qoxusu deyil, dəniz qoxusu. Uşaq olanda məni dənizə aparırdı. Mərdakana. Orda sahil təmizdir, dənizin öz qoxusunu hiss edə bilirsən. Su pəriləri haqqında oxuyandan sonra uzun müddət özümü inandırmışdım ki, anam da su pərisidir. Uşaq nağılarının məndə yaratdığı təsir keçib getdi sonra, ancaq anamın dəniz qoxusu keçib getmədi. Siz dəniz qoxusunu hiss etmisizmi,  nə demək istədiyimi anlaya bilirsizmi?
-Hiss etmişəm,- ən son Niderlandda, Haqqa şəhərində Şimal dənizinin sahilində hiss etdiyim qoxunu təkrar xatırlayıb gülümsündüm.  Şimal dənizinin sahilində gəzişən adamları xatırladım. Onların üzü parlaq və hüzurlu idi. 
- Heç  sizi sevdiyini söyləyən birinə, ən yaxın adamınıza nifrət etmisiz? Mənə şəxsi həyatınızdan nəyisə danışmağınızı istəmirəm, sadəcə mövzuya girməliyəm. Sizi gecənin bu vaxtı dartıb bura gətirmişəmsə , "danışmaq istəyirəm” demişəmsə,  mövzuya girməliyəm, elə deyil? 
-Elədi.
- Mən atama nifrət edirdim. Balaca olanda belə bunu hiss edirdim və ağlayırdım. Sizdə belə olubmu, səbəbini bilmədiyiniz halda birinə nifrət etmisizmi, hətta qəzəbinizdən ağlamısızmı? Olub?- üzümə baxıb cavab gözləyirdi.
Heç nə anlamırdım. Hətta  qalxıb getmək istədim. Adamın gözlərinə baxdım, sıx kirpiklərlə əhatələnmiş gözləri iri və nüfuzedici idi. İlk anda mənə səfil təsiri bağışlasa da, indi içimdə ona qarşı hətta rəğbət hissi yaranırdı. 
-Olub, əlbəttə olub. Tanış hissdir,- dedim.
O gülümsünüb sanki həmfikir tapdığına sevinirmiş kimi rahatladı. Azca qabağa əylib  düz gözlərimin içinə baxdı.
-Mən hələ balacaykən nankor övladıydım,- bunu deyib dərindən nəfəs alıb güldü. Bir az əvvəl düşündüyümü indi o mənim gözümün içinə demişdi.
- Nankor övladıydım. Bilirsizmi, bu məsələdə valideyinə etiraz edə bilməzsən. Çünki səni böyüdüb.  Bircə anam elə hesab eləmirdi, bircə anam məni dinləyirdi. Məktəbə getmirdim. Nifrət etdiyim atam mənə albom və karandaşlar almışdı. Bilirsiz, bütün uşaqlar  valideyinlərinin şəklini çəkir, dünyanın onlardan ibarət olduğunu düşünür. Amma sizə bir şey deyimmi? Əslində, elə böyüyəndə dünya valideyinlərdən ibarət olur, sadəcə, bizimkiləşdirdiyimiz obrazları ilə. Onların xatirələri beynimizin bir parçasına çevrilir və o hissəni özümüz zənn edirik. Məsələn, mən nifrət etdiyim atamın, sevdiyim anamın parçalarından ibarətəm. Sonralar atama olan nifrətimin səbəbini anladım. Onun kimi olmaqdan qorxurdum. Düşünürsüz ki, balaca bir uşaq atasının necə olduğunu hardan, necə anlayıb o yaşda? Bilmirəm. Əvvəllər o balaca uşağın nifrətinin səbəbi atasının çirkin olması idi. Anam kimi gözəl bir qadının yanında belə bir çirkin adamın olmasını istəmirdim. Bir gün yenə eyni şəkillləri çəkib güzgünün qabağına keçdim və güzgüdə onlara baxıb qəfildən  ağladım. Sonra da atamın şəklini qaralamağa başladım. 
Susdu. Mən nəsə deməli idim, amma sadəcə başımı tərpədib yenə yorğun gözlərinə baxdım. Gülümsədi.
-Mən anama oxşayıram… O, həmin gün otağıma gəlib cırdığım səhifələri toplayanda niyə belə elədiyimi soruşmuşdu. Mən yenə ağlamağa başlamışdım. 
- Atam evdən getsin, onu  istəmirəm.
-Atan səni çox istəyir. Niyə bu  qədər eybəcər çəkmisən onu? 
Əslində, çəkdiyim bütün şəkillər bərbad idi, balaca uşaq nə qədər qəşəng çəkə bilər ki? Amma atamın şəkillərini qara rənglənmişdim, nağıl kitablarımdakı divlərə oxşayırdı. 
- Çirkindi,  ona görə də çirkin çəkmişəm,- deyib burnumu çəkəndə anam diqqətlə üzümə baxmışdı.
- Sən atanı sevmirsən?
-Yox…
-Niyə?
-Çirkindi.
Həmin gün anam atamın yaxşı, qayğıkeş adam olduğunu; mən küçədə yorulanda məni boynuna mindirdiyini deyəndə altdan yuxarı ona baxırdım. Gözləri, sıx kiprikləri elə gözəldi ki, o an yenə atam kimi çirkin olmaqdan qorxmağa başladım. 
Gecələr bəzən yata bilməyəndə atamın mənim otağıma qədər gəlib çatan nəfəsindən belə iyrənirdim. Balacaydım deyə anam həm mənim, həm onların yataq otağının qapısını açıq qoyurdu axı… Hər gecə mənə baş çəkməyə gəlir, yorğanımı düzəldirdi. Bəzən ondan atamın qoxusunu hiss edirdim, buna görə həmin anda anamdan da zəhləm gedirdi. Bilirəm, siz düşünürsüz ki,  oğlan uşaqlarının hamısı anasını atasına qısqanır. Elə deyil. Əminəm, indi tam əminəm ki, bu, ananı ataya qısqanmaq kimi bəsit bir hiss deyildi. Mən atamı sevmirdim.  İstəmirdim anamın yanında olsun. Anam heç soğan xoşlamazdı, atamsa tez-tez yeyərdi. Mən onun ağzından gələn soğan qoxusundan iyrəndiyim vaxtlarda da bilirdim ki, əsas səbəb o iy  deyil.
-Siz ananıza oxşamısız amma,- mən bu bir az yersiz müdaxiləylə onu sakitləşdirə biləcəyimi düşünüb ağlımdan keçəni ucadan söylədim.
-Məktəb yaşım çatanda bir az sakitləşdim. Hər səhər məni məktəbə atam aparırdı. Anamın təkidilə qəsəbəmizdəki yox, bizə nisbətən yaxın olan şəhər məktəbinə getməli oldum. Özümlə başqa uşaqlar arasındakı fərqi elə ilk  sinifdən hiss etməyə başladım. Məsələ  geyimim və ya yaxşı oxumağım deyildi. Düzdü, hələ birinci sinifdə məni sinif yoldaşlarımdan fərqləndirən şeylər oldu, onlar hərfləri öyrənəndə mən artıq sərbəst yazıb-oxuyurdum. Anam öyrətmişdi. Bilirsiz də, uşaqlar yaza bilməyəndə bəzi analar onları döyür. Hətta əllərini dişləyənlər də olurmuş. Məsələn, mən çox sonralar bildim ki, parta yoldaşımın əlinin üstündəki qançırların səbəbi nə imiş. Sinif yoldaşlarım tapşırıqları yerinə yetirə bilmədikləri üçün müəllim  xətkeşlə əllərindən vurub onları ağladanda mən özümlə qürur duyurdum, ürəyimdə anama  minnətdar olurdum. Elə məktəb forması məsələsində də. Onda formanı mütləq məktəbdən almaq lazımıydı. Anam bu qaydaya tabe olmadı. Çünki o formalar çox keyfiyyətsizdi, pencəklərin bir qolu o birindən uzun, ya da şalvarının bir balağı enli, o biri dar olurdu. Mənim formam əlaydı, anam eyni parçanın daha keyfiyyətlisini alıb qonşumuza - dərzi Suğra xalaya tikdirmişdi. Mən öz formamla da qürur duyurdum. Atam anamın belə şeylərə müdaxilə etməsini mənasız hesab edirdi. Bu söhbətləri mənim yanımda etmirdilər, amma eşidirdim və bütün bunlar mənim anamla bağlı düşüncələrimi daha da möhkəmləndirirdi. Hərçənd, atama o dönəm daha az nifrət edirdim.

Müəlliməmizin adı Nailəydi, anama xüsusi hörməti vardı, hər dəfə ona nəsə bir xəbər göndərəndə digər uşaqlara dediyi kimi, "anana deyərsən” demirdi. "Nigar xanıma de, mənimlə əlaqə saxlasın” deyib gülümsəyirdi.  

On iki yaşıma çatanda məktəb mənim üçün əməlli-başlı darıxdırıcı bir yerə çevrilmişdi. Tək xoşladığım şey məktəbdən gələndən sonra öz otağıma çəkilib massonlarla bağlı məqalələr oxumaq idi. Sonra daha maraqlı mövzu diqqətimi cəlb etməyə başladı. Homoseksullarla bağlı yazılar oxumağa başladım.
Bazar günləri anamın qızartdığı yumurtalı çörəklərin iyi otağıma qədər gəlib çıxırdı. Həmin gün də bazar günü idi və anam yenə yumurtalı çörək qızardırdı. Oyanan kimi mətbəxə qaçdım. Anam məni görcək gülümsəyib mənə tərəf əyildi, ona tərəf uzatdığım yanağıma toxunub  başının hərəkəti ilə "otur” dedi. Bir azdan atam da gəlib çıxdı. Əynində üst geyimi yox idi. Anam bunu görəndə üzü tutuldu.  O, atamın süfrə arxasında mayka-tumanla oturmasını xoşlamırdı. 
Hər səhər tezdən qalxıb məni məktəbə apardığına görə atama münasibətim yumşalmışdı, amma o gün arıq, çılpaq qollarını, qabağa çıxmış yumru qarnını görəndə ona əvvəlki kimi nifrət etdiyimi anladım.

Mənimlə atam arasındakı bağı zəiflədən, bilirsiz, nə idi?  Onun içindəki qaranlığı hiss edirdim. Elə bil güzgüyə baxırsız, orda üzünüzü deyil, tam fərqli birini görürsünüz. Üzünüzü yox, onun arxasındakını; qaranlıq, gizlənmiş, hətta bəzən özünüzə belə tam bəlli olmayan mahiyyətinizi. Mənimki də elə idi, mən atamın üzünün arxasındakı simasını görə bilirdim, ya da hiss edirdim. Onun içində qaranlıq vardı. Əslində, hamımızın içində kimsənin, hətta özümüzün belə tanımadığı başqa biri var.  Insan olmaq budu - işıq, zülmət… Böyüyəndən sonra başa düşdüm ki, beynimiz çox möhtəşəm orqandı və bizimlə istədiyi kimi oyun oynaya bilir. İnsanlar hər nə qədər bu oyunların məhsulu olsalar da, bir vaxtdan sonra öz qərarları ilə yaşayırlar, kimlərsə işığı basdırıb qaranlığı seçirlər. Zahirən bu hiss olunmaz, çünki üzlərinə "yaxşı adam” maskası taxarlar. Atam da belə idi, "yaxşı adam” maskasını davamlı təmir edirdi. Yəqin görmüsüz, əclaf biri başqalarının gözünə soxmaq üçün yaxşı işlər görür. Atamı da nədəsə günahlandıran kimi etdiyi yaxşılığı misal çəkib dünyanın ən  yaxşı adamı olduğunu sübut etmək üçün dayanmadan deyinirdi. Bəlkə, o da içindəki adamdan qorxurdu, bilmirəm. Amma etdiyi yaxşılıqlar belə o qaranlıq adama bəyaz libas geyindirmək üçün idi. 
Həmin il qış soyuq keçirdi. Bir səhər çörək almağa gedən atam evə sarı rəngli bir  küçüklə qayıtdı. Küçədə görüb gətirmişdi. Adını Blum qoydum. Blum üçün ayrılmış qutunu qapının ağzında qoyduq. Gecələr zingildəyib bizi yatmağa qoymasa da, hamımız ona alışmağa başlamışdıq. Bir gün yenə möhkəm qar yağdı. Blum həmin gecə daha çox zingildəməyə başlayanda atamın yaxşı adam olmağa səbri çatmadı. Gecə yarı Blumu  çölə çıxardı. 
- Soyuğa atacaqdınsa, elə əvvəldən gətirməzdin də,- anamın narazılıq etdi. 
-Onu evə gətirən, xilas edən mənəm. Küçədə qalsaydı, indiyə qədər çoxdan ölmüşdü. İndi sən yaxşı adam oldun, mən pis? - atam acıqla dilləndi. 
- Dediyimdən bu nəticəni çıxardın, Rəsul? Yaxşı və ya pis adam olmaqla nə əlaqəsi var bunun?
Mən o səhər anladım ki, birbaşa əlaqəsi var. Atamın  yaxşı adam olmaq iddiası  boşa çıxanda onun necə qəzəbləndiyini, özünə nəzarəti itirdiyini sonralar daha çox, ən amansız formalarda gördüm.  
Bilirsiz bu, necə olur? İnsan özünə olduğundan fərqli bir kimlik düzəldir. O qədər yalan danışar ki, gerçək kimliyini unudar, inanmağa başlayar o uydurduğuna… Dediyim kimi, beyin möhtəşəm orqandı. 
O, birdən dayandı. Nəsə yemək istəyib-istəmədiyimi soruşdu. 
-Olar,- acdığımı indi hiss etdim. Meksika salatı sifariş etdim. Dəniz öz istədiyini deyib yenə viski istədi. Mən bu dəfə ağ şərabla davam edəcəyimi dedim. Ofisant yeməkləri gətirəndə  Dəniz kafenin nə vaxt bağlanacağını  soruşdu. Oğlan gülümsəyib səhərə qədər işlədiklərini dedi.
-  Sadəcə bir şərt var, səhərə qədər oturacaqsızsa, hərdən sifarişləri yeniləməlisiniz. 
-Acmasaq necə olacaq? -Dəniz kinayə ilə soruşdu.
-Mənlik deyil, müdriyyət belə təlimat verib. Masa boşuna tutulmasın deyə.
-Boş masa çoxdu, amma nəysə. Biz bir azdan yenə nəsə sifariş verərik, elə deyil?- o  üzümə baxdı. Xatırladım ki,  hələ də ona adımı belə deməmişəm.
- Orxan, adım Orxandı.

***

Blum bir həftə sonra öldü. Qar hələ də yağırdı. Dərsdən evə dönəndə Blumu həyətdə görmədim. Son vaxtlar yupyumru olmuşdu, anam ona yaxşı baxırdı. Atamın marağı itsə də, ən kiçik konfliktdə anamın gözünə soxurdu. 
Anamdan Blumun harda olduğunu soruşdum. Üzümə baxıb duruxdu, sonra "Yəqin, darıxdı həyətdə. Çıxıb gedib!” dedi.
Atama   asta səslə nələrsə dediyini duysam da, söhbətin nədən getdiyini anlamadım. Atam səsini ucaltdı.
-Mən yazığı xilas etdim, sən öldürdün. Bir itə də baxa bilmədin, - deyib gileyləndi və mən   Blumun öldüyünü anladım. Sonralar öyrəndim ki, Blum həyətin aşağısında atamın qazdığı, anamın dəfələrlə "qapat” dediyi, ərimiş qar suyuyla dolmuş quyuya düşüb boğulub… 
Anam kədərli və solgundu. Özünü günahkar sayırdı,  atamsa susmaq bilmirdu. Davamlı şəkildə  anamı günahlandırıb  sonra da bütün bunları deyən o deyilmiş kimi  onu sakitləşdirirdi.  Atamı dinlədikcə ona daha çox nifrət edirdim. Anamı əvvəl danlayıb sonra xilaskar rolunu oynaması, özünü günahkar hiss etdirib daha sonra təsəlli verməsi məni nə qədər qəzəbləndirirdisə,  anamın bunlara susmasını izləmək də o qədər əsəbimə toxunurdu. Baş verənlərə şahid olduqca, anamdan da iyrənməyə başlamışdım. Amma bu uzun sürmədi. Mən başa düşəndə ki, anam atamın nə etmək istədiyini anlayır, xeyli yüngülləşdim. Çünki mən atama bənzəməkdən necə qorxurdumsa,  indi də anam kimi axmaq və ağılsız olacağımdan qorxub anama nifrət edəcəkdim. 
-Rəsul, mən Dəniz hiss etməsin deyə susuram, sənin özünü yığışdıracağın günü gözləyirəm. Məni ağılsız, günahkar olduğuma inandırmağa çalışırsan. Özünü inandırmısan ki, niyyətini  anlamıram, - bu sözləri eşidən gün  sevincimdən  ürəyim yerindən oynadı, yatağımda yorğanımın küncünü dişlərimin arasında sıxıb yellənməyə başladım. 
-Bəs sən niyə davamlı sübut etməyə çalışırsan ki, mən pis adamam?
-Mən belə bir şeyi sübut etməyə çalışmıram, bu mövzunu dayanmadan ortaya atan sənsən. İti evə gətirməyini sənin yaxşı adam olmağına, onun suya düşüb ölməyini mənim pis adam olmağıma bağlayan da sənsən. Bunların ikisi də həyat hadisəsidir. Hə, o quyu orda olmasaydı, vaxtında doldurulsaydı, ölməyəcəkdi, amma...
-Aha, yenə günahkar mən oldum?-atamın hiddətli səsi eşidildi.
-Yox, Rəsul. Demək istəyirdim ki, o quyunu Blum düşüb orda boğulsun deyə qazmamışdın. Kaş ki, vaxtında dolduraydın deyirəm.
 Cümə günü idi.  Yenə də avtobusla məktəbdən evə dönürdük.  Atam məni dizlərinə yaxın tutub çantamı da özü götürmüşdü. Avtobus boş idi. Altdan yuxarı atama baxdım. Anamın gözlərindən fərqli olaraq atamın kiçik, bir az da hiyləgər gözləri vardı, qırmızı damarlar gözünün ağını az qala tam örtmüşdü. Dodaqları  bir- birinə sıxılmışdı, sağ tərəfdən alt dodağı azca aşağı dartılmışdı. O an mənə elə gəldi ki, kiməsə tələ qurub pislik etməyin yollarını fikirləşir.  
-Nə baxırsan, - atam üzünü çevirib soruşdu. 
Mızıldanıb başımı aşağı saldım. Evə gedən kimi güzgüdə diqqətlə özümə baxacaqdım, mənim gözlərim  onunkulara bənzəyirmi deyə. Atamın telefonu zəng çaldı. Dostu idi, adını deyəndə tanıdım. Amma atam nədənsə mənimlə olduğunu, evə getdiyimizi demədi.
- Gənclik tərəfdəyəm,-dedi.
Mən karıxıb atamın üzünə baxdım. Biz yaşadığımız qəsəbənin içində, atamın Gənclik dediyi yerdən xeyli uzaqda idik. 
-Yox ey, nə danışırsan, elə şey olar? Gənclikdəyəm, mənim elə adamlarla nə işim ola bilər, məni bilirsən, - deyib rahatca Allaha and içdi. Anam bəzən nəyəsə şübhə ilə yanaşanda "kafirsən” deyib onu günahlandıran atam indi yalandan and içib dostunu aldatmışdı. Evə gəlib anama olanları danışdım. Mənimlə yanaşı oturub əlindıki dəsmalın güllərini sığallamağa başladı. 
-Bax, Dəniz, atanın niyə elə dediyini bilmirik. Amma sən yalan danışma. Səni udar, bataqlıq kimi…
-Amma atam dediyi yalanlara özü də inanır. Bu haqda oxumuşam. Atam xəstədir, sağlam insanlar belə olmur. Deyim, atamın diaqnozu nədir?
-Nədir, narsist? Son vaxtlar kimi dindirirsən, deyir filankəs narsistdir,- anam gülümsəyib  saçlarımdan öpdü.
- Sən psixoloq deyilsən,- anam diqqətlə üzümə baxdı.-Mən sənin yalançı olmağını istəmirəm. İnan mənə, yalan danışmadan da yaşamaq olur, mən yaşayıram, məsələn.
- Yalan danışmırsan, amma yalana inanırsan. 
Anam xeyli susdu, sonra diqqətlə üzümə baxıb.
-Yalan danışanın qarşısında susmaq  inanmaq deyil, yalan danışanı aldatmaqdı. Fərqi başa düşürsən?
Mən başımı bulayıb "yox” dedim.
-Çünki səni aldatdığını düşünüb özü aldanır.  
Anamın üzü yorğun və qüssəli idi.

***

Artıq məktəbə avtobusla getmirdim. Atam maşın almışdı və bu mənim həyatımı xeyli yüngülləşdirmişdi.  9-ci sinifdə oxuyurdum. Gələcəklə bağlı aydın planlarım vardı. Gülməkdə haqlısız, bu yaşda gələcəklə bağlı nə plan ola bilər? Amma ən böyük planım hazırdı. Evdən getmək.  Hər şeyi, hər kəsi, atamın davamlı yaxşı adam maskasının altındakı adamı ifşa etmək ehtirasının içimdə yaratdığı xəstə hikkədən sağala bilmək, anamın üzüntüdən çökmüş gözlərini görməmək üçün getmək - planım bu idi.  Mənə pis övlad da deyəcəklərdi, zalım adam da, amma bunların heç biri vecimə deyildi. 
İnformasiyalara ac idim, hər şeyi öyrənmək istəyirdim, nəyisə anamdan soruşanda bildiyini deyib bilmədiyini də "Araşdır, mənə də deyərsən” deyib məni daha da həvəsləndirirdi. Bir gün də anamdan homoseksullar haqqında soruşdum.
- Bizdə onlara lənətə gəlmiş insan deyirlər, amma mən sovet tərbiyəsi görmüş adamam,- gülümsədi. Öyrənəcəklərimi onunla da paylaşmamı istədi. Anamın bu keyfiyyətini çox sevirdim. Atam belə deyildi, elə bilirdi ki, ən düzü onun bildiyidir, ən kiçik məsələdə də güzəştə getmirdi, mübahisə edirdi. O gün də atam anamla söhbətimizi eşidib yenə mübahisəyə başladı. Məni cəhənnəmdə yanmaqla qorxudub anamın məni pozduğunu deyəndə anam həmişəki kimi məni qorudu. 
- Cəhənnəmdə yanmaq nə deməkdi, sən nə dediyinin fərqindəsən?
-Belə deyə-deyə pozacaqsan bunu, axırda avara və kafir biri olub çıxacaq başımıza...
Atam bıçağı  boşqaba elə çırpdı ki, mən qorxumdan dırnaqlarımı budlarıma sıxdım.
-Bilirsən sən nəsən? İblissən, qəsdən saldın hə bu söhbəti. Razı qaldın etdiyindən? Səni elə tanıyıram..., - atam gözlərini qıyıb üzümə baxanda elə bil doğrudan da dünyanın ən murdar adamı, hətta İblis də olduğuma inandım. 
Bəzən məktəbdən qayıdanda atam çox ehtiyatla məni anama qarşı doldurmağa çalışırdı. Hər dəfə də eyni sözləri təkrar edirdi. "Səni bilirəm, mənim oğlumsan, mənə oxşayırsan” deyib parıldayan gözləri ilə maşının güzgüsündən mənə baxanda qorxurdum.
O səhər də mənə "İblis”  deyəndə  əməllicə qorxmuşdum və o gündən sonra heç vaxt  atamın bir gün dəyişib yaxşı adam ola biləcəyinə özümü inandırmağa çalışmadım.  Bilirsiz nə baş verdi? 
-Nə?- danışdıqları getdikcə daha çox diqqətimi çəkirdi.
-Mən susmağı öyrəndim. Təsəvvür edin,  əməllicə məşq edirdim bunun üçün. Evdə dava düşən kimi mən otağımın qapısını örtmədən çarpayımda oturub, qulaqlıqları taxıb musiqi dinləyə-dinləyə atamın anamı döyməsini, hədəqədən çıxan gözləri səssiz bir film kimi izləyirdim. O zaman yapon müğənnilərini dinləyirdim. Sakurainin quru, sərt səsi qulağımdan keçib qanıma yayılırdı və baxdığım səssiz "film”lə dinlədiyim musiqi arasında bağlantı qurub başqa bir ssenari yazırdım elə bil.  Amma az sonra bu anamla da aramda qalın bir divar hörməyə başladı. 
Evdə getdikcə daha çox dava-dalaş olmağa başlamışdı. Bəzən anam yataq otağında yox, salonda  yatırdı. Onların arasında səbəbini hələ tam bilmədiyim nələrsə baş verirdi. 
Yeni dərs ili başlamışdı. Atam məni məktəbdən götürməli idi. Binadan çıxanda gördüm ki, atam maşının yanında dayanıb məni gözləyir. Amma ona sarı getmədim. Bilirsiz niyə? Çünki atamın gözlərindəki yırtıcı parıltını   gormuşdüm. Maşına söykənib  yuxarı sinif şagirdləri olan qızlara elə iştahla baxırdı ki, ürəyim bulandı. Yox, düşünməyin ki, bu, atama nifrətimdən, ona bənzəmək qorxusundan yaranan xəyali şeylərdi. Mən nə gördüyümü bilirdim. On birinci sinifdə oxuyan oğlanların  gözlərindəkinin eynisi idi bu parıltı. 
Çantamı çiynimdən aşırıb sürətlə qaçdım, atama çatıb onun qarşısında dayandım. Məni görən kimi maşına əyləşdi.
Arxadan güzgüdə onun baxışlarını yaxalamağa çalışdım.
-O qızlar mənimlə yaşıddırlar, -dedim.
-Boş -boş danışma, anan kimi başlama sən də,- atam qəzəblə dilləndi. Sağ dodağının yenə aşağı dartıldığını, üzündə o vaxt mənə anlaşılmaz olan bir məmnuniyyət sezdim. 
Sonra atamın anama xəyanət etdiyini öyrəndim.
-Sinifdə nəsə olduğunu dediniz bir az əvvəl, o nə idi? - Mən banal bir xəyanət hekayəsi dinləməyə həvəsim olmadiğini hiss etdirmək istədim. Dəniz viskidən bir qurtum da içib mənə baxdı.
-Bəlkə bir kofe içək?
Razılıqla başımı yellədim. Açığı nəyəsə etiraz etməyə həvəsim də yox idi. Şərabın son udumunu alıb qədəhi masaya yaxınlaşan ofisanta tərəf itələdim.
-Hə, sinifdə... O il sinfimizə Musa adlı bir oğlan gəldi. Arıq, ucaboy, həmişə eyni paltarlar geyinən, hava isti olanda da əynindəki dəri gödəkcəni  çıxarmayan, səssiz, kiməsə qarışmayan bir idi. Sinfə gələr-gəlməz haqqında müxtəlif məlumatlar çatdı qulağımıza. Onu başqa bir məktəbdən qovmuşdular, bura ilin ortasında gəlmişdi.  O  özü haqqında heç kimə heç nə danışmadı deyə deyilənlər elə həqiqət kimi qəbul edilməyə başladı. Mən o vaxt susqun, adamayovuşmaz biri idim. Dedim sizə, susmağı öyrənməyə başlamışdım. Sinifdə kölgə kimi dolaşırdım. 
Bizə Musanın tərbiyəsiz, adam olmayacaq biri olduğunu demişdilər. Bu "adam olmağın” nə demək olduğunu bilirsiz də, yəqin. Burda oxumusuz orta məktəbi?
Mən başımı tərpədim qəhvədən bir udum içdim. Burda yaşamadığımı hardan bildiyini soruşmadım.
- Musa  "adam olmağın” kriteriyalarına uyğun deyildi. Üst-başından görünən o idi ki, kasıb ailədəndir, üstəlik, dərsləri də oxumurdu. Demək ki, ondan "adam olmayacaqdı.” Yəni Musanın damğaları vardı və sinifdə hamı ona düşmən kəsilmişdi. Yox, hər gün döyülmürdü. Amma kinayələr, lağa qoymalar, idman dərsində onu oyunlara buraxmamalar, əynindən çıxarmadığı dəri gödəkcəsini dartışdırıb diş ağartmalar  olurdu. Bilirsiz, orta məktəbdə, xüsusən yuxarı siniflərdə uşaqlar çox qəddar olurlar.  

***

Yaz gəlmişdi. Pəncərəni açan kimi içəri axan günəş şüaları soyuq sinif otaqlarını isitmişdi. Amma Musa yenə də üstücızıq dəri gödəkcədə gəlib-gedirdi. O, ən arxa partada otururdu, yenə heç kimə qaynayıb-qarışmırdı və biz onun hətta səsinin də necə olduğunu bilmirdik. İlham adlı sinif yoldaşımız bir qrup oğlanın başçısı idi. Mən o komandada deyildim. Ümumiyyətlə, heç bir komandada deyildim. İlham mənimlə, demək olar ki, danışmırdı. Amma Musaya elə hey söz atırdı. Sinfimizdə ən zəngin ailəsi olan o idi, anası tez -tez məktəbə gəlirdi. Sinif rəhbərimiz Sevda müəlliməyə qoşulub az qala hamıya  təlimatlar verirdi. Mən həmin anlarda Sevda müəllimədən iyrənirdim, çünki İlhamgilin puluna şirnikləndiyini hiss edirdim. Mənim anam heç vaxt müəllimlərə hədiyyə, pul göndərməzdi.  "Biz alverdə iştirak etməyəcəyik” - anam hələ birinci sinifdə məni məktəbə yazdıranda direktora belə demişdi.  Onda bilmirdim  məktəbdə alver necə olur. Sonralar öyrənməyə başladım, amma heç vaxt iştirak etmədim. Anamın direktora dediyi sözlər mən sinifdən sinfə keçdikcə müəllimlərimə də çatırdı.
Dərs ilinin sonu idi. Açığı, mən dərslər, nəhayət ki, bitəcək deyə çox xoşbəxt idim. Əvvəllər evdən, bitib-tükənməyən davalardan sıxılırdım, ammaartıq özümə məşğuliyyət tapmışdım, daha əvvəlki kimi deyildim.
May ayının 12- si idi.  Sinif otaqları artıq xeyli isti və boğucu idi. Amma Musa hələ də gödəkcəni çıxarmamışdı. İlham hamıya  Musanın bədənində yaralar olduğunu demişdi.  Uşaqlar da İlhamın dediklərinə inanıb ondan daha da uzaq gəzməyə çalışırdılar. Həmin gün İlham sinfə girib Musaya yaxınlaşdı. 
-Dur ayağa, burda mən oturacam,- dedi. Musa dinməzcə üzünü yana çevirdi. Yerindən də qalxmadı. İlham ona bağırmağa başlayanda mən artıq hirsimdən titrəyirdim.
-Onun yeridir, sən niyə oturursan? - mən sakit səslə dedim. 
-Sən niyə qarışırsan?
-Musanın yerində oturma, bədəni yaradır, sənə də keçər, - mən kinayə ilə gülüb düz İlhamın gözünün içinə baxdım. 
Sinfə sakitlik çökmüşdü, hamı onun nə edəcəyini gözləyirdi. Onu pis duruma salmışdım. İlham döyüküb ətrafa baxdı, sonra sakitcə yerinə keçdi. 
Amma mən onun üzündəki ifadəni gördüm. Mənə toxuna bilməzdi, anladım ki,  Musaya nəsə bir tələ quracaq. 
Səhər düşündüyüm kimi oldu. Sinfin qapısı qırıldı və sinifdə hamı qapını Musanın qırdığını dedi. Təkcə mən Musanın qırmadığını deyib  sakitcə  Sevda müəlliməyə baxdım. İlhamın anası da sinifdə idi. 
-Musa, gəl lövhəyə,-Musa dinməzcə qalxıb irəli keçdi. Üzü solğun və durğundu. Qurumuş, qapqara dodaqları bir-birinə sıxılmışdı.  Üzü o qədər arıqdı ki, elə bil dərisini sümüyünə çəkmişdilər. 
-Bunun bədəni də yaradır, gödəkcəni də ona görə çıxarmır. Uşaqlara keçsə, necə olacaq,- İlhamın anası Pərvanə dilləndi. Mən nifrətlə onu süzüb dişlərimi sıxdım. Pərvanə mənim baxışlarımı yaxalayıb eyni nifrətlə məni süzdü.
-Sən niyə çıxarmırsan bu gödəkcəni?- Sevda müəllimə əlindəki dəftərlə Musanın başına vurdu. İlham hırıldadı, onun ardınca başqa uşaqlar da güldülər. O an mən onların hamısına nifrət edirdim. 
-Qapını niyə qırmısan? Sabah atan gəlsin, pulunu verib düzəltdirsin, - Sevda müəllimə qəzəblə dilləndi. İlham baş verənləri böyük məmnunluqla seyr edirdi. 
-Qapını Musa qırmayıb. İlham qırıb,- ayağa durub düz Pərvanənin üzünə baxdım,-İlham qırıb, - bu dəfə də Sevda müəlliməyə meydan oxudum. 
-Sən..., sən İlhama şər atırsan, - Pərvanə azca irəli yeridi, Sevda müəllimə onun qolundan tutub saxladı.
-Pərvanə xanım, sakit olun,- dedi.  Mən qorxub-eləmirdim. Sevda müəllimənin, Pərvanənin mənə nəsə edə biləcəyindən qətiyyən narahat deyildim. Anamın yanımda olması, Musanı müdafiə edə bilməyimin qüruru mənə güc verirdi. Pərvanənin əyilmiş üzünü, İlhamın bomboş gözlərindəki təlaşı, Sevda müəllimənin ikimizin arasında qalıb döyükməsini  görməkdən həzz alırdım.  
Dəniz üzünü ovuşdurub başını azca geri atdı, gərildi. 
-Yuxuniz gəlmir ki? - soruşdu. 
-Yox, davam edin. 
-Musanın həyat hekayəsi sizə maraqlı gəldi, hətta mənim hekayəmdən də.
-Yox, sizin hekayəniz də maraqlıdır, - pərt olmuşdum.
-Əslində, heç biri əlahiddə maraqlı deyil. Bilirsizmi, niyə? Çünki bunlar bu şəhərin hər məktəbində, hər evində yaşanan adi hadisələrdir. Sadəcə, hər kəs öz hekayəsinin başqalarınkından fərqli, xüsusi olduğuna inanır. 
-Yox, əslində fərqlidir də, - bu, səmimi fikrim idi.
-Necə?
-Həyat hekayələri fərqli edən o hekayələri yaşayanların fərqli yanaşmaları, fərqli nəticələr çıxarmalarıdır. Bir hekayənin iştirakçısı olan yüzlərlə insan tam fərqli kimliklərlə, seçimlərlə çıxır ordan. Biri sağlam, o biri xəstə, ya da biri güclü, o biri zəif.  Bir başqası zalım, daha biri mərhəmətli. İştirakçısı olduğu hadisədən sonra dünyaya, İnsanlara nifrət edənlər də var, yaxşı adama çevrilənlər də. Buna görə də hər hekayə fərqlidir. 
-Bu yöndən baxmamışdım. Onda belə deyək. Hekayələrin ortaya çıxardığı nəticələr fərqlidir. Əslində, önəmli olan da o nəticədir - zədələr bizdən kimi yaradır?  Amma mən son vaxtlar, bilirsiz, nəyə çox hirslənirəm? Baş verən hər şey məhz zədələrin nəticəsi kimi təqdim olunur. Lap dəbə çevrilib - kim nə edirsə, nə vaxtsa aldığı zədələri səbəb göstərir. Məsələn, biri cinayət  törədir, sonra da bunu uşaqlığındakı zədələrlə əlaqələndirir. Mən bunu anlamıram. Hər şey zədələrdən qaynaqlanırsa, onda insanın kimliyindəki, mahiyyətindəki zalımlıq, mərhəmət, genetika, beynimizdə kodlaşmış minillik ənənələr... , bunlar nədir? Hər şey zədədirsə, bəs onda bu yaxşı və pis anlayışını hara qoyaq?
-Bəlkə, aldığımız zədələr, yaşadığımız təcrübələr o möhürlənmişlərin  üzərinə yeni bir hekayə yazır. Belə baxa bilmərikmi? 
Dənizin gözləri parıldadı.
-Əlbəttə. Biz bir kimliyə, mahiyyətə sahibik; yaşadıqlarımız, zədələrimiz onun üstünə  yazılır. Kitab kimi düşünün. Kitaba onun məzmununa uyğun əlavələr edirik. Biz dedektivə komediya elementləri əlavə edə bilmərik, olmaz, oturmaz. Əlavə etsək belə, ciddi alınmaz. Çevrilib olar komediya... Biz mütləq kriminal mahiyyətli bir əlavə etməliyik. Bəlkə, insan elə budur. Adına mahiyyət, kimlik, xarakter, nə deyiriksə-deyək - aldığımız  zədələr bunların üstünə gəlir. Əskildir, ya zənginləşdirir, fərqi yoxdur. Bu, pisliklə, zalımlıqla, ya da yaxşılıqla, mərhəmətlə zənginləşdirmə ola bilər.
-Siz seri qatillər haqqında oxumusuz?
-Hə. Bilirəm nəyi deyəcəksiz. Hamısının həyat hekayəsində uşaqlığın zədələri var. Amma onlar qatil olduqları üçün tanınırlar. Eyni zədələrə məruz qalan, amma qatil olmadıqları üçün məşhurlaşmayan, aralarında dünyanın ən mərhəmətli insanları olanlar da var. Zədələr ancaq zalımlar yaratmır ki.  Məsələn, siz?
-Mən nə?
-Zalım adamsız?
-Mən? Əslində, deyiləm. Amma kim özü haqqında rahatca "zalım adamam” deyir ki? Hər kəs yaxşı adam olmaq üçün çabalamırmı? Daha dəqiq desəm, hamının onu yaxşı adam kimi tanıması üçün. İşin qəribə yanı da budur. Dünyanın ən əclaf adamı yaxşı adam kimi görünmək üçün min cür hoqqadan çıxır.  Buna da heyrətlənmişəm -    pisliyin pis şey olduğunu bilib yaxşı adam kimi görünməyə çalışdığın halda niyə pislik edə bilirsən? Qatilləri xatırlatdız. Onlar qurbanlarını gizlində öldürürlər, çünki bunun  pis əməl olduğunu bilir.
-Bəlkə, bilmir, sadəcə cəza almamaq üçün  gizlində edir? Bütün qatillər törətdikləri cinayətlərin açılmayacağına inanırlar. Bəlkə, inanmasalar, cinayət etməzlər?
 -Yox, bu məsələ belə bəsit deyil. Onlar qətlin pis əməl olduğunu bilirlər. Bəlkə də, qatillər ən uyğun nümunə deyil. Elə siyasətçiləri götürək. Onlar niyə üzdə bir cür, arxada baqa cürdürlər? Ya da, məsələn, hansısa saxtakarlığı edən, buna görə heç bir cəza almayacağını bilən biri niyə gizlində görür bu işi? Məsələn, mənim atam niyə anama gizlincə xəyanət edirdi? Niyə hamıya yalandan and içib onu aldatmadığını, döymədiyini deyirdi.
Dəniz susub üzümə baxdı. 

Ofisant masya yaxınlaşanda mən saata göz atdım. 02.48-i göstərirdi.
-Yorulduz, - Dəniz kədərlə üzümə baxdı.
-Bir az. Amma sizin danışdıqlarınıza görə yox. Məlum, normalda bu saatda yuxuda oluruq.
-Doğru, normalda və normal insanlar. Məsələn, mən özümü normal saymıram. 
-O baxır sizin nəyi anormal hesab etməyinizə.
-Siz necə, normal insansız? 
-Mən? Yəqin ki, hə. Hərçənd heç bir xüsusi özəlliyim də yoxdur. Həyatın axarına uyğun yaşayan adi bir adamam.
-Bəs onda niyə məni dinləyirisiz? Bir az əvvəl dediniz ki, normal adam bu saatda yuxuda olmalıdır.
"Lənət şeytana”. Beynimdən keçəni dilə gətirmədim.  
-Niyyətim sizi qəzəbləndirmək deyil.
Dənizin səsi elə bir quyunun dibindən gəldi. Mən gözümü ofisantın gətirdiyi tünd çaydan çəkib ona baxdım. Əslində, söhbəti tam olaraq hara yönəltdiyini anlamamağımdan yaranan qəzəb ani olmuşdu.  İndi isə niyə məhz məni seçdiyini düşünürdüm,  beynimdə özüm haqqında, bəlkə də, ilk dəfə "Mən normal adamammı?” sualı yaranmışdı. Amma qəfildən tama başqa bir şey hiss etdim. Dənizin söhbəti məni yormamışdı. Hətta heç bir sonluq da olmayacaqdı, bəlkə. Ya da bütün bunları mənə niyə danışdığını axıra qədər anlamayacaqdım. Təkcə Musanın hekayəsinin sonunu təxmin edə bilərdim. Bəlkə, mənim də oxuduğum məktəbdə, sinifdə , ya da bütün məktəblərin bütün siniflərində bir Musa vardı? Bəlkə, mənim də Dənizin hekayəsinə bənzəyən, bitməmiş, sadəcə bu şəhərdən getməklə süni şəkildə bitirilmiş bir hekayəm vardı. Beynim sürətlə geri, xatirələrə cumdu, atamın üzünü gözümdə canlandırmağa çalışdım. Və mənə elə gəldi ki, atam eynən Dənizin atasına bənzəyir. 
-Bir dəfə anam mənə demişdi ki, ətrafında gülüb-əylənən, ya da heç bir problemi, qayğısı yoxmuş kimi görünən adamlara baxıb özünü dünyanın ən şanssız, ən bədbəxt adamə elan etməyə tələsmə. Çünki sənin də eynən onlar kimi güldüyün anlar olur, həmin anlarda onlar da səni xoşbəxt və qayğısız biri hesab edirlər. 
- Ananız düz deyib.
-Bilirəm. Anam da normal insan deyildi, - gülümsədi. – Bilirsiz, niyə? Mən evdə Musa haqqında ona danışanda "Qarşıma, sənin nə işinə qalıb?” demədi. Əksinə, dedi ki, bir gün məktəbə yolu düşəndə direktorla da, sinif rəhbəri ilə də onun haqqında danışacaq.  Mənə "Qapını Musa sındırmayıb qapını” dedirdən həm də anamdı. Anam olmasaydı, o qədər cəsarətli ola bilməzdim. O gün qapını İlhamın qırdığını söyləyəndə hamısının nəfəsi tutuldu. Sevda müəllimənin gözləri az qala hədəqəsindən çıxacaqdı. Amma İlham mənim üstümə cumanda bağırdı. İlhamın məni vurmasına imkan verməyəcəyini də bilirdim. Niyə? Çünki anam vardı. İlham öz ailəsinin, mənsə anamın oğlu idim o anda. Başa düşürsüz?
Mən anladığımı başıma təsdiq edib diqqətlə onu dinləməyə davam etdim.

***

-Hardan bilirsən İlham sınıdırıb?
-Yalan deyir, Musa sındırıb! 
Mən telefonu çıxarıb İlhamın sinifdəki digər iki şagirdlə danışığının səs yazısını açdım. Onlar qapını qırmaq üçün plan qururdular.  
-Əcəb dedektiv imişsiz, - gülüb başımı buladım.
-Həə, - Dəniz məmnunluqla gülümsədi. – Bayaq dedim axı, şübhələnmişdim. Tənəffüslərdə telefonumun səs qeydini açıq qoyub çıxırdım sinifdən. Elə düşündüyüm kimi də oldu, bir dəfə qayıdıb baxanda gördüm ki, İlham, Saleh, bir də  Nemət Musanı necə şərləmək barədə danışıblar. Sevda müəllim balacalaşıb yumağa dönmüşdü. Düz onun gözünün içinə baxırdım. İlhamın anası Pərvanəsə mənə zilləmişdi gözlərini. amma mən ona baxmamaq üçün bütün gücümü səfərbər etmişdim.  Həmin anda ona baxsaydım, qaytaracağımdan əmindim. Ürəyim möhkəm bulanırdı.
- Yalan danışırsan, mənim oğlumun paxıllığını çəkirsən,- Pərvanə mənə hücum çəkdi. Sevda müəllimə yuxudan ayılmış kimi diksinib irəli atlldı. Qorxudan dizlərim əsirdi. Özümü tox tutmaq üçün bütün gücümü toplamışdım.
-Pərvanə xanım, sakit olun. Sabah qapını düzəltdirin, bu söhbət də burda bitsin, -Sevda müəllimə bunu deyib qəzəblə fısıldadı.
Pərvanə əvvəlcə mənə, sonra da Musaya nifrətlə baxıb, İlhama başıyla "çıx” işarə verib ardınca özü də getdi, o arada müəlliməmizi kinayə ilə süzməyə də vaxt tapdı. Sevda müəllimənin qaşqabağı yerlə gedirdi, qəzəbli və carəsiz görünürdü.
Artıq Pərvanə İlhamın yaramazlıqlarını ört-basdır eləməsi üçün Sevda müəlliməyə pul verməyəcək, ona hədiyyələr almayacaqdı. 
Amma mənim Musayla bağlı narahatlığım hələ bitməmişdi. Bilirdiim ki, onu rahat buraxmayacaqlar. Sevda müəllimə rüşvətdən məhrum olmasının, Pərvanə isə İlhamın avtoriretinin yerlə bir olmasınını qisasını ondan alacaqdılar. Musa onlar üçün zəif halqa idi.
Musa həmin gün də heç kimlə danışmadı, ancaq mən qəribə bir şeyə şahid oldum. Nəzərlərini aşağı dikib oturmuş Musanın üzündə xəfif bir təbəssüm vardı. İlk dəfə idi ki, onu belə görürdüm. Səhəri gün sinifdəki uşaqlar Musaya sataşmadılar, heç kim onu itələyib gülmədi. Həmişə maraqsız keçən, havalar istilənəndən bəri məktəbin arxasındakı stadionda keçdiyimiz idman dərsində maraqlı bir hadisə oldu hətta. 
Qızlar öz aralarında toplaşıb nəsə danışırdı, oğlanlarsa futbol oynamağa başladı. Musa da bizə qoşuldu, kimsə də buna etiraz etmədi. Musa elə gözəl oynayırdı ki, hamımız mat qalmışdıq. Bu, idman müəlliminin də diqqətini cəlb etdi, onu yanına çağırıb hansısa uşaq futbol klubuna gedib-getmədiyini soruşdu. Musanın üzü həyacandan qızarmışdı. Bəlkə, ilk dəfə idi ki, kimsə onu tərifləyirdi, təqdir edirdi? Bilmirəm. Çox xoşbəxt görünürdü.  Amma hava isti, üz-gözü tər içində olsa da, hətta futbol oynayanda da gödəkcəni çıxarmamışdı. 
Növbəti dərsimiz riyaziyyat dərsi idi. Sevda müəllimə sinfə girib hamımızı acıqlı-acıqlı süzdü. İlham bu gün sakit və pərt idi, mənə də nifrətlə baxıb fısıldayırdı, amma ondan qəti qorxmurdum. Musaya baxdım, hələ də üzündən axan təri silirdi.
-Sən niyə bu gödəkcəni çıxarmırsan? Tər içindəsən, leş iyi gəlir səndən, çıxar o cındırı, - Sevda müəllimə dərsə başlamamış qışqırdı. 
-Çıxar, dedim,- o, birdən Musaya tərəf atılıb gödəkcəni dartışdırmağa başladı. Musa  onun əlindən çıxmağa, gödəkcə əynində qalsın deyə bükülüb özünü qorumağa çalışdıqca  Sevda müəllimə daha da qəzəblənirdi. 
-Çıxar bu cındırı. Sinifdə belə otura bilməzsən. 
Halbuki sinif qızdırılmadığından biz bütün qışı paltoda oturmuşduq.  Sevda müəllimə istədiyinə nail oldu. Gödəkcəni Musanın əynindən dartıb çıxardı. 
Dənizin gözlərinə kölgə çökdü. 
-Gödəkcənin altında heç nə yoxdu. Musanın çəlimsiz, arıq, sümükləri çıxmış bədəni çılpaqdı. O dayanmadan qışqırıb ağlayır, anlaşılmaz sözlər deyirdi. Cılız, arıq bədənini əlləriylə gizlətməyə çalışırdı və ən qorxulusu da o idi ki,  bədənində tünd bənövşəyi rəngli ləkələr vardı. Mən onların döyülmə izləri olduğuna əmindim, çünki anamın da bədənində belə ləkələr olurdu. 
Həmin günü tam xatırlamıram, amma unutmadım da. Musanı müdafiə etmədim. Heç nə etmədim. Başımı əllərimin arasına alıb gözlərimi qapqara ayaqqabılarımın ucuna dikdim, ancaq  ayaqlarıma baxdım. Susdum. Orda nə axtarırdım, həmin anda nə hiss edirdim, bunu indi deyə bilmərəm, amma məni əzən, bütün sümüklərimi qırıb tökən bir boşluğa düşmüşdüm və ayaqlarımın ucundan açılmış qara dəlik elə bil məni udurdu.
O gün axşam evdə də dava oldu, o davada da mən atamın qarşısına keçib onu itələmədim, anamın müdafiəsinə qalxmadım. Amma anam bu dəfə dözmədi, əlindəki büllur vazanı yerə çırpıb "bəsdir” deyə qışqırdı. Mənsə otağıma keçdim. Sakitcə yatağımın üstünə qalxıb divara söykəndim, qulaqlığımı taxıb gözlərimi qarşıdakı divara zilləyib musiqi dinləməyə başladım. Mətbəxdə dava böyüyürdü. Mənsə gözlərimi divara zilləyib oturmağa davam edirdim. İndi də divarda bir qara dəlik açılıb məni udurdu və sinifdəkindən fərqli olaraq  ağrı hiss etmirdim. Bədənim qara dəlik tərəfindən udulmağa alışmışdı.
Səhər qalxıb anamın boynundakı izləri görəndə əzab çəkdim. Onun küskün və bir az da qəzəbli baxışlarını gördüm. Bilirdim ki, axşam anam məndən onu müdafiə etməyimi umub. İçimdə həm kinayə qarışıq bir qəzəb, həm də sükut vardı. Elə bil  içimdəki qəzəbi də soyudub sakitləşdirmişdilər. O gündən sonra mən o qəzəbin ağrısını hiss etmədim.
Elə bil Musanın bədənində gördüyüm bənövşəyi zolaqlar indiyə qədər beynimə sıxışmış hər şeyi qarışdırmışdı. İndi döyən birinə nə qədər nifrət edirdimsə, döyüləndən də o qədər iyrənirdim. Anamdan, Musadan...
Səhəri gün məktəbə gedəndə atam yolda mənimlə söhbətə etməyə çalışdı. Anamdan gileylənib mənim özünə bənzədiyimi dedi. Güzgüdəki baxışlarıyla rastlaşandafərqinə vardım ki, ona əvvəlki qədər qəzəbli deyiləm. Sanki bütün duyğularımı yox edib  yerinə ancaq iyrənmə hissi doldurmuşdular. O gün Musanı məktəbdə görməyəndə sevindim, çünki səhər maşının güzgüsündən parıltılı, hiyləgər gözlərilə mənə baxan atamdan o qədər iyrənmişdim ki, Musadan da diksinməyə gücüm yetməyəcəkdi.
Amma o gün başqa bir şey oldu. Son dərs yenə idman dərsi idi, məktəbin həyətinə  toplaşmışdıq. Oğlanlar yenə də hansısa qızın döşlərindən danışır, atamın telefonda az qala hər gün baxdığı yarıçılpaq qadın şəkillərini xəyalən təsvir edib hırıldaşırdılar. Mən  həmişəki kimi susurdum. Əslində, sinfin ən gözəgəlimli qızlarının hansının harda nə etməsi barədə fantaziyalar quran oğlanların danışdıqları mənim də diqqətimi çəkirdi. Bilirsiniz də o yaşları...   Amma qarışmırdım,  evdə gördüklərimə görə bütün bunlardan iyrənirdim. Bilmirəm, bəlkə də, normal yeniyetməlik elə bu söhbətlərdir. Bəlkə, mən normal deyildim? 
Mənim o vaxt da, indi də anlamadığım bir şey var. Adına yeniyetməlik dediyimiz o dönəm keçirmi, biz böyüyürükmü? Buna cavab tapa bilmirəm. Atam bunu anlamağım üçün mənə yardım etmədi, əksinə, qadınlara yeniyetmələr qədər hərisliyi ilə beynimi daha da qarışdırdı. Sonra mən böyüdüm - universitet, iş. Amma ətrafımda heç nə dəyişmədi. O oğlanların ancaq boyları uzandı, qarınları piyləndi, vəssalam. Bu fikir getdikcə bu fikir o qədər möhkəmlənməyə başladı ki, hətta cinsimdən bədgüman olmağa başladım. 
Dəniz astaca gülüb başını yırğaladı.
-Məni ən çox nə düşündürür, deyim sizə. Kişilərin hər şeyi, hər kəsi idarə etmək  hikkəsi. Özlərini, öz ehtiraslarını idarə edə bilməyənlərin hikkəsi. Atam şəhvətinin idarə edə bilmirdi, amma bizi idarə etməyə çalışırdı, bacarmayanda da döyürdü. Ola bilsin, bunları banal düşüncələr sayırsız. Bəlkə də haqlısız..  
-Elə düşünmürəm. Sadəcə, düşündüm ki, bu qədər xəstəliyin içində necə sağlam qala bilmisiz?
-Hardasa bir məqalə oxumuşdum. Orda yazılmışdı ki, avtoritar rejimlər əslində çox kövrəkdir, heç gözləmədiyiniz vaxtda yıxılır, ona qədər sağ qalmaq lazımdır. Bir vəkil dostum da demişdi ki, avtoritarizm təkcə siyasətdə yox, həm də məişətdə olur, ikisi də bir-birindən bəslənir. Yox, siyasi söhbətlərə girməyəcəm. Onu deyirəm ki, kişi avtoritetinin olduğu ölkədə sağlam qala bilməyə çalışdım. Atam xəyanətini anama kişilik kimi sırımaq istəyəndə, anam ona tabe olmadığı üçün hər dəfə onu döyəndə mənim duyğularım da o yumruqların altında əzilib xınçım-xınçım olurdu. Belə... Siz nəsə istəyisiz, səhər açılacaq bir azdan, - Dəniz qəfil susdu.
-Yox, istəmirəm. - Bir az əvvəl içdiyim tünd çay mənə yaxşı təsir etmişdi, elə də çox yorğunluq, yuxusuzluq hiss etmirdim. Dənizin danışdıqlarına xüsusi bir maraq və ya  heyrət vardımı içimdə? Yox, ondan eşitdiklərim mənim illər əvvəl tərk edib getdiyim, indi gəzməyə gəldiyim bir ölkənin, bəlkə də, hər evində yaşanan  həyatların eynisi idi. Burda insanlar da, ailələlər də yaşadıqları yerlərin küçələri, tinləri kimi bir-birinə oxşayırdılar. Dinlədiklərimdə maraqlı, fərqli olan şey hekayənin özü yox, onu danışan, tez-tez gözlərini qıyıb çiynimin üstündən uzaqlara baxan adamdı.
O bu ölkənin insanlarına bənzəmirdi.

***

-İdman dərsinin sonu necə bitdi? 
-Danışacam, amma siz "yoruldum” desəniz, qısa kəsəcəm. Az qalıb onsuz da...
-Nəyə az qalıb? - Mən onun  intihar edəcəyini düşünüb diqqətlə üzünə baxdım.
-Yox, o qədər böyük deyil, danışdığım hekayənin sonuna az qalıb. Bir azdan bitəcək. Ya da  başqa bir boyuta keçəcək. Mənim boyutumun indiki hissəsi bitəcək. Hə, Musanı deyirsiz, idman dərsini. Bilirsinizmi, Musanın da boyutu o idman dərsində bitdi, sonra yenisi başladı.  Yəqin indi də hardasa başqa bir  hekayəsi başlayıb, ya da həmişəlik bitib, hətta, bəlkə, həyatda deyil, hardasa biri onu öldürüb, bax elə bu dənizə atıb. Musa kimilərin meyidi tapılmır, çünki axtaran olmur.  Öldürən də tapılmır. Yenə onu da axtaran olmur. Axtarılmayanı kim, niyə tapsın axı? Uzağı  birinə rast gəlir, polisə xəbər verir, bir az gözləyib kimsəsizlər məzarlığında dəfn edirlər. Bu qədər. Bəlkə, indi Musa da o məzarlıqlardan birindədir. Çünki heç kimi yoxdu, olanlar da onu cinayətkara çevirmək  üçün birləşmişdilər. Bacardılar da. Çünki illər sonra bir televiziya  proqramında onun hansısa cinayətdə iştirak etdiyini eşitdim. Yəqin, Sevda müəllimə, İlham, Pərvanə buna seviniblər, hətta bir -birlərinə "Mən demişdim belə olacağını” da deyiblər. Amma bir dəfə də olsun düşünməyiblər ki, bu "axırın” yetişməsində onların da payı var.
Həmin gün bildik ki, sən demə, Musagil məktəbə çox yaxın binada yaşayırmış. O binanın həyətini bizim olduğumuz futbol meydancasından nazık  məftillər ayırırdı. Ora təcili yardım maşını gəldi, sonra tibb işçiləri xərəkdə birini düşürüb maşına tərəf gətirdilər. Biz Musanı o an gördük... Ayaqyalın və köynəksiz idi. Əynindəki maykanın aşağısı cırılıb dizinə qədər sallanmışdı. Sonra onun ağlar səslə "ana” dediyini eşitdik. Elə bil ürəyim beynimin içində döyünürdü, ya da qəzəbdən zoqquldayırdı, bilmirəm... Mən məftilə yaxınlaşıb Musanı çağırdım. Çevrilib baxdı, amma cavab vermədi. 
Nə olduğunu bilirdim. Əmindim ki atası anasını da , Musanı da döyüb. Qadına nəsə xətər yetirib deyə, xəstəxanaya aparırlar.  
-Necə belə əmin ola bilərdiz axı, evdə birinə başqa bir şey də ola bilər. Xəstələnə bilər, məsələn. Hər kəsin hekayəsi..
-Yox, elə hekayələr var ki, mən onları ilk  cümləsindən tanıyıram.  O "biri vardı, biri yox” cümləsi nağıla işarə olduğu kimi, mən də belə hekayələrin hansı kəlməylə başladığını bilirəm. Bu hekayələr həmişə tənhalıq, susqunluq, kədər, qəzəblə başlayar. Əslində, onları heç kim danışmaq istəmir, utanır. Qadınların qaralan yerlərinə qapı dəyər, uşaqların ayağı sürüşüb qırılar. Bu hekayələr belədir. Amma bu hekayədə Musanın atası xəyali deyildi, tam gerçəkdi.  Nağıllardakı divlər kimi qaba, hündür bir adamdı, iri dodaqları vardı. Sevda müəllimə gödəkcəni dartıb Musanın əynindən çıxaran günün səhəri onun atasını çağırdı sinifə. Baş verənlərdə  Musa günahkarmış kimi. Təklikdə-filan da danışmadı, hamımızın yanında Musanın tərbiyəsiz olduğunu, uşaqlarla dalaşdığını dedi. Mən qəzəbdən əsirdim, amma  susurdum. O anda nəzərlərimlə Sevda müəlliməni döydüyümü zənn edirdim. Elə bilirdim ki, içimdəki qəzəbi gözlərimdə hiss edib  yalanlarını bitirəcək. Amma o davam etdi. Musanın atası Sevda müəlliməyə qulaq asa-asa başını yelləyirdi. Sonra o da dilləndi. Qalın səsi, ağır-ağır danışması  hamını vahiməyə salmışdı. 
-Musaya demişəm  ki, evə döyülüb gəlsə, mən də döyəcəm. Kim birini vursa, ikisini də o vurmalıdır. 
-Amma..
-Mənim dediyim budu, dərslərini oxumur, sən bir üç yaz, bəsdi, amma mənim tərbiyəmə də qarışma...
O, Sevda müəlliməyə "sən” deyə müraciət edirdi, üzündə etinasız bir ifadə vardı. 
-Uç yazmanız üçün nə qədər lazımdır?
-Siz nə danışırsız?! Bura məktəbdir, bazar deyil.
-Bazardı, mənə nağıl oxuma.
Sevda müəllimə qıpqırmızı qızarmış, büzüşüb yumağa dönmüşdü. Amma ona yazığım gəlmirdi, hətta bu hala düşməsinə içimdə sevinirdim. Cəzasını almışdı, həçənd bu cəzanın da əziyyətini Musa çəkəcəkdi. Bunu düşünəndə qanım qaraldı.
-Mən dünən Musanı döydüm. O məni döymədi amma, heç vurmadı da, - İlham kimsənin gözləmədiyi halda təşəxxüslə dilləndi. Səssizlik çökdü, təkcə İlham hırıldayırdı.. Üzündə yırtıcı bir ifadə vardı. Mən yenə ürəyimin bulandığını hiss etdim. Dişlərimi ağrıyana qədər sıxdım ki, fikrim yayınsın.
Musanın atasının üzü əyildi; qalın, qara dodaqları səyridi. Kinayəli baxışlarıyla ona meydan oxuyan İlhama uzun bir nəzər salıb irəli cumdu, boğazından yapışıb yuxarı qaldırdı, sonra da arxa prtaların yanına tulladı. İlham divara dəyib düşdü. Ayağa qalxmaq istəyəndə bədheybət kişi başını üstünü kəsdirib onu bir də yuxarı qaldırdı, bu dəfə Musanın ayağının altına atdı. 
-Bu küçüyə cavab verə bilməmisən sən? Bu səni döyüb? - atası Musanın üzünə şillə çəkdi. Hər şey elə ani olmuşdu ki, hamı çaşğınlıq içində idi. Musaya dəyən şillədən sonra lap səssizlik oldu. Elə bil kadr durdu. Nəfəsimizi belə çəkməyə qorxurmuş kimi donmuşduq. Siz Rosehanın "Psixi xəstəxanalarda ağıllı olmaq haqqında” məqaləsini oxumusuz? Orda psixiatr psixi xəstəxanalarda qoyulan diaqnozlara şübhəylə yanaşır,  amma mən əksini sorğulamışdım. Sağlam dediyimiz, aramızda gəzən bir çox adam əslində psixi xəstədir. Bəlkə, bizdəki kimi cəmiyyətlərdə, "dəli” damğası vurulmaqdan hələ də  qorxduğumuz ölkədə xəstələr rahatlıqla aramızda dolaşır və öz xəsətliklərini başqalarına da yoluxdururlar. Virus kimi yox, aqressiya, gərginlik, qəzəb, amansızlıq şəklində yoluxdurur. Bizim bir-birimizə təsirimiz var, küçədən keçənin belə mənə təsir var. Çünki o gərginliyi, qəzəbi hiss edəndə məndə müdafiə olunmaq ehtiyacı yaradır,  buna görə də davamlı şəkildə özünü qoruma mexanizmi qurmaq üçün savaşıram. Savaş məni yoluxdurur. Mübarizəyə yoluxdurur. Mübarizədən yorulandasa qəzəblənirəm, bu qəzəbi bir başqasına ötürürəm. 

***

Mən susmağı öyrəncdikcə anamdan uzaqlaşırdım. Evdəki hər davada atamı günahkar bildiyim kimi, anamı da eyni dərəcədə günahkar görməyə başlamışdım.  Anamın öz emosiyalarını idarə edə bilməməsi, ağlaması, qışqırması məndə artıq ona qarşı da nifrət yaratmışdı. Hər axşam atamın işdən gəlib qapını döyəcəyini qəzəblə, iyrənc bir şey baş verəcəkmiş kimi, ürəyim bulana-bulana gözləyirdim. Bəzən hətta qusurdum,  anam həyacanlanıb məni həkimə aparacağını deyirdi. Cavab verirdim ki, "xəstə deyiləm”, ardını - "sizə görədir” sözünü ürəyimdə deyirdim.
Bir gün dediyini elədi, məni müayinəyə apardı. Bir şeyi deyim. Anam nə qədər gərgin, əsəbi, emosional birinə çevrilmiş olsa da, mənə olan diqqətini azaltmamışdı. Yenə sinifdə ən təmiz, səliqəli, zövqlü geyinən mən idim, yenə hər gün  istədiyim yeməkləri bişirirdi, yenə hər gün mənimlə söhbət etməyə çalışırdı. Amma mən daha susmuşdum.
Həkim mənə bir xeyli dərman yazdı. Geri qayıdanda maşının güzgüsündə anamla nəzərlərimiz qarşılaşdı. 
-Dərmanları içməyəcəksən?
 -Onda niyə həkimə gətirdin? 
-Əmin olmaq istədim… - Anam diqqətini yola verib evin yolunu tutdu, sola dönüb sürətlə dikə doğru sürməyə başladı. - Bilmək istədim ki, fiziki ziyanımız da olubmu? 
Səsindəki kədər məni yumşaltdı, ona nəsə xoş söz demək istədim. Amma susdum. 
O gün həmişəkindən fərqli şeylər oldu. Biz gələndə evdə bir qadın gördük. Bunu deyəcəm, ancaq bu qədərini. Anamın üzünün əyildiyini, gözlərinin necə hədəqədən çıxdığını, atamın üzünə tüpürdüyünü, qadına evdən çıxması üçün necə sakitcə yol verdiyini izlədim. Otağıma keçdim. Yatağıma toxunmadım, iyrəndim. Bəlkə, atam o qadınla mənim yatağımda yatmışdı? Bunu düşünəndə ürəyim daha çox bulanmağa başladı. Amma qusmadım. Yazı masama əyləşib musiqinin səsini daha da artırdım. Səssiz filmi izləməyə başladım. Atam qadın çıxan kimi anamın üstünə cumdu,  vurub yerə yıxdı, sonra da  yumruqlamağa başladı. Mən dəhlizə açılan  qapıdan bütün bunları izlədikcə bəzən gözlərim  qapanır, başım hərlənir, hərəkətlər yavaşıyırdı.  Sanki gözəgörünməz operator ağır çəkimə keçirdi. 
Anamın üzündən qan axmağa başlamışdı. O, atamın yumruqlarından xilas olmağa çalışırdı. Birdən onun məni axtaran gözlərini gördüm. Yalvarış vardı o gözlərdə, yardım umurdu, imdad diləyirdi. Onu yumruqlayan adamdan xilas edə biləcəyimi bilirdi. Çünki mən araya girib atama qışqıranda o dayanardı. Amma bu dəfə anamın gözlərinə cavab vermədim.  Albinoninin əsərindəki  skripka ən yüksək notda inləyirdi və mən gözlərimi yumub anamın gözlərindən "getdim”.

"Qayıdanda” atam anamı döyməkdən yorulub  yenə heç nə olmamış kimi kompüterinin qarşısında oturmuşdu. 
Anam ortalıqda görünmürdü, axşama doğru üzə çıxdı. Dodağı partlamışdı, üzü qancırdı. O gündən sonra anam həmişəki kimi olmadı. Elə mənə münasibəti də… O gün mən anamı itirdim. Düzdür, yenə yaxşı yedirirdi, tərtəmiz geyindirirdi. Zahirən heç nə dəyişməmişdi yəni.  Amma mənə toxunması, baxması əvvəlki kimi deyildi. Daha mənimlə söhbət də etmirdi.  Onun yardım istəyən baxışlarından yayınandan sonra içimə günah hissi dolmuşdudu. Mən anamı yenidən tapmaq istəyirdim. Qapıldığım duyğu fırtınasında sovrulurdum, az qala hər gün fərqli şeylər hiss edib yaşayırdım. Kim olduğumu, kim olacağımı bilmirdim.

*** 

Səhər açılırdı. Sahilə yürüşə gələn adamlar səs-küylə kafeyə girir, əsasən çay sifariş edirdilər. Gələnlərin içində qadınların az olması diqqətimi çəkdi. 
-Ananızla yenidən barışa bildizmi? – Mənn həyacanımı gizlədib soyuq səslə soruşdum.
-Deyəcəm, səbrli olun. Bilirəm, yoruldunuz, amma az qalır. Gəlin bir çay içək, hətta buranın yaxşı səhər yeməyi də ola bilər, səhər yeməyi də yeyə bilərik.
-Kofe olar, südlü, yemək bir azdan. İndi iştaham yoxdu.
-Yaxşı,- Dəniz ofisantı çağırdı.

***

Artıq musiqi dinləmirdim. Sakitcə oturub əllərimi dizlərimin üstünə qoymuşdum. Atamın döyəclədiyi klaviaturanın səsi beynimi deşirdi… Barmaqlarım dizlərimi sıxdıqca ətimin ağrısı elə bil o səsi bir az azaldırdı. Mən o səsi eşitməmək üçün o an ölməyə belə hazırdım. 
Anam günortadan sonra evdən çıxmışdı. Gec qayıtdı, atam kinayə ilə "İndi güya məni maraqlandırmaq istəyirsən ki, soruşum, hardan gəlirsən?” deyib yenə də əlini belinə qoyub xeyli danışdı. Anam cavab vermədi, mənə "gecən xeyrə qalsın” deyib həmişə yatdığı divana uzandı. 
 Gecəni yata bilmədim. Anamın nəfəsini dinləməyə başladım.  Atam hələ də klaviaturanı döyəcləyirdi. 

 *** 
Mən içi qapanıq, nifrət dolu, hər kəsə pislik etməyə hazır bir bomba kimi dolaşırdım. Bütün dünyanı özümə qurban verməyə hazırdım. Anam yenə də mənə qarşı diqqətli, qayğıkeş idi, amma artıq anamın gözlərində o sevgi yoxdu. Daha evdə dava da olmurdu əvvəlki kimi. Atam istədiyi vaxt gəlir, anam ondan heç nə soruşmurdu. Bu vəziyyət  atamın başqa xüsusiyyətlərini üzə çıxardı. Qeyri-ciddi hərəkətlər etməyə, irişməyə, güya anamı sevirmiş kimi, onunla münasibətini düzəltməyə çalışırmış kimi davranmağa başladı. Bütün bunları izlədikcə birdən-birə ondan heç qorxmamağa başladım. Bu hiss hər gün bir az daha qanımdan təmizləndikcə amansız birinə çevrilirdim.  Bax o zaman mən qorxunun xilas gücünü anlamağa başladım...
-Qorxunun xilas gücü? Necə olur bu?
- Qorxunun bütün dünyanın xilas etməsi kimi. Nüvə silahlarının insanlığı xilas etməsi, məsələn.
-Necə yəni? 
-Nüvə silahı olmasaydı, indi yer üzü yenidən müharibələrin alovunda qovrulurdu, əminəm. Niyə indi dünya müharibəsi olmur? İnsan dəyişib? Daha mərhəmətli olub? Yox,  insan yenə öldürür. Qarabağda tapılan kütləvi məzarlıq haqqında eşitmisiz, yəqin. İyirmi birinci əsr və kütləvi məzarlıq. Biz belə şeyləri tarix kitablarından oxuyurduq, elə deyilimi? Amma insan yenə də kütləvi məzarlıqlar sala bilir. Düzdür, indi daha kiçik miqyasda. İşğal etmək, öldürmək lokallaşıb. Niyə? Çünki qorxuruq. Nüvə silahı içimizdə elə bir qorxu yaradıb ki, böyük  dünyanın hansısa yerində gedən savaşdan uzaq durmağa çalışırıq. Niyə? Çünki nüvə silahı atılsa, hamımız məhv olarıq qorxusu var.  Qorxu... İndi böyük müharibələrdən qaçışımızın səbəbi qorxudur. Əvvəlkindən daha yaxşı olduğumuz üçün yox, həmin o  Böyük Qorxunun hesabına yaxşı insan, liberal, demokrat, tolerant ola bilirik. Əslində, mən təzə bir şey demirəm. Dinlərdə cəhənnəmə düşməmək üçün yaxşı adam olmaq şərti var ha, nüvə silahı təhlükəsini də bunun dünyəvi versiyası kimi düşünün. 
Məni atam kimi olmaq qorxusu yaxşı adam edirdi. Məni atama bənzəməkdən o qorxu qorudu.
Səhər açılırdı və mən arxaya söykənib kafenin geniş pəncərəsindən içəri süzülən şəfəqin aydınlığında Dənizə gülümsədim.

 
***

- Biz səhər yeməyi yeyə bilərik? Mən acam, - Dənizin səsi bir az daha gümrahdı.
-Olar. Səhər yeməyi mənim ən çox sevdiyimdi. 
-Sizin də? Anam o qədər gözəl səhər süfrələri açardı ki...
-Mənim də, - deyib duruxdum. Məndə də öz həyatımdan danışmaq həvəsi yarandığını  hiss edib qaşlarımı çatdım. Söhbəti dəyişmək üçün dərhal anası haqqında soruşdum. 
-Hə, anam... Onunla daha çətin idi. Anama olan nifrətimin kökündə onun acizliyi dururdu. Atamın əsl üzünü görməməsi, hələ də ondan bir gözləntisinin olması məni anamdan da uzaqlaşdırmışdı. Amma tamam başqa bir obrazla qarşıma çıxanda boşluğa düşdüm, çünki ona nifrət etmək üçün səbəbim qalmamışdı.  Atam anam üçün yox olduqca, anamı yenidən sevməyə başlayırdım. 
 Bir azdan evdə yenə davalar başladı, bu dəfə atamın anamı qısqanmasına görə. Anam evdən çıxanda geyiminə irad bildirir, o, bir az gec qayıdanda "Hardaydın?” deyib bağırırdı. 
Bir axşam atam evə çox tez gəldi. Ümumiyyətlə, son vaxtlar daha gecəyə qalmırdı, kompüterin başında da çox oturmurdu. Hiss edirdim ki, anamla atamın arasında gizli, sakit bir savaş gedir. Bu savaşın özü də məni iyrəndirirdi. Çünki atam anamı yenidən yataq otağına qaytarmaq istəyirdi. O gecə mən yatağıma girib gözlərimi yumanda da buna çalışırdı. Boğuq səslər eşidəndə  anladım ki, anamın istəmədiyi bir şey baş verir. Qalxdım, çarpayımın yanındakı su stəkanını götürüb yerə atdım. İşığı yandırıb anamı çağırdım. Qonaq otağında sakitlik yarandı. Anam göründü, saçları dağınıq idi. Üzü pörtmüşdü.
-Ağrıyıram, -yalan söylədim.  
-Haran? – dedi, amma mənə yaxınlaşmadı. O anda bunun mənə qarşı soyuqluqluqdan  olmadığını hiss etdim. Anam özündən, bir az əvvəl nə yaşamışdısa, ondan iyrənirdi. 
Mən qarnım ağrıdığını dedim. Anam diqqətlə üzümə baxdı, mənə elə gəldi ki, yalan dediyimi anladı. Çünki gözlərində minnətdarlıq gördüm.  
-Tam səmimi deyimmi? Mən o xışıltını, anamın boğuq səsini eşitməmək üçün yenə qulaqlıqlarımı taxıb musiqi dinləyə, o səsi batıra bilərdim...
-Ananızın sizi yenidən sevməsini istəyirdiniz amma. 
-Eynən. Əvvəl bunu başa düşəndə qorxmuşdum, yenə atamla özüm arasında bir oxşarlıq yaranmışdı elə bil. Amma sonra  bu hiss keçib getdi. Anladım ki, insanın özü üçün nəsə etməsi yanlış bir şey deyil, yanlış olan başqalarını öz mənafeyinə qurban verməkdir.  Anam mənə sevgi ilə baxmayanda o sevgini geri qazanmaq üçün etdiklərim qəbahət deyildi. Hətta bəlkə normal olanı bu idi. Bunu anlayandan sonra eynən atam kimi saxtakar olmaq qorxum da keçib getdi. O yaşda mən hər şeyi , bütün hərəkətlərimi atamınkılarla müqayisə edirdim və qorxduğum nə vardısa, onları öz kimliyimdən uzaqlaşdırırdım. 
-Sizin də nüvə silahınız atanızmış yəni...
-Eynən. 
-Ananız sizi sevdimi? 
-  Sevdi,- Dəniz məmnunluqla gülümsədi. Aramızdakı bağ o qədər gücləndi ki, bir müddət sonra məni sevsin deyə yox, atamın təcavüzlərindən xilas etmək üçün onu qorumağa başladım. 
Mən qeyri-ixtiyar üzümü turşutdum.  
-Yordum sizi?- Dəniz təlaşla dilləndi.
-Yox, sizlik deyil, mən... - davam etmədim. Dərindən köks ötürüb Dənizin çiyni üstündən dənizə baxdım. Gecənin qaranlığından sıyrılıb çıxandan sonra səmayla eyni rəngə bürünmüşdü, ikisinin birləşdiyi yerdə möhtəşəm bir hüdudsuzluq yaranmışdı.  Bu hüdudsuzluq içimə axdı elə bil və mən anamın üzünü gördüm - kədərli, küskün üzünü... Xəstəxana otağında mənim artıq kiçik olmayan əlimdən tutub üzümə baxdığını gördüm. Sonra zəif pıçıltısını eşitdim.  
"Sənin balaca əllərin mənim böyük yaralarımı sağalda bilərdi. Sən əllərini arxanda gizlədib yarama toxunmaq istəməyəndə mən çox tək qaldım”.  
Boğazıma ağır bir daş tıxanmış kimi oldum. Udqunmağa çalışdım, amma daş imkan vermədi. Dənizin üzünə baxdım. Anamın xəstəxanadakı pıçıltısının mahiyyətini, üzündəki kədəri, gözündəki sönüklüyü, küskünlüyünü indi anlamışdım. Son illərdə mən anamdan incikdim, elə bu şəhəri tərk edəndə də. Pıçıltısındakı kədəri, məndən gözləntilərinin içinə yüklədiyi ağırlığı anlaya bilməmişdim. Mənim kiçik əllərimdən umduğunu  görə bilməmişdim. Qəhər əvvəl burnumu, sonra içimi göynətdi. 
-"Sənin balaca əllərin mənim böyük yaralarımı sağalda bilərdi. Sən əllərini arxanda gizlədib yarama toxunmaq istəməyəndə mən çox tək qaldım” – təsadüfən ananız  buna bənzər sözlər pıçıldamayb sizə?
Dəniz çaşqın halda üzümə baxıb döyükdü. Ürəyim beynimin içində vururdu elə bil, amma sakit görünməyə çalışırdım. Çoxdan etmədiyim hərəkəti etdim - masanın altında budumu sıxıb onun ağrısıyla içimdəki ağrını basdırmaq istədim. İllər öncə etdiyim kimi...
Uzun illərdi xatırlamaq, üzləşmək istəmədiyim şeylər hücum edib hüzurumu pozmuşdu. Dənizə qarşı kin duymağa başladım. Qalxıb getmək istəyirdim.
- Bunun kimi gözəl deyildi , amma demişdi. Onu atamın yumruqlarından qorumayan günlərdə məndən küsdüyünü söyləmişdi. Düzdür, anamla münasibətərimiz düzəlmişdi, amma bu sözün  açdığı boşluq zaman-zaman məni udurdu. Başıma yaxşı olmayan bir iş gələndə, biri mənə haqsızlıq edəndə, pis adamlarla qarşılaşanda bunu haqq etdiyimi düşünürdüm. Anamın o sözü içimdəki qaranlığı böyüdüb özümdən böyük etdi, illərcə əzildim. Amma sonra...
- Anladız ki, pis adam olduğunu düşünənin xilas olmağa  çalışması özünü  yaxşı sananların qaldıracağı yük deyil. Eləmi?
-Hardan bildiz?- Dəniz mənə heyrətlə deyil, sakit baxırdı.
- Çünki eynisini yaşadım.  İllər uzunu özümü anama bəyəndirməyə,  onun gözlərindəki vəhşini  öldürüb özümü yenidən ora köçürməyə çalışdım. O sözün məndə açdığı yaranı sağaltmaq üçün çabaladıqca, qarşılaşdığım pislikləri haqq etdiyimi düşündükcə, daha yaxşı biri olmaq üçün  bəzən özümü əzdirdim, ya da istəmədiyim halda birinə gülümsədim.  
Pərt olmuşdum, birdən-birə dinləyicidən danışana çevrilmişdim çünki. 
-Əslində, mən sizi dinləməliyəm, siz məni yox, - gülümsəməyə çalışdım. - Kiməsə pislik etdiyiniz oldumu? 
-Bilmirəm. Məsələ pislik və ya yaxşılıq etmək deyil. Ən azından indi.  Mənim yalnızlığım... İllərcə dostum olsun deyə kimlik dəyişdim, o "pis” atamın olduğu yanımı görməsinlər deyə... Məsələn,  hətta bildiyim şeyləri də anlamayan məsum biri kimi davrandım mən. İllərcə... Amma heç kim də mənimlə qalmadı. Əvvəl mənimlə dost olmaq istəyənlərin hamısı bir müddət sonra sakitçə çəkilib getdilər. Onda  "pisəm” duyğusu məni daha da əzdi, "Demək ki, məsum görünmək işə yaramır” düşünüb günlərlə əzab çəkdim. Daha cəlbedici kimliklər axtarmağa başladım. Eynən anamın gözündə yaxşı olmaq istədiyim kimi... Sonra bu hiss də yox oldu. Sadəcə səssizlik qaldı. 

***

-Keçən gecə atamın ölməyinə kədərlənməyəndə içimdəki səssizlik də yox oldu. 
-Atanız öldü?- İndi hekayə başqa bir məcraya yönəlirdi.  
-Hə, keçən gecə. İndi  yaşadığı evdədir. Bir azdan kimsəsizlər məzarlığında basdırmağa aparacaqlar. Onunla yaşamırdım, heç görüşmürdüm də. Anam öləndən sonra evdən getdim. O bir qadınla yaşamağa başladı, sonra ondan da ayrıldı, sonra daha birindən. Hardansa telefon nömrəmi tapıb zəng vurmuşdu, danışmaq istəmədim. İçimdə ona qarşı heç nə yoxdu. Keçən gecə yenə ondan zəng gəldi, vəziyyəti yaxşı deyildi. Əvvəl getmək istəmədim, amma sonra... 
-Necə öləcəyini görmək istədiz?
-Hə, hə, eynən. Getdim, divanda uzanmışdı. Üzümə baxdı, mən də düz onun gözlərinin içinə baxdım. Deyirlər ha, yalançılar qarşısındakının gözlərinə düz baxa bilmir. Yalandır, mənim atam tanıdığım ən yalançı adamdı, dübbədüz də gözlərimin içinə baxardı. Keçən gün də baxdı. Düz gözlərimə.
-Dəyərdimi? Bizdə də hamının ailəsində olanlar oldu, dəyərdimi ananın boşanmağına?  Sənin anan müdrik qadın deyildi, reaksiyaları sağlam deyildi. Əgər səni sevsəydi, indi ailəmiz vardı. Anan şübhələrini həqiqət kimi gördü. Xarakteri ailə həyatına uyğun deyildi. Bizdəkilərdən daha çox olan ailələr var, indi xoşbəxt yaşayırlar.
Mən səssizcə onu dinləyirdim. Bəlağətli, nizamlı danışırdı yenə. Anamı günahlandırırdı. Heç nə dəyişməmişdi. Açığı, ora gedəndə üzr istəyəcəyini, əfv diləcəyini zənn etmişdim. O zaman necə hərəkət edəcəyimi bilmirdim. Onu bağışlayardımı, ona ürəyim yanardımı, mərhəmət hiss edərdimmi ona qarşı? Yol boyu bunları düşünmüşdüm. O danışdıqca sakitləşdim, çünki  yenə eyni adamla, tanıdığım biriylə üz-üzə oturmuşdum. 
Onun məndən nəsə istəməsini arzulayırdım.  Xeyli sonra dilləndi, ağrılarının artdığını deyib masanın üstündəki dərmanı və suyu istədi. Qalxdım. Dərmanı, suyu götürüb ona yaxınlaşdım,   o, əlini uzadanda stəkanı əlimdən yerə buraxdım, başımı əyib ayağımın yanında yaranmış gölməçəyə uzun-uzadı baxdım. Sonra dərmanı yerə atıb tapdadım. O an içimdə yığılan hər şeyi əzdiyimi hiss etdim. Bir azdan nələrsə deyib zarımağa, daha sonra yalvarmağa başladı. 
Çəkilib bir kənarda oturdum. Yenə sakit idim. O yenə zarıyıb yalvaranda qəribə bir şey baş verdi. Mən mən olmaqdan çıxdım. Beynim heç görmədiyim bir filmin kadrlarını izləyirmiş kimi idi. O filmin qəhrəmanı da mən yox, anamdı. Mənim əvəzimə də o qalxdı, stəkana su tökdü, dərmanı götürüb atama yaxınlaşdı. 
-Bunları sənə mən vermədim, anam verdi. Mən vermədim. 
Atamın gözləri böyüdü, su boğazında qaldı, boğulub öskürməyə başladı. Anam çəkildi və mən yenə tək qaldım.  
-Nə sərsəmləyirsən sən, nə danışırsan?- boğula-boğula dedi. İllərdir özünü inandırdığı yalanlar  dağılıb tökülürdü. "Pis olan ən yox, anandı” yalanı onu  ayaqda saxlayan yalandı.  Bu dayağı onun əlindən almışdım. Öz gerçək kimliyi ilə üzləşmişdi. 
-Anan yoxdu, öldü. Sənə yiyə dura bilmədi, səni atasız qoydu.
-Anam var, qəbirstanlıqdadır. Burdan çıxıb ziyarətinə gedəcəm. Amma sənin heç dəfnində də olmayacam, heç məzarına da gəlməyəcəm. Səni kim harda basdıracaq, heç ondan da xəbərim olmayacaq. Qəbrin kimsəzilər məzarlığında itib-batacaq. Diriykən mənə ata ola bilmədinsə, ölüykən də olmayacaqsan. Diriykən bir şey ola bilməyənlər ölüykən də heç kim olaraq qalmalıdırlar. 
Aramla danışırdım, qalxıb getmirdim. Onun boğula- boğula ölməsini izləyirdim. Xeyli çəkdi. Mən heç nə hiss etmirdim. İnanın, bu qisas da deyildi, qisas olacaq durum da yoxdu. Sadəcə gözləyirdim. Ya da bəlkə onun ölməsindən əmin olmaq istəyirdim.
Gecə 1-ə 25 dəqiqə işləmiş son nəfəsinin verib gözlərini tavana dikdi. Qalxdım, yaxınlaşıb  üzünə baxdım. Tüpürcəyi həmişəki kimi dodaqarının küncünə yığılmışdı. Gözlərinə baxanda əmin oldum ki, mənim qaranlıq yanım bu adamdı. 
Gözlərini qapamadım, toxunmaq istəmirdim ona. Qapını arxamca bağlayıb qonşunun qapısını döydüm.
-Sugra xala, öldü, mən basdırmayacam. Zəng edəcəm, sabah gəlib aparıb kimsəsizlər  məzarlığında dəfn eləsinlər. 
Qadın bir söz demədi. Gözlərində mənə qarşı hiddət də yoxdu. Liftə minmədim, pilləkənləri enib həyətə çıxanda sakitləşdim.
  Sonra bura gəldim.

***

Ofisiant səhər yeməyi gətirdi. Dəniz arada mənə baxıb başını tərpədir, ağzındakı tikəni tələsik udub kəsik- kəsik nəsə deyirdi. Mən həyəcanlı idim. Qapı açılıb örtüldükcə səhər havası içəri xoş bir sərinlik yayırdı. Pəncərədən görünən dənizin  qırışları açılmışdı, atlas kimi parıldayırdı. 
-Niyə məni seçdiz? Burda çox adam vardı.
Dəniz əlindəki tikəni boşqaba qoyub üzümə baxdı. Üzü indi daha sakit və aydındı. Gözlərinin ətrafındakı qırışlar dənizin üzərindəki qırışlar kimi açılıb yox olmuşdu. 
-Çünki sən buralardan deyilsən. Dövrün birini qapadıb yenisinə keçəndə nankor övlad kimi sorğulanmaq istəmədim. Hekayəmin  içində nə olduğunu bilənlər də, bilməyənlər də  onlar kimi olmadığıma görə mənə nifrət edəcəklər. Məsələn, o qapını eləcə örtüb çıxa bilmədiklərinə  görə kin bəsləyəcəklər. Özümü qorumaq istədim.
-Azad ola bilməyənlərin azad ola bilənlərə nifrət etməsi kimi.
-Eynən. Ola bilmədiyinə nifrət etmək özünü  öz əzikliyindən qoruya bilmənin bəlkə də tək yoludur. Mənə qarşı çevrilmiş nifrət mənə yox, nifrət edənlərin özlərinədir. 
-Susa da bilərdiniz.
- Doğrudur, amma sizi görəndə danışmaq istədim və şansımı sınadım.

***

Dəniz hekayəsini danışıb getmişdi. 
Dərindən nəfəs alıb gözlərimi açdım. İpək kimi zərif səhər mehi dərimə toxunub keçdi.  Geri qanrılıb Dənizin getdiyi istiqamətə baxdım. Yorğundum. Amma rahat nəfəs alırdım. Ürəyim sakit döyünürdü. Dərindən köks ötürdüm. İlk addımımı atdım. 
"Sənin balaca əllərin mənim böyük yaralarımı sağalda bilərdi. Sən əllərini arxanda gizlədib yarama toxunmaq istəməyəndə mən çox tək qaldım”. Anamın pıçıltısı qulağımdan süzülüb keçdi. Balacaların böyükləri qorumaq missiyası yoxdu, bundan əmindim, amma Dənizin hekayəsini dinlədikdən sonra anlamışdım - burda heç bir qadına  böyüməyə imkan verilmir.  İllər əvvəl tək etdiyim ölkənin ən böyük gerçəyini anam illər əvvvəl mənə pıçıldamışdı. 

Axşam tərk edəcəyim bu şəhərdə getmək istədiyim tək yerə üz tutdum. Anamın məzarını ziyarət edəcəkdim. 

2 iyun, 2024

Seçilən
24
arqument.az

1Mənbələr