AZ

Qubadlının tarixini yaşadan məkan - Tarix-Diyarşünaslıq Muzeyi

Image

Muzeylər şanlı-şöhrətli keçmişimizi yaşadan, dünənimizdə baş verən hadisələri unudulmağa qoymayan, obyektiv gerçəklikləri gələcək nəsillərə çatdıran məkanlardandır. Dövlət rəhbərliyi vacib və əhəmiyyətli bir missiya ilə məşğul olan bu mədəniyyət müəssisəsindən diqqət və qayğısını heç zaman əsirgəməyib. Tarixin danışan dili, vizual ekran-efiri sayılan belə muzeylərdən biri də Qubadlı Tarix-Diyarşünaslıq Muzeyidir. 

Qədim oğuz-türk yurdu olan Zəngəzurun Qubadlı rayonu çoxsaylı tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Bunların içərisində qədim qəbiristanlıqlar, mağaralar, məbədlər, qalalar , türbələr, tağlı körpülər xüsusi yer tutur. Bildiyimiz kimi, Qubadlı 1993-cü il avqust ayının 31-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal olundu. Rayonun işğalını təəssüf hissi ilə qarşılayan Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının adıçəkilən bölgəsinə və buranın sakinlərinə münasibətini belə ifadə edirdi: “O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılılar Qarabağa, Laçına, Kəbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından bərk sarsıldım”.

Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də Ulu Öndərimizin sərəncamı ilə 1980-ci il il may ayının 6-da təsis olunub. Muzeyə qısa müddətdə minlərlə tarixi əşya toplanıb, hədiyyə edilib. Muzey qədim dövr, sovet dövrü, fauna və flora  və s. bölmələrdən ibarət idi. Burada 5000-ə yaxın eksponat vardı. İşğal nəticəsində Tarix-Diyarşünaslıq Muzeyi də erməni qəsbkarları tərəfindən dağıdılmış, eksponatları, muzey əşyaları tamamilə məhv olmuş, oğurlanmış, talan edilmişdir. 

Məcburi köçkünlük dövründə yaranan məkan, əməkhaqqı problemi, muzey işçiləri müxtəlif yerlərdə məskunlaşmalarına baxmayaraq, kollektiv əsl vətənpərvərlik və cəfakeşlik nümunəsi göstərdi. Onlar öz işlərindən ayrılmadılar, yeni əşyalar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək arzularını bildirdilər. 2013-cü ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun təklifi ilə mədəniyyət müəssisəsi Sumqayıt şəhərində yerləşən İcra Hakimiyyətinin binasına – müasir, geniş, işıqlı otağa köçürüldü.

Elə muzeyin kiçik kollektivi və eksponatları ilə də orada tanış olduq. Onlar yaradılan şəraitə görə icra başçısına minnətdarlıqlarını bildirdilər, daim dövlətçiliyə sədaqətlərini, dövlətin mədəniyyət siyasətinin icrasına hazır olduqlarını söylədilər.  Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Xatın Ağayeva bildirdi ki, Azərbaycan əraziləri zaman-zaman yadelli təcavüzlərinə məruz qaldıqda, xalqımız dağlara çəkilərək doğma vətənini müdafiə etmişdir: “Bu baxımdan Zəngəzur həmişə Azərbaycan xalqının qəhrəmancasına mübarizə mərkəzi, alınmaz qalası olub. Zəngəzur, o cümlədən Qubadlı strateji cəhətdən və relyefinə görə ən əlverişli coğrafi mövqeli, müdafiə qabiliyyətli qədim torpaqlarımızdır və əhalisi bütünlüklə azərbaycanlılardır. Bütün bu tarixi faktların mühüm məxəzi olan muzeyimiz də ilk olaraq 1968-ci ildə Qubadlı rayon Mədəniyyət Şöbəsinin müdiri Süleyman Rüstəmovun zəhməti əsasında yaradılıb və Mərkəzi Kitabxanadakı kiçik bir otaqda yerləşdirilib”. 

Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Günel Quluzadə fondda əsasən XX əsri əhatə edən 1091 eksponatın qorunduğunu söylədi: “Bunların içərisində mis, saxsı qablar, keramika, toxuculuq məmulatları, əslən Qubadlı rayonundan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları, fotoları, xalq qəhrəmanı Qaçaq Nəbidən bu günə qədər - Birinci Qarabağ müharibəsində, 2016-cı il Aprel döyüşlərində, həmçinin 44 günlük Vətən savaşında canını fəda edən Milli Qəhrəmanlara, şəhidlərə həsr edilmiş guşə və stendlər təşkil olunub. Muzeyin XIX əsrə aid eksponatları da var”.  
Kollektiv hazırda 4 əməkdaşla fəaliyyət göstərir. Fond nəzarətçisi Tərlan Əsədova və başqaları işlərinə böyük məsuliyyətlə, eksponatlara qayğı ilə yanaşırlar.

30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız Vətən müharibəsində hərbi-siyasi yolla əsl sahiblərinə qovuşdu və şanlı Zəfərə aparan hər gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İşğaldan azad edilmiş Qubadlı rayonunda – doğma yurdumuzda Tarix-Diyarşünaslıq Muzeyinin yenidən bərpası hər bir sakinin arzusudur. Muzeyin memarlıq quruluşu  rayonda yerləşən tarixi abidələrdən, üzərindəki müxtəlif milli elementlərdən, xüsusilə qoç heykəllərindən ilhamlanaraq onun formalaşdırılması tariximizin yaşadılması istiqamətində uğurlu addım olardı.


Qurban CƏBRAYIL






Seçilən
10
baki-xeber.com

1Mənbələr