AZ

Plovu daha az yeyəcəyik?! - İSTEHLAK

Yazını böyüt
Yazını kiçilt

Azərbaycana idxal edilən düyü bahalaşıb. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3 faiz və ya 7092 ton, dəyər baxımından isə 36.4 faiz və ya 13 milyon 353 min dollar çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib. Beləliklə, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 16.3 faiz artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.39 faizinə bərabər olub.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə isə 2024-cü ilin avqust ayında Azərbaycanda yumru düyünün 1 kq-nın orta satış qiyməti 3.03₼ təşkil edib.

Bu əvvəlki ilin avqust ayı ilə müqayisədə 0,11₼ və ya 4 faiz çoxdur. Bununla yanaşı yerli istehsal olan yumru düyünün 1 kq-ının qiyməti 3,23₼ təşkil edib ki, bu da illik fərqlə 0,18₼ və ya 6 faiz çoxdur. Xaricdən gətirilmiş düyünün 1 kq-nn qiyməti isə 2,92₼ təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,08₼ və ya 3 faiz çoxdur.

2024-cü ilin avqust ayında Azərbaycanda uzun düyünün 1 kiloqramının orta satış qiyməti 4.50₼ təşkil edib. Bu əvvəlki ilin avqust ayı ilə müqayisədə 0,11₼ və ya 2 faiz azdır. Bununla yanaşı yerli istehsal olan uzun düyünün 1 kq-ının qiyməti 4,52₼ təşkil edib ki, bu da illik fərqlə 0,76₼ və ya 14 faiz azdır. Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 4,36 ₼ təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,30₼ və ya 7 faiz çoxdur.

Məlumat üçün bildirək ki. 2023-cü ilin avqust ayında 1 kq uzun düyünün orta qiyməti 4,61 manat təşkil edib.

Yeri gəlmişkən, hazırda ölkə əhalisinin düyüyə olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir. Azərbaycanda isə ildə 15-20 min ton çəltik istehsal olunur. Emaldan sonra bunun təqribən 30-40 faizi, başqa sözlə desək, 8-10 min tonu hazır məhsul kimi təqdim edilir. Tələbatı ödəmək üçün Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan düyü idxal edilir. Uzun düyülərin əsas satıcısı Şərq ölkələridir, yumru düyüləri isə Qazaxıstan, Rusiya və Özbəkistandan gətiririk.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hazırda müxtəlif ölkələrdə düyü bahalaşan ərzaq məhsulları arasındadır: “Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də, məsələn, İranda da düyü bahalaşıb. Buna səbəb iqlim şəraitidir. Düyü Azərbaycana əsasən Hindistan və Cənub Şərqi Asiya ölkələrindən idxal olunur. Afrika və Cənibi Asiya sahillərində tufanlar baş verib. Bu da düyü, kakao, kofe üçün uyğunsuz təbii iqlim şəraiti yaradır. Ona görə də idxal qiymətləri artıb və bu da istər-istəməz bazara təsir göstərib".

Onun sözlərinə görə, Hindistan düyü bazarının təxminən 40 faizini təşkil edir: "Düyü, kakao üçün iqlim şəraitinin olmaması ona gətirib çıxardı ki, məhsuldarlıq aşağı düşdü. Kakao dünya bazarında dəfələrlə bahalaşıb. Düyüdə də bahalaşma olub. Hindistan özü bazarını qorumaq üçün ixraca məhdudiyyət qoydu. Azərbaycana 70-80 faiz düyü Hindistandan idxal olunur. Basmati düyülərinin hamısı Hindistandan gəlir. Bu da ölkədə düyünün bahalaşmasına gətirib çıxarır".

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli isə qeyd edib ki, düyünün bahalaşma səbəbi düyü istehsalçısı olan Hindistanın dünya bazarına tətbiq etdiyi rüsumun artması ilə bağlıdır: “Bu da dünya bazarında düyünün satış qiymətinin artmasına səbəb olur. Yaranmış vəziyyət istər-istəməz Azərbaycana da təsir edir. Beləliklə, düyünün qiyməti artmaqda davam edir”.

Ekspertin sözlərinə görə, ölkəmizdə də düyü istehsal olunur: “Əsasən, cənub zonasında düyü yetişir. Daxili istehsal yetərli səviyyədə deyil. Daxili istehsal ölkənin təxminən 20 faizini təmin edir. Danılmaz faktdır ki, hökumət bu sahəni stimullaşdırır, subsidiya verir. Ancaq bu sahədə görülən işlər kifayət etmir. Hesab edirəm ki, yerli düyü istehsalını inkişaf etdirmək üçün stimullaşdırıcı addımlar artmalıdır. Elə işlər görülməlidir ki, ölkə tələbatının təxminən 50-60 faizi yerli istehsal hesabına təmin olunsun, idxaldan asılılıq azalsın. Hesab edirəm ki, hökumət bu istiqamətə diqqət göstərməlidir, müəyyən dəyişiklik olunmalıdır. Fermerlər daha çox stimullaşdırılmalıdır ki, ölkə daxilində düyü istehsalı artsın. Buna şərait yaradılmalıdır”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, hazırda düyünün qiymətində ötən il ilə müqayisədə 1.5 dəfə artım var: “Yaponiya ən çox düyü istehlak edən ölkədir. Onlar da etiraf edirlər ki, bu il qiymətlər daha yüksəkdir. İyul ayında qiymətlər 12 faizə qədər enmişdi. Yenidən təkrar qalxdı. Şərq bazarlarında qiymətlər ötən ilə nisbətən 30 faiz çoxdur. 2023-cü ildə dünya bazarlarında təklif  və məhsullar az idi. Ona görə qiymətlər artdı. Bu halı aradan qaldırmaq üçün müvafiq işlər görüldü. Bazarda yaranan yüksək tələbin qarşısını almaq üçün ayrı-ayrı ölkələrin istehsalçıları istehsalı artırıblar. Hesab edirlər ki, 2024-cü ilin sonuna qədər qiymətlər normallaşacaq”.

Ekspert qeyd edib ki, ilin sonuna qədər düyünün qiyməti stabilləşəcək: “2023-cü ildəki qiymətlərlə eyni olub-olmayacğı bəlli deyil. Qiymətlər nə qədər aşağı ensə də, yuxarı hesab olunacaq, lakin 1.5 dəfə qiymət artımı da müşahidə etməyəcəyik. Qiymətlər getdikcə stabilləşəcək. Məhsulun qiyməti tələb və təklifdən asılıdır. Qış aylarında tələb daha çox artarsa, hər şey ola bilər. Düyü su tələb edən məhsuldur. Su baxımdan qıtlıq yaranır. Ona görə, bəzi ölkələr becərə bilmirlər. Təbii ki, burada qiymət dəyişikliyi baş verə bilər. Elmi-texniki tərəqqi ilə bu problemi həll edə bilərik. Düyünün qiyməti artdıqca bu sahəyə maraq da daha çox olacaq. Qiymət artımı ilə əlaqədar Azərbaycanın bir çox bölgələrində, eləcə də  Lənkəranda bu sahəyə diqqət artırılır. Qiymət artımı bir tərəfdən mənfi olsa da, digər tərəfdən müsbətdir. Qiymətlərdəki artım ölkədə bu sahəni stimullaşdıracaq”.

Mütəxəssisin sözlərinə görə, düyünün qiyməti 2008-ci ildə ən yüksək həddə çatıb: “2024-cü il düyü bazarının ağır dövrüdür. Bu sahəyə investisiyalar artacaq. Yaponiya və Çində bu sahələrə investisiyalar çoxalıb. İnanıram ki, Azərbaycanda da artacaq”.

Seçilən
13
hafta.az

1Mənbələr