AZ

Süni intellekt ilə cəza təyinetmə: Etik problemlər və hüquqi dilemmalar – FOTOLAR

Hüquqşünas Əli Qədimov və Yunis Xəlilovun birgə təşəbbüsü ilə bu ilin sentyabr ayının 15-də yaradılan “The Legal Beacon” (“Hüquq mayakı”) klubu Naxçıvan şəhərində sayca üçüncü tədbirini keçirib. Tədbirdə “Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, hüquqşünas Atilla Öztürk də iştirak edib.

Medianews.az xəbər verir ki, “Süni intellekt ilə cəza təyinetmə: Etik problemlər və hüquqi dilemmalar” adlanan debat-müzakirəsinin budəfəki mövzusu da tələbələr, vəkillər və jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Misrospft Teams” vasitəsilə onlayn şəkildə Naxçıvan və Bakıdan da çoxsaylı tələbələr, vəkillər, jurnalistlər və digər peşə sahiblərinin qatıldığı debatda müzakirələr zamanı mövzu barədə ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrin fikirləri dinlənilməklə yanaşı, onlara debat suallar ünvanlanıb, eyni zamanda süni intellektin bir hakim kimi konkret cinayət əməlini törətmiş təqsirləndirilən şəxsə cəza təyin etməsinin mümkünlüyü və problemlərinə dair video çarxlar nümayiş etdirilib.

Dünya ölkələrinin təcrübəsində hüquq pozuntularının mühakimə olunmasında süni intellektdən istifadə edilməsinə dair məlumatlar verilən tədbirdə cəza təyini zamanı süni intellektin üstünlükləri və risklərinə, habelə süni intellektin məhdudiyyətlərinə də toxunulub.

Tədbirdə Çində fəaliyyət göstərən İnternet məhkəmələri və insan görünüşlü və səsli rəqəmsal hakim barədə, İngiltərədə fəaliyyət göstərən “Traffic Penalty Tribunal” adlı onlayn yol hərəkəti üzrə cəza məhkəməsi haqqında, ABŞ-də məhkumların təkrar cinayət törətmə riskini hesablayan “Compas” adlı, eləcə də rəqəmsal dəlil toplanması və onların təsnif edilməsinə kömək edən “e-Doscovery” adlı, habelə ədalət mühakiməsinin sonunda veriləcək qərarları təxmin etməyə çalışan “Scotus” adlı süni intellekt proqramları ilə bağlı maraqlı məlumatlar da verilib.

Qeyd edək ki, hər həftənin bazar günü saat 15:00-17:00 arasında fəaliyyət göstərməsi nəzərdə tutulan klubda hüquqşünaslıq ixtisasının tələbələri, hüquqşünasları və mövzularla maraqlanan istənilən şəxs üçün maraqlı təlimlər, diskussiyalar, debatlar keçirilir.

Seçilən
3
1
medianews.az

2Mənbələr