AZ

Laçın və İrpen şəhərləri qardaşlaşıb

Laçın, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Ukrayna nümayəndə heyəti Laçın şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Azərbaycanın Laçın və Ukraynanın İrpen şəhərlərinin qardaşlaması haqqında memorandumun imzalanması olub.

Görüşdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və nümayəndəliyin məsul şəxsləri, Ukrayna nümayəndə heyətinin üzvləri - İrpen şəhərinin meri Oleksandr Markuşin və Ukraynanın ölkəmizdəki səfirinin birinci katibi Andrey Onişenko iştirak ediblər.

Memorandum Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və İrpen şəhərinin meri Oleksandr Markuşin tərəfindən imzalanıb. Memoranduma əsasən, tərəflər tarixi-mədəni irsin qorunması, şəhərsalma, ətraf mühitin mühafizəsi, abadlıq, ictimai nəqliyyat, informasiya texnologiyaları, enerji səmərəliliyi, tullantıların idarə edilməsi, gənclər və idman sahələrində məlumat və təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.

Daha sonra Laçın şəhəri ilə tanışlıq olub. Qonaqlar kitabxanada, Laçın şəhər 2 saylı tam orta məktəbdə, “Hoçazfilm”in çəkiliş pavelyonunda, “Gilabi” yaradıcılıq mərkəzində və Sus kənd uşaq bağçasında olublar.

İrpen şəhərinin meri Oleksandr Markuşin açıqlamasında deyib: “Bu gün xüsusi bir gündür. Ukrayna ilə Azərbaycan arasında onilliklər ərzində mövcud olan dostluq əlaqələrimizi rəsmi olaraq möhkəmləndiririk. Bu gün biz münasibətlərimizin inkişafında yeni səhifə açırıq. Qarşıda çoxlu birgə layihələr, mədəni mübadilələr, uşaqlarımızın sağlamlığının yaxşılaşdırılması, iqtisadi təşəbbüslər olacaq. Biz bir-birimizdən öyrənib, gələcək təcrübə mübadiləsinə, o cümlədən icmalar üçün birgə səmərəli işlərin qurulmasına töhfə verəcəyik”.

O, həmçinin qeyd edib ki, Azərbaycan xalqının dəstəyi Ukrayna üçün əvəzsizdir: “Azərbaycanın mövqeyinə və qardaş köməyinə görə hər zaman minnətdar olacağıq”.

Markuşin xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, Azərbaycan Hökuməti SOCAR ilə birlikdə İrpenin mühüm binalarını, xüsusən Zərifə Əliyeva adına 12 saylı liseyi, şəhər klinikasını qısa müddətdə bərpa edib.

Bugünkü görüşün böyük əhəmiyyət daşıdığını bildirən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov isə deyib: “Bu gün Laçın və İrpen şəhərləri arasında qardaşlaşma əlaqələri üzrə memorandum imzalandı. Memorandum şəhərlərimizin tarixi, mədəniyyəti və həyatı ilə yaxından qarşılıqlı şəkildə tanışlıq, həm də dostluq əlaqəsinin yaradılması üçün nəzərdə tutulub. Bu əlaqə nəinki beynəlxalq müstəvidə, həmçinin şəhərlərin icmaları arasında iqtisadi, mədəni, turizm və təhsil sahələrində də əlaqələrin inkişafına töhfə verəcək. Şəhərlərarası münasibətlərin həyata keçirilməsi çərçivəsində nümayəndə heyətlərinin idman və bədii kollektivlərinin səfərləri, şəhərlərin həyatını əks etdirən fotosərgilərin nümayiş etdirilməsi nəzərdə tutulur. Həmçinin şəhər idarəetməsi təcrübəsi sahəsində fikir mübadiləsi aparılacaq. İrpen şəhəri Ukraynanın paytaxtı Kiyevdən 5 kilometr aralıda yerləşən 100 min əhalisi olan bir şəhərdir. Merin sözlərinə görə 100 minlik əhalinin 3 mindən çoxu Azərbaycan icmasıdır. Əlbəttə ki, gələcəkdə qardaşlaşma əlaqələrinin inkişafında bizim icmanın rolu da müstəsna əhəmiyyətə malik olacaq”.

Laçın şəhərinin Böyük Qayıdış proqramı əsasında yenidən qurulduğunu diqqətə çatdıran Məsim Məmmədov əlavə edib: “Laçında bərpa işləri sürətlə həyata keçirilir. Burada əhalinin köçürülməsi və şəhərlərin qurulması zamanı perspektivlər öyrənilir. Eyni zamanda, Laçının və işğaldan azad olunan digər ərazilərin tanınması, burada gedən işlərin bilinməsi üçün məlumatlandırmanın beynəlxalq səviyyədə aparılması çox vacibdir ki, biz də bunu ardıcıl şəkildə həyata keçirəcəyik”.

Seçilən
1
4
azertag.az

5Mənbələr