AZ

"Onu əvəz etmək həm bahalı olacaq, həm ağrılı"

"İnsan bədənində ən sakit, dinməz və lal orqan qaraciyərdir. Heç qayğı göstərməsən, daim yükləsən, incitsən heç vaxt səsini çıxartmayacaq. Amma günlərin bir günü başını yerə qoyacaq və onu bərpa etmək mümkün olmayacaq. Nəticədə ən yaxşı çıxış yolu transplantasiya olacaq. Bu isə həm bahalı prosesdir, həm də əvvəlki kimi funksionallığın tam bərpası mümkünsüzdür".

Ölkə.Az xəbər verir ki, bunu insan resursları üzrə mütəxəssis Roman Süleymanov deyib. O, peşəkar, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları şirkətin qaraciyərinə bənzədib:

""Bu tibbi məlumatın linkedinə nə aidiyyəti var?" soruşa bilərsiniz. Mən ideal, peşəkar və əxlaqlı, zəhmətkeş, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları şirkətin qaraciyərinə bənzədirəm. Onları yüklədikcə qayğı da göstərmək lazımdır. Vaxtı-vaxtında təqdir etmək (recognize), maddi və qeyri-maddi motivasiyaları, iş-həyat balansını və digər şeyləri təmin etmək lazımdır ki, əməkdaş günlərin bir günü qaraciyər kimi “başını yerə qoymasın”. Yoxsa, onu əvəz etmək həm bahalı olacaq, həm ağrılı, həm də bərpası uzun çəkəcək. Odur ki, kritik funksiyları icra edən belə əməkdaşlara xüsusi diqqət olmalıdır. Əgər onlar sakitcə başını salıb işləyirsə, gəlib maaş artımı, vəzifə artımı tələb etmirsə, bu o demək deyil ki, əməkdaşı hər şey qane edir və rəhbərlər hər hansı bir tədbir görməməlidir.

Menecer olaraq, narazılıq edə bilərik ki, "əşi əməkdaş da heç olmasa bir dəfə eyham vuraydı. Axı indiyə qədər kim nə istəyib etmişəm və s. və i." Amma unutmayaq ki, hər kəs cəsarətli və ektrovert olmur. Bəzən kritik rolda olan əməkdaşın bazarda dəyəri də yüksək olur və o maaş davası döymür, əvəzində digər şirkətlərin qapısını döyür. Odur ki, bu cür əməkdaşlara qarşı diqqətli və ehtiyatlı davranmalı, onları küsdürməməli və vaxtlı-vaxtında müraciət etməsələr da tədbirlər görməliyik".

Seçilən
31
1
olke.az

2Mənbələr