AZ

Ətin qiyməti qalxıb deyənlərə... -FELYETON

Yüz ildir ki, tibb də, təbabət də deyir və təsdiq edir ki, ət insanı qocaldır. Çox təəssüf ki, biz də ət sevənik. Odur ki, nə tibbə, nə də təbabətə məhəl qoyuruq. Bildiyimiz biləyimizdəcə, öz yolumuzla gedirik, elə ki, əlimizə pul keçdi, ilk düşündüyümüz ət olur, ala bilsək də, bilməsək də. Hələ aramızda elələri var ki, içində ət olmayan yeməyi yemir. Deyir ki, bundan yemək çıxmaz. Soruşanda da ki, nə üçün? Deyir ki, içində qırmızı şey olmayan yemək deyil.

Ölkəmizdə də nə qədər desən, toyuq, ət alverçisi var. Nə yaxşı da ki, var. Belə baxanda, onlar bizi özümüzdən çox istəyir. Sağlamlığımızın da qeydinə qalırlar, sağ olsunlar. Ətin, toyuğun qiymətini özləri istəməyərək, bizə xətir hərdən çox azca qaldırırlar ki, bəlkə pul tapıb ala bilməyək. Görürlər ki, yox, bu, camaata kar etmir. Elə yenə də əllərinə pul düşdümü, “ziyandır”,- bilmir, ət, toyuqdur ki, daşıyırlar. Belə olanda yenə bizə xətir qiyməti bircə damcı da qaldırırlar.

Bir də görürsən ki, camaat “bahadır”,-deyib ətə deyil, toyuğa meyl edir. Belə olanda bizi düşünənlər başlayır toyuğu broylerin gücləndirilmiş rejimdə istehsalına. Maşallah, elə işləyirlər ki, 3 günə 1-2 kiloqramlıq toyuq hazır olur, mağaza-marketlər də ağzınadək dolu olur. Al, ye...

Hərdən, sağ olsunlar, qırmızı ət xəstələrinə də yazıqları gəlir. Bunun üçün haralara üz tuturlar, Allah bilir. Bir də baxırsan ki, marketlər doldu şaqqa-şaqqa ətlərlə. Camaat əziyyət çəkib nə bu ətləri kəsəni, nə harada kəsildiyini görür.

Niyə də görməlidir ki? Yox, hələ iş-gücünü burax, bununla da maraqlan. Sənin ki, bu qayğını çəkənlər var, sağ olsunlar, gedib danışır, kəsdirib gətirir, doğrayıb yığırlar ora, sən də rahat al, ye də.

Ancaq çox təəssüf ki, bizim bu camaat sən deyən qədirbilən deyil ha... Yazıq alverçilər gedib o qədər əziyyət çəkib gətirib sizə su qiymətinə ət, toyuq verməyəcək ki. Elə hey eşidirsən ki, camaat narazıdır. Nədən? Qiymətlərdən. Deyirlər ki, ətlə toyuğun qiyməti hər gün qalxır.

Harada qalxdı axı? Cəmi-cümlətanı son bir ayda erkək dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14-14,5 manatdan 15,5-16 manata, quzu ətinin bir kiloqramının qiyməti 17-18 manatdan 19-20 manata, toyuq ətinin qiyməti isə 5-5,9 manatdan 6-6,3 manata qədər yüksəlib də. Niyə bu nə qədər artımdır ki, dilə alıb danışırsınız.

Hələ bu azmış kimi, toyuq yetişdirəni, ət gətirəni və satanı möhtəkir də adlandırırsınız. Əşi, bu insanlar sizi düşünür axı. Azacıq artım da hərdən ona görə olur ki, sizlər arada kartof, lobya, badımcan, əriştə, yarma, vermişel də yeyəsiniz. Yoxsa, nə qədər toyuq, ət yemək olar.

Camaat sizdən yana narahatdır ki, qocalmayasınız, həmişə gənclik təravəti üzünüzdə olsun, vaxtından əvvəl üz-gözünüz, əlləriniz qırışmasın, siz də sizi düşünənlərin adını möhtəkir qoyur, bu cüzi artımlar üçün səhərdən axşama deyinirsiniz.

Vallah, xətriniz qalsa da, deyəcəyəm, qədirbilən deyilsiniz. Sizi düşünənlərin qədrini bilmədikcə, Allah sizə heç pul da yetirməyəcək ki, ət alıb yeyə biləsiniz. Bir gün o möhtəkir adlandırdıqlarınız sizdən elə inciyəcək ki, qiyməti qaldırıb qoyacaq ceyranın belinə, onda marketlərdə ətə yalnız şüşənin arxasından baxa-baxa qalacaqsınız... Onda ağlınız başınıza gələcək.

Mətanət Məmmədova

Seçilən
11
sesqazeti.az

1Mənbələr