AZ

AİİB Mərkəzi Asiyada iqlim dəyişiklikliyə ilə mübarizənin maliyyələşdirilməsinə sadiqdir - Tsin Litsun

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Tsin Litsun Trend BİA-ya Azərbaycanda keçiriləcək COP29-dan öncə bankın regionda davamlı inkişafın təşviqində və iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə özəl müsahibə verib. Xatırladaq ki, Trend BİA qlobal informasiya məkanında bu regiondan xəbərlərin aparıcı təchizatçılarından biridir.

Səmərqənd,TurkicWorld

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Mərkəzi Asiya regionunda infrastrukturu və əlaqəni təkmilləşdirməyə, eyni zamanda iqlim dəyişikliyinə qarşı davamlılığı investisiyalarına inteqrasiya etməyə sadiqdir.

Bunu TurkicWorld-ə özəl müsahibəsində AİİB prezidenti Tsin Litsun deyib.

AİİB-nin Səmərqənddə keçirilən illik toplantısı çərçivəsində Tsin Litsun bankın bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, regional əlaqələrin gücləndirilməsi və iqlim problemlərinin həlli istiqamətində davam edən səylərini qeyd edib.

"Əlaqə, xüsusən də transsərhəd əlaqə, maliyyələşdirməmizin ən vacib sahələrindən biridir. Ancaq yadda saxlamalıyıq ki, bu cür layihələr və iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi bir-birinə bağlıdır. Avtomobil, dəmir yolu və ya metro layihələrini maliyyələşdirməklə biz nəqliyyatın səmərəliliyini artıra və karbon emissiyalarını azalda bilərik", - deyə o bildirib.

Bank prezidentinin sözlərinə görə, Mərkəzi Asiya ölkələri AİİB yarandığı ilk gündən onun inkişafında iştiraka böyük maraq göstərib.

"Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan bu mühüm maliyyə institutunun formalaşmasında fəal iştirak ediblər. Onların iştirakı vacibdir, çünki biz davamlı inkişafı, xalis-sıfır keçidi təşviq edirik və bütün regionda insanların həyatını yaxşılaşdırmaq üçün çalışırıq", - deyə, o bildirib.

Tsin Litsun Özbəkistanın bankın fəaliyyətində aparıcı rolunu vurğulayaraq, ölkədə əhəmiyyətli layihələr portfelinin olduğunu qeyd edib.

"Bu ilin yanvarında Prezident Şavkat Mirziyoyev gələcək əməkdaşlığı müzakirə etmək üçün Pekində AİİB-in baş qərargahını ziyarət edib. Özbəkistan bizim Mərkəzi Asiyada ən fəal üzvlərimizdən biridir. Biz artıq ümumi dəyəri 3,1 milyard ABŞ dolları olan 15 layihəni təsdiq etmişik və qarşıda bizi xeyli iş gözləyir", - Tsin Litsun qeyd edib.

Bundan əlavə, bank prezidenti AİİB-in Özbəkistanda, xüsusən də Buxarada infrastruktur və internet bağlantısı sahəsində layihələrə xüsusi diqqət yetirdiyini vurğulayıb. "Burada, Özbəkistanın Buxara şəhərində yol layihəsini maliyyələşdirmişik və gələcəkdə ölkə daxilində və qonşu ölkələrlə əlaqənin təmin edilməsi üzrə layihələrə də sərmayə qoymağı planlaşdırırıq", - o qeyd edib.

Tsin Lisun xüsusilə qarşıdan gələn COP29 konfransı fonunda regionda iqlim dəyişikliyi ilə mübarizənin vacibliyinə də toxunub.

"Biz diqqətimizi təmiz və bərpa olunan enerji layihələrinin təşviqinə yönəltmişik. Məsələn, Direktorlar Şurasının üzvləri və rəhbərlik 440 hektarlıq ərazidə yerləşən günəş elektrik stansiyasına səfər ediblər. Layihə 265 000 ev təsərrüfatını təmiz, bərpa olunan elektrik enerjisi ilə təmin edəcək. Biz karbon qazı emissiyalarını ildə 270 min ton azaltmağa kömək edəcəyik. Bu, böyük layihədir və biz bu istiqamətdə daha çox işlər görməyi planlaşdırırıq", - Tsin Lisun bildirib.

Azərbaycanda keçiriləcək COP29 tədbiri öncəsi AİİB prezidenti iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın qlobal əhəmiyyətini vurğulayıb.

"Biz COP27, COP28-də iştirak etdik və COP29-da da iştirak edəcəyik. İdeya digər çoxtərəfli inkişaf bankları, tərəfdaşlar və müxtəlif hökumət nümayəndə heyətləri ilə fikir mübadiləsi aparmaqdır. İqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi qlobal problem olduğunu xatırlamaq çox vacibdir. Ancaq birlikdə əməkdaşlıq edərək qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamağa ümid edə bilərik. Biz qarşıdan gələn COP29-u son dərəcə vacib hesab edirik və bu istiqamətdə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq aparırıq. Bu məqsədlə AİİB-in nümayəndə heyəti Azərbaycana səfər edəcək", - deyə bankın prezidenti vurğulayıb.

Seçilən
0
4
turkic.world

5Mənbələr