AZ

Nazir müavini: Son 10 ildə okeanların səviyyəsi artıb, ölkəmizdə isə su ehtiyatları azalıb

“Son 10 ildə dünya okeanının səviyyəsi 10 santimetr artıb. Azərbaycanda isə əksinə, iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, ölkəmizə transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə olunur. Son 30 ildə ölkəyə transfer olunan suların miqdarında azalma müşahidə edilir. Ümumiyyətlə Azərbaycanın su ehtiyatlarının son 30 ildə azalması 15 faizdən çoxdur. Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə su ehtiyatlarımız daha 15-20 faiz azalacaq”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ümumdünya Dəniz Günü ilə əlaqədar Xəzər həftəsi çərçivəsində Abşeron Milli Parkında keçirilən Xəzər festivalında çıxışı zamanı deyib.

Nazir müavini fikirlərinə belə davam edib: “1978-ci ildən etibarən hər il sentyabrın sonuncu cümə günü dünyada Ümumdünya Dəniz Günü kimi qeyd olunur. Azərbaycanda da son bir neçə ildir sentyabrın son həftəsi Xəzər həftəsi elan edilib. Xəzər həftəsi müddətində bu dənizin problemlərinə ictimaiyyətin diqqətinin çəkilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Xəzər qapalı su hövzəsidir. Okeanlarda gedən proseslərə əks olaraq Xəzər dənizi hər il öz səviyyəsini təəssüf ki, son 20 ildə itirir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsi 2.5 metrdən çox, ilə 7.5-8 santimetr azalır. Bu, özü ilə birlikdə bir sıra problemlər yaradır, həm su biomüxtəlifliyinin mühafizəsi baxımından, həm sahilboyu ərazilərdə problemlər müşahidə olunur. Azalmanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və azalma davamlı olarsa buna uyğunlaşma tədbirlərinin həyata keçirilməsi ilə bağlı ən müxtəlif müstəvilərdə müzakirələr aparılır. Azərbaycan da həmin müzakirələrin ən aktiv iştirakçılarından biridir.

Məlum olduğu kimi noyabrda COP 29 keçiriləcək, Bakı iqlim dəyişmələrinin yaratdığı problemlərin və onun təsirinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılacağı baş platforma olacaq. Ayyarımdan sonra həmin mötəbər tədbirin həm təşkilatçıları, həm də iştirakçıları olacağıq. COP29-un əsas mövzusu iqlim maliyyələşməsidir. Panellərdə müzakirə olunacaq əsas məsələlərdən biri də Xəzərin problemləri olacaq”.

Seçilən
2
4
banker.az

10Mənbələr