AZ

Türkiyədə şəhid və qazilərin şerlərindən ibarət kitab təqdim olunub

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada yazıçı, jurnalist Aida Eyvazlı Göytürkün tərtibatında “Zəfər qoxuyan şerlər” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un Ankara bürosunun məlumatına görə, səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutan tədbir 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin şerlərindən ibarət kitab Türkiyə dilinə çevrilib və bu ölkənin oxuculara təqdim olunacaq.

Aida Eyvazlı Göytürk deyib ki, kitabda həmçinin 2016-cı il aprel şəhidlərinin şerləri də yer alıb: “Şair ruhu ilə özlərini odun-alovun içinə atan qəhrəman hərbçilərimiz öz həyatlarını vətən üçün fəda edərək zəfər çalmağı bacardılar”.

Tədbirdə iştirak edən azərbaycanlı qazilər Səbuhi Qurbanov və Eyvaz Eyvazlı şerlərini səsləndiriblər. Qeyd olunub ki, kitab Türkiyə dilinə “Atabey Barış Bengü Yayınlar Evi” tərəfindən çevrilib. Belə ki, bu nəşriyyat evi türk dünyasının 100-dən çox əsərini Türkiyədə tanıdıb.

Daha sonra keçən ay dünyasını dəyişən Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu da ehtiramla yad edilib.

Tədbir bədii proqramla başa çatıb. Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədovanın ifasında musiqilər səsləndirilib. Nailə Əhmədova “Report”a bildirib ki, tədbirdə ilk dəfə yeni aranjimanda ifa etdiyi “Ay Laçın” xalq mahnısı Kanadada yaşayan həmyerlimiz, aranjımançı Leyla Qasmova Quluzadənin əməyinin məhsuludur.

Seçilən
13
1
azpolitika.info

2Mənbələr