AZ

Aslan Kərimov: “Düşünmürəm ki, “Tottenhem” bizə çox qol vursun”

“Maraqlı oyun izləyəcəyik. “Qarabağ” Premyer Liqanın adlı-sanlı klubuna qarşı oynayacaq”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssis Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın səfərdə “Tottenhem”lə oyunundan gözləntilərini açıqlayıb. O bildirib ki, son dəfə hər 2 matçda uduzduğumuz London təmsilçisi tamam başqa idi: “Onların oyun anlayışı, stili indikindən fərqlənirdi. İndi London klubu daha aqressiv oynamağa, topa daha çox sahib olmağa çalışır. Öndə inanılmaz dərəcədə yüksək pressinq edirlər. Belə bir komandaya qarşı “Qarabağ” əks-hücumlarda oynayacaq. Onlarla qarşılaşmada topa çox sahib olmaq çətindir. Komandamızın bu cür klublara qarşı açıq futbol oynaması imkansız görünür. “Dinamo” ilə oyunda Zaqreb təmsilçisi 2 oyunda bizə 5 qol vurmağı bacarmışdı. Qurban Qurbanovun komandası həmin matçlarda dominant futbol oynayırdı, amma top itkilərindən sonra çətinlik çəkirdi. İndi vəziyyət başqa olacaq. Düşünürəm ki, ağdamlılar qapalı oynayacaqlar. Meydanın mərkəzində rəqibi qarşılayıb, yaxşı əks-hücumlara çıxmaq şansımız var. Çünki ingilislər o qədər basqılı oynayır ki, mərkəz müdafiəçiləri rəqib meydançasına keçib gedirlər. “Qarabağ”ın bu cür boşluqlardan istifadə etmək şansı yüksəkdir. Əminəm ki, qol imkanları olacaq. Juninyonun günü olacaq, yoxsa yox, bunu bilmirəm. Amma bu səviyyədə rəqib ilə oyunda qol imkanı olsa, “sambaçı” bunun öhdəsindən gələcək”.

Kərimov oyunda tərəflərdən hər hansının böyük fərqlə qalib gələcəyinə də inanmır: “Bu cür oyunlar cüzi fərqlə bitir. Birinci günün oyunlarına baxsaq, heç də 4-5 top fərqi ilə qalib gələn komanda yoxdur. Bu formatda çox qol buraxmamağa çalışırlar. Vurulan və buraxılan toplar önəmli olacaq. Bütün komandalar sona qədər oynamağa məcburdurlar. 3:0 hesabı ilə udduğun oyunda belə gərək qol buraxmayasan. Düşünmürəm ki, “Tottenhem” bizə çox qol vursun. Minimal hesab olacaq. Heç-heçə də ola bilər. Təbii ki, favorit “Tottenhem”dir. Amma “Qarabağ”ın da qalib gəlmək ehtimalı var. Məsələnin digər tərəfi isə rəqibin zədəli oyunçularıdır. Rişarlisonun, Kristian Romeronun olmaması komandamız üçün üstünlük təşkil edə bilər. Digər tərəfdən isə onların daxili çempionatda işləri o qədər də yaxşı getmir. Ola bilsin ki, Premyer Liqa oyununa daha çox önəm versinlər. Rəqib rotasiya etsə, bizim üçün daha rahat ola bilər. Belə olduğu halda “Qarabağ”ın qələbə qazanmaq şansı yüksəkdir”.

Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” matçı bu gün saat 23:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Seçilən
1
10
idman.biz

10Mənbələr