AZ

COP29 Sədrliyinin Nyu-Yorkda İştirakı: Muxtar Babayevin BMT Baş Assambleyasında Almaniya ilə İqlim Görüşü

COP29 Sədrliyinin üzvləri BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdədir.

Fins.az xəbər verir ki, sədrlik üzvləri burada həm BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri, həm də qeyri-tərəf qismində çıxış edən maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək və COP29 tədbirində ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün işlərin gedişatına yeni vüsət verməyə çalışacaqlar.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və iqlim fəaliyyəti ətrafında müzakirələrin aparılması üçün müxtəlif ölkələrin liderlərini və maraqlı tərəfləri bir araya gətirən BMT Baş Assambleyası və Nyu-York İqlim Həftəsi cari ilin noyabrında keçiriləcək COP29-dan əvvəl irəliləyiş üçün mühüm platformadır.

Həftə ərzində bir sıra tədbirlərdə həm ev sahibi, həm də iştirakçı qismində çıxış edəcək COP29 Sədrliyi ən aktual iqlim problemlərini işıqlandırmağa çalışacaq.

COP29 Sədrliyi artıq bir sıra konstruktiv görüşlər keçirib:

  • İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin daha operativ və asan təmin olunması məsələsini müzakirə etmək üçün Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte ilə görüş;

  • Özəl sektorun iqlim fəaliyyətinə necə töhfə verdiyini müzakirə etmək üçün Beynəlxalq Ticarət Palatasının baş katibi Con V. H. Denton (AO) ilə görüş;

  • Dəniz hövzələri də daxil olmaqla, ətraf mühitin plastik materiallarla çirklənməsi ilə mübarizə, o cümlədən Xəzər dənizində su səviyyəsinin dəyişməsi ilə bağlı əməkdaşlığı müzakirə etmək üçün BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenlə görüş;

  • Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində COP29 Sədrliyi ilə UNFCCC arasında sıx əməkdaşlığı müzakirə etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüş;

  • Müvafiq ölkələrin Konvensiyaları çərçivəsində əməkdaşlığı artırmaqla qlobal dayanıqlılığı təşviq etmək üçün UNFCCC COP29, CBD COP16 və UNCCD COP16 sədrliklərini, habelə Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərini bir araya gətirən Rio Üçlüyü ilə əməkdaşlığı müzakirə etmək məqsədilə BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasının (UNCCD) icraçı katibi İbrahim Tiyao ilə görüş;

  • İqlim böhranının həm aktuallığı, həm də miqyası baxımından müvafiq iqlim maliyyəsinə olan ehtiyacı müzakirə etmək üçün İrlandiyanın ətraf mühit, iqlim və kommunikasiyalar naziri İmon Rayan ilə görüş;

  • Qlobal istiləşməni 1,5°C səviyyəsində məhdudlaşdırmaq məqsədinə uyğun olan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) sənədlərinin təqdim olunmasını dəstəkləmək məqsədilə Üçlük çərçivəsində əməkdaşlığı müzakirə etmək üçün Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva ilə görüş.

COP29 Sədrliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə “İqlim, sülh və bəşər” mövzusunda yüksək səviyyəli dəyirmi masa təşkil edib. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Pop, İtaliyanın iqlim dəyişmələri üzrə xüsusi elçisi Françesko Korvaro və Misirin Münaqişələrin həlli, Sülhməramlılıq və Sülh quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin (CCCPA) baş direktoru Əhməd Əbdül-Lətif, eləcə də çoxtərəfli inkişaf bankları və BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri Departamentinin nümayəndələri iştirak edib. Tədbir zamanı iştirakçılar tərəfindən iqlim dəyişmələri, insan mobilliyi və münaqişə arasındakı əlaqə müzakirə olunub.

* * *

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan arasında görüş olub.

Fins.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" sosial media hesabında paylaşım edilib.

Görüş zamanı Bakıda keçiriləcək COP29-da ümumi prioritet məsələlərin həllində gələcək tərəqqi yollarının axtarışını davam etdirmək müzakirə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Fuad Mədətov
Fins.az

Seçilən
17
50
fins.az

10Mənbələr