AZ

BMU tələbələrinin hazırladığı PUA sərgidə maraqla qarşılanıb

Xırdalan, 25 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində nümayiş olunur.

BMU-dan AZƏRTAC-a bildirilib ki, sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan PUA yüksək texniki parametrlərə malikdir. Havada hibrid rejimdə 3 saat işləmək imkanlarını özündə daşıyan PUA-nın faydalı yükgötürmə qabiliyyəti 4 kq, öz çəkisi isə 18 kq-dır.

Radioekoloji monitorinq imkanlarına malik PUA BMU-nun əməkdaşı Rüstəm Kələntərovun mentorluğu ilə tələbələr - Nadir Daşdıyev, Rəşad Əliyev, Nurtac Mirili, Məhəmməd Yusubov, Nihad Məhərrəmov və Elturan Əliyev tərəfindən hazırlanıb.

Qeyd edək ki, BMU-nun "RED" komandası 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında “Robotexnika kateqoriyası” üzrə birinci yeri tutub. Komandaya mükafat Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirakı zamanı təqdim olunub.

Seçilən
1
6
azertag.az

7Mənbələr