AZ

“Azexport” portalı Latviya şirkəti ilə əməkdaşlığa başlayır

“Azexport”

Bakı, 25 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı Latviyanın STC şirkəti ilə əməkdaşlığa başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İİTKM-dan verilən məlumatda bildirilir.

Portalın rəhbəri Ayxan Qədəşov qeyd edib ki, bu əməkdaşlığın qurulması Azərbaycan mallarının, xüsusən aqrar sənaye məhsullarının Çin, Tayvan və Avropa ölkələrinə ixracının artırılmasında əhəmiyyətli rol oynayacaq.

“Belə ki, sadalanan ölkələrə qida və kənd təsərrüfatı məhsullarının ixracına dair sərt tələblər və sertifikatlaşdırma normaları tətbiq olunur. STC şirkətinin bu ölkələrdə mövcud təcrübəsindən faydalanaraq Azərbaycan məhsullarının ixrac coğrafiyasını daha da genişləndirmək imkanı əldə etmək mümkündür”, - deyə portal rəhbəri vurğulayıb.

Şirkətin İdarə Heyətinin üzvü Leva Lace bildirib ki, təmsil etdiyi qurumun təlim mərkəzi Azərbaycanda yerləşən istehsal müəssisələrinə, fermerlərə, logistika şirkətlərinə təlim, seminar və vebinarların təşkilində dəstək göstərməyə hazırdır. Artıq bu istiqamətdə birgə fəaliyyətin təşkilinə dair “Azexport” portalı ilə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Azexport” portalı ilə Latviyanın STC şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarına, həmçinin istehsal avadanlıqlarına müvafiq sertifikatların təmin edilməsində dəstəyin göstərilməsi nəzərdə tutulub.

Seçilən
3
1
azertag.az

3Mənbələr