AZ

R.T.Ərdoğanın Nyu-York görüşləri

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla görüşüb.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Ərdoğan görüşlərinin bir çoxunu Türk Evində keçirib.

  Nyu-Yorkda Türkiyə dövlət başçısı İran prezidenti ilə görüşüb. Söhbət zamanı Türkiyə ilə İran arasındakı tarixi və mədəni əlaqələrin iki ölkə arasındakı münasibətlərdə hər zaman müsbət əksini tapdığını və bu istiqamətdə əməkdaşlıq imkanlarının artacağına inam ifadə edilib. Yeni dövrdə Türkiyə və İranın birgə maraqlarının hər sahədə inkişaf etdiriləcəyini bildirən R.T.Ərdoğan deyib: “İsrailin bölgədə sülh və sabitliyi təhdid edən təcavüzünə qarşı sülhə xidmət edən addımlar atılması vacibdir. Fələstin və Livan torpaqlarında İsrailin törətdiyi zorakılıqlara ən qısa zamanda son qoymaq üçün beynəlxalq ictimaiyyət hüquq, diplomatiya və insan haqları əsasında səsini daha çox ucaltmalıdır. İsrail qırğınlarının yaşandığı Qəzza başda olmaqla, Fələstin torpaqlarında Türkiyə humanitar yardım üçün səylərini artırmağa davam edəcək”.

  Türkiyə prezidenti daha sonra Almaniya kansleri Olaf Şolzu qəbul edib. Görüşdə Türkiyə ilə Almaniya arasındakı əlaqələr, İsrailin Fələstin torpaqlarına, xüsusilə Qəzzada sistematik hücumları, Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin canlandırılması, regional və qlobal məsələlər müzakirə edilib.

  Türk Evində Albaniyanın Baş naziri Edi Ramanı ilə görüşən Ərdoğan söhbət zamanı Türkiyə ilə Albaniya arasında əlaqələr, regional və qlobal məsələlərdən danışıb.

  Türkiyə prezidenti Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahı və Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanı da qəbul edib. Görüşlər mətbuata qapalı keçirilib.



Seçilən
1
1
trt.net.tr

2Mənbələr