AZ

Gələcəyə hesablanan ENERJİ STRATEGİYASI – “Əsrin müqaviləsi”ndən başlanan UĞURLU YOL + FOTOLAR

“Bu gün “Əsrin müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 30 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək”.

Medianews.az xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

Qeyd edib ki, həmin dövrdə dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti bir araya gələrək, konsorsium yaradıb,  Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müqavilə imzalayıblar: “Qısa olaraq “Əsrin müqaviləsi”nə nəzər salaq. Müqavilənin operator kimi çıxış edən Bp şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: “Chevron-Texaco” (10.2%), “Lukoil” (10%), ARDNŞ (SOCAR) (10%), “Statoil” (8.6%), “ExxonMobil” (8%), TPAO (6.8%), “Devon Energy” (5.6%), “Itochu” (3.9%), “Amerada Hess” (2.7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək, konsorsium yaradaraq, ARDNŞ ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdir və 6.5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı”.

V.Bayramovun sözlərinə görə, müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb: “Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirilib. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə, dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb”.

İqtisadçı-alim vurğulayıb ki, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyinə çevrilməyib, eyni zamanda ciddi geosiyasi üstünlüklər yaradıb: “Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmlənib. “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirib. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına, işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11.8 faiz kiçilmişdisə, 1995-ci ildə 1.3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında, sosial imkanların genişlənməsində, büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı”.

V.Bayramov söyləyib ki, “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atıb: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır. “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən daha bir məqam da var. Qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur”.

İqtisadçı alim deyib ki, “Əsrin müqaviləsi” Azərbaycanın milli maraqlarına tam cavab verirdisə, “Yeni əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha da yaxşılaşdırılmasına imkan yaradıb: “Əsrin müqaviləsi” ilə “Yeni əsrin müqaviləsi”nin müqayisəsi, eyni zamanda bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı, iqtisadi gücü tamamilə fərqli idi. “Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Bu isə o deməkdir ki, Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq. Bütün bunlarla yanaşı, qeyri-neft sektorunun daha da inkişaf etdirməsi, iqtisadiyyatın diversifikasiyası daha da priorietləşməkdədir”.

Ayşən RƏHİM

Seçilən
13
4
medianews.az

5Mənbələr