AZ

"Qarabağ Azərbaycandır"ın nidası - İşğalın sonu, yeni uğurlara doğru

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son yüz ildə Azərbaycan tarixində məhz sentyabr ayında bir sıra mühüm hadisələr baş verib. Həmin hadisələr respublikanın müstəqilliyi və suverenliyinin möhkəmlənməsi yolunda atılmış addımlarla əlaqədardır.
1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşeviklərdən ibarət sentrokaspi qüvvələrdən azad edilib. Ancaq bu döyüş ermənilərin və onları müdafiə edən bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizəsinə son qoymadı. Bu, müstəqil dövlət süqut edənədək sürdü. Erməni-bolşevik cütlüyü Azərbaycan torpaqlarında "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı qurumun yaradılmasına nail oldu.
1988-ci ilin payızında 300 min azərbaycanlı indi Ermənistan adlanan yerdən, öz tarixi yurd-yuvalarından qovularaq vətəndaşlıqdan və mal-mülklərindən güc tətbiqi ilə məhrum edildi. Bu cinayətləri də yenə həmin cütlük bir qədər fərqli ad altında həyata keçirdi.
1989-cu il sentyabrın 23-də ovaxtkı parlamentdə - Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanunu qəbul edilib.
Sentyabrda Azərbaycan daha bir uğura imza atıb. 30 il əvvəl - 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə tarixi, siyasi və beynəlxalq önəminə görə "Əsrin müqaviləsi" adlanıb. Bu, Azərbaycanın yeni regional layihələrə ev sahibliyi etməsinə və iştirakına təkan verib. Daha sonra torpaqların işğaldan azad edilməsində də mühüm yer tutub.
Suverenlik və müstəqillik uğrunda mübarizənin (indiki şəraitə uyğun olaraq) nöqtəsi 2023-cü il sentyabrın 19-20-də 23 saat ərzində keçirilən tədbir nəticəsində qoyulub.
Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır, nida" açıqlamasının nidası oldu.
Yeri gəlmişkən, 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Qarabağın və ətraf yeddi rayonun erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etmişdi. Dövlət başçısı dünyaya bildirmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.
Bunun davamı olaraq, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistanın təcavüzkar siyasətini tutarlı faktlarla sübut etdi. O, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etmişdi.
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan etmişdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: "Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"
Dövlət başçısı bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Prezident İlham Əliyev vurğulamışdı ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyiş mümkün olmayacaq, Azərbaycan öz milli maraqları uğrunda sona qədər mübarizə aparacaq.
2020-ci il sentyabrın 27-də torpaqların azad edilməsi uğrunda başlamış "Dəmir yumruq" adlı əməliyyat 44 günlük müharibə ilə başa çatdı. Ancaq separatçıların və terrorçuların tör-töküntüləri müxtəlifsəpkili silahlı hücumlar edərək Azərbaycanın təhlükəsizliyini pozmağa səy göstərirdi. Lakin 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejimin kökü qazındı. Azərbaycanın müasir tarixində ilk dəfə torpaqlarında "at oynatmış", yaxud onu parçalamaq istəyən ermənilər diz çökdürüldü, separatçıların "liderləri" həbs olundular.
Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, David Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan Azərbaycana qarşı törətdikləri bütün cinayət əməllərinə görə Bakıda ifadə verirlər.
Bu tarixədək erməniləri Azərbaycana qarşı törətdikləri cinayətlərə görə daim böyükləri, havadarları mükafatlandırıblar. Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan Xocalı, Ağdaban və başqa şəhərlərdə qətliamlar, soyqırımları təşkil etdikləri üçün Ermənistanda prezident olub, dövlətdə yüksək vəzifələri tutublar.
Ötənilki antiterror tədbiri rəsmi Bakının ölkənin suverenliyinin bərpasında qətiyyətinin də göstəricisidir. Azərbaycan hakimiyyəti BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü təmin edib.
Bu hadisə Ermənistanın Azərbaycana qarşı törədəcəyi təxribatların qarşısının alınmasında da böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirmişdi: "Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".
Antiterror əməliyyatı Ermənistanın Azərbaycandan gözünü yığışdırıb, bu torpaqlarda qaladığı cinayət ocağını söndürüb. Bu tədbirdən sonra rəsmi Bakının vasitəçilərsiz, birbaşa və ikitərəfli görüşlərlə bağlı təklifinə razılıq verilib.
Sentyabrın 19-u hadisəsi vecsiz, faydasız ATƏT-in Minsk qrupunun da fəaliyyətinə de-fakto xitam verib. Tədbir regionda yeni layihələrin başlamasına da təkan verib. Günümüzdə Zəngəzur yolunun açılması ilə bağlı müzakirələrin intensivləşməsində də ötənilki sentyabr hadisələrinin çox böyük rolu var.
Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb olub. Sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Azərbaycanın bayramına dostları sevinir, düşmənləri görməzdən gəlirlər. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib: "Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib".
Beləliklə, Azərbaycan son 106 ildə mövcud beynəlxalq şərtlər daxilində ərazi bütövlüyünü bərpa edib, işğalçını qovub. Suverenliyin, ərazi bütövlüyün daimi olsun, Azərbaycan! Yeni sentyabrlarda yeni uğurlara doğru...
"Report" İnformasiya Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
50
oxu.az

10Mənbələr