AZ

Qüdrətli ordumuzun tarixi zəfəri: Antiterror əməliyyatını zəruri edən SƏBƏBLƏR

Azərbaycan ordusunun bir il əvvəl başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

 

Modern.az xatırladır ki, bir sutkadan az davam edən əməliyyat Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi:

 

- Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdi.

- Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyinin hazırlandığı aşkarlanmışdı

- Təmas xəttinin 2 kilometr genişliyində 100 kilometrə yaxın ərazilərdə minalar basdırılmışdı.

- 400 kilometrədək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kameraları quraşdırılmışdı.

 

Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 

 

- 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. 

 

- Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. 

 

Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi bu sözlər antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar..."

 

Antiterror əməliyyatına Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bir sıra qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. 

 

Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurla hərəkət edərək düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi.

Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqaməti əhatə edirdi. Vətən müharibəsindəki təcrübəyə əsaslanan bölmələrimizin əsasən kiçik qruplar halında hərəkət etməsi nəticəsində düşmən qəfil yaxalandı. Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək bütün yolları kəsdi. 

 

Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

 

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

 

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
10
modern.az

10Mənbələr