AZ

Rəqəmsal hökumətin mühüm platforması

“Mygov” portalının yeni versiyası xidmətləri daha əlçatan və tez əldə etməyə imkan verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasının strukturu yenilənib və təkmilləşdirilmiş platforma vətəndaşlara rəqəmsal interfeys vasitəsilə əsas dövlət xidmətlərinə, rəqəmsal sənədlərə rahat çıxış və şəxsi məlumatlarının idarə etmək imkanları yaradıb. Eyni zamanda vətəndaş - dövlət əlaqələrində inzibati proseslər sadələşib və əməliyyatlar zamanı kağızdan istifadə minimuma endirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun fikrincə, rəqəmsal inkişaf strategiyasına əsasən, platformanın xidmət missiyası 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Bütün bu hədəflərə çatmaqda “mygov” hökumət platforması zəruri elektron baza hesab olunur, portalın təkmilləşdirilməsində də başlıca məqsəd rəqəmsallaşmanın miqyasını genişləndirməkdir.

Yenilənmiş platformanın üstünlükləri nədir?

Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qurmağa imkan verir. Belə ki, “mygov” vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və bəzi prosesləri avtomatlaşdıra bilərlər.

Təkmilləşdirmədən sonra Daxili İşlər  və Ədliyyə nazirliklərinin şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi üzrə xidmətin inteqrasiyası yekunlaşıb.

Platformanın yenilənmiş versiyasında ailə qurmaq, valideyn olmaq kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi isə tamamilə sadələşdirilib. Ailə qurmağı planlayan cütlüklər zəruri tibbi müayinə sertifikatlarını yoxladıqdan sonra artıq “mygov” platforması üzərindən nikah günlərini elektron olaraq təyin edə və seçdikləri qeydiyyat orqanında nigah şəhadətnamələrini əldə edə bilərlər. Eləcə də yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq rəqəmsal formada mümkün olacaq.

Platforma ailə üzvünün ölümünün qeydə alınması prosesini də asanlaşdırır. Tibb işçisi lazımi məlumatları sistemə daxil etdikdən sonra ölüm haqqında şəhadətnamə avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür və daha sonra ailəyə təqdim eidlir. Bu sənəd həyat hadisəsinin rəsmi təsdiqi deməkdir və birdəfəlik dəfn yardımı, miras hüququ kimi bir çox məsələləri həll etmək üçün zəruridir.

Notariatın bütün funksiyaları portala inteqrasiya olunacaq

Vətəndaşlar həmin rəqəmsal sənəd və məlumatları “QR kod” və ya PDF şəklində paylaşmaqla əldə edəcəklər. Növbəti mərhələdə məhkumluq haqqında arayışın “mygov”a inteqrasiyası nəzərdə tutulur. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının portalın elektron bazasına daxil edilməsi planlaşdırılır.

“Mygov” mobil tətbiqində isə paylaşılan məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür. Ümumilikdə, “mygov” tətbiqinin “Məlumatlarım” bölməsində 40-dan çox yeni məlumat kliki yerləşdirilib. Məlumatlar həm kart şəklində, həm də daha ətraflı siyahı şəklində təqdim edilir. Kartlar vasitəsilə sənəd üzərində olan əsas məlumatları səhifəni açmadan görmək mümkündür. Kart formasında təqdim olunan sənədlər siyahısına şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu,  sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamə və tələbə kartı daxildir. Vətəndaşlar “mygov”dakı rəqəmsall məlumatlarını QR kod vasitəsilə paylaşa və PDF fayl şəklində yükləyə bilərlər.

Kommunal xidmətlər üzrə abunəçi kodlarının dəyişdirilməsi, yeni rəqəmsal xidmətlər... 

Yenilənmiş “mygov” həm də ekoloji mühitin inkişafına dəstək verəcək xidmətlər təklif edir, yaşıl dünyaya töhfə verir.  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Elektrik doldurma məntəqələri” adlı xidmətini artıq “mygov”dadır. Belə ki, vətəndaşın bu xidmətə daxil olaraq EDM-lərin siyahısı ilə tanış ola, müəyyən filterlər tətbiq edərək məntəqələr üzrə axtarış edə və seçdiyi məntəqəyə getmək üçün xəritə üzərində marşrutu görə bilərlər. Vətəndaş “mygov”  tətbiqə daxil olaraq “Xidmətlər” bölməsindən “Elektrik doldurma məntəqələri” adlı xidmətə daxil olaraq bu xidməti istifadə edə bilər.

Yenilənmiş platforma, həmçinin kommunal xidmətlər üzrə abunəçi kodlarının dəyişdirilməsi kimi xidmət də təklif edir. Bununla da vətəndaşlar artıq yeni aldıqları mənzillərinin abunə kodlarını olduqları yerdən, sadəcə mobil cihazları ilə dəyişə biləcəklər və vaxta qənaət edəcəklər. Bu xidmət ilkin olaraq “Azərsu”, “Azəriqaz” və “Azərişıq” abunəçiləri üçün təqdim olunur.

“Pensiya kalkulyatoru” xidməti  vətəndaşlara  pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumatları təqdim edəcək.

Təqdim olunan bütün yeni funksionallıq və xidmətlər müasir, səmərəli və vətəndaş mərkəzli rəqəmsal mühitin qurulmasına hədəflənib. Əsas xidmətlərə asan çıxışı təmin etməklə, məlumatların təhlükəsizliyini artırmaqla və həyatın ən mühüm anlarında inzibati prosesləri sadələşdirməklə vətəndaşların həyat keyfiyyətinin artırılması prioritet məqsədlərdəndir.

Rəqəmsal hədəf: fiziki ofislərdən şəxsi kabinetə...

Strateji baxış Azərbaycanda bütün rəqəmsal dövlət xidmətlərinin “mygov” portalı üzərindən təqdim edilməsindən ibarətdir. Hazırda həmin xidmətlərin, eləcə də müxtəlif dövlət qurumlarına aid xidmətlərin daha əlçatan və rahat formada əldə edilməsi üçün portala inteqrasiyası istiqamətində hazırlıq  işləri görülür. Vətəndaşların “mygov” vasitəsilə bütün şəxsi məlumatlarına daxil olması, yeniləməsi, vacib sənədləri əldə etməsi və müvafiq ünvana göndərməsi, zəruri prosesləri elektron formada icra etməsi üçün təkmilləşdirmə işləri davamlı xarakter daşıyacaq və insanların fiziki ofislərdə vaxt keçirməsinə və ya ağır sənədləşmə işləri ilə məşğul olmasına ehtiyac qalmayacaq. 2024-cü ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15 faizinin rəqəmsal formaya keçməsi hədəflənib.

Beləliklə, “mygov” vətəndaşların həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən, çevik, səmərəli rəqəmsal hökumətə çıxışa imkan yaradan nəhəng platformaya çevrilir.

E.CƏFƏRLİ,

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
yeniazerbaycan.com

10Mənbələr