AZ

Separatizmə son qoyan antiterror tədbirləri

İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi.

10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.

18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.

İkinci Qarabağ - Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.

Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın 20-də 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbə vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

İradə Hüseynova,
Xətai rayonu, 165 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
ikisahil.az

4Mənbələr