AZ

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq -ŞƏRH

Ermənistan

Bakı, 14 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində tarixi torpaqlarını erməni işğalından azad etdikdən sonra bəzi Qərb dövlətləri narahatlıq keçirərək ermənilərin hüquqlarından danışmağa başladılar. Sanki 1990-cı illərdə ermənilər tərəfindən Qarabağdan silah gücünə qovulan azərbaycanlıların hüquqları heç olmayıb. Bu absurd fikirlərlə Azərbaycana təzyiq göstərməyə çalışan Qərbin hansı maraqları təmin olunmayıb ki, BMT-nin qətnamələrini yerinə yetirərək ərazisini işğaldan azad edən Azərbaycanın atdığı addımları bəyənmir?!

ABŞ dünyada “demokratiya” və “insan hüquqlarının müdafiəçisi” qismində çıxış edərək müxtəlif dövlətlərə “dərs” keçir, hüququn aliliyindən danışır, söz və fikir azadlığı barədə bəyanatlar verir. “Wikileaks” saytının rəhbəri Culian Assancın başına gətirilən oyunları xatırlasaq, ABŞ-ın söz azadlığına verdiyi “dəyəri”, daha doğrusu, dəyərsizliyi aydın şəkildə görərik.

Maraqlı məqam ondan ibarətdir ki, 30 ilə yaxın bir dövrdə doğma yurd-yuvalarından məcburi şəkildə qovulan azərbaycanlıların hüquqları çoxsaylı müraciət və bəyanatlara baxmayaraq, rəsmi Vaşinqtonun yadına da düşmədi. Azərbaycan ərazilərini azad etdikdən sonra insan hüquqlarının, söz azadlığı və digər bu kimi bəhanələrin gətirilməsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana 5 illik yardım paketini iki dəfədən çox artırmasının -120 milyondan 250 milyon dollara çatdırmasının məqsədi nədir? Bu yardımlar daha əvvəl niyə artırılmırdı?

Türkiyənin “Ulusal” kanalının siyasi şərhçisi Yakub Aslan bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya olduqca əhəmiyyətlidir və strateji mahiyyətə malikdir. Şərqlə Qərbi, Şimal ilə Cənubu birləşdirən məkan olan Azərbaycandan tranzit yollar keçir. Yeni dünya düzəninin formalaşdığı bir zamanda ABŞ regionu Ermənistan vasitəsilə nəzarətə götürüb buradakı dövlətləri öz rəqiblərinə qarşı yönəltməyə çalışır. Vaşinqton müstəqillikdən imtina etməyib öz yolu ilə irəliləyən dövlətlərdə isə hakimiyyət dəyişikliyinə nail olmağa cəhd göstərir. Təbii ki, belə olan halda, ABŞ region dövlətlərinin milli maraqlarını, xalqların əzilməsini nəzərə almır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ administrasiyası bütün bunları zor gücünə həyata keçirməyə çalışır. Ermənistandan Rusiyanın sərhədçilərinin çıxarılması və ABŞ hərbi hissələrin Azərbaycanla sərhədə yerləşdirmək cəhdləri buna bariz nümunədir. Digər tərəfdən ABŞ regionun zəngin təbii sərvətlərinin dünya bazarına çıxarılmasını da nəzarət altına almaqla dünya iqtisadiyyatını himayəsi saxlamağa can atır. Qeyd etmək lazımdır ki, bu gün bəzi Avropa dövlətlərinin, konkret olaraq Fransanın Ermənistana hərbi yardımları və Azərbaycanla bağlı əsassız iddiaları ABŞ tərəfindən yönləndirilir.

Dünyada “demokratiyanı”, “insanpərvərliyi” təbliğ edən ABŞ Azərbaycan ərazilərinin ermənilər tərəfindən minalanmasına heç bir söz demir. Bu azmış kimi, minatəmizləmə işlərinə dəstək də göstərmir və azarbaycanlıların doğma evlərinə qayıtmasından narahatlıq keçirmir. ABŞ Ermənistana siyasi, iqtisadi, xüsusilə də hərbi yardım göstərməklə revanşizmi qızışdırmağa, bununla da regionda siyasi sabitliyi yenidən pozmağa çalışır. Regionda həqiqi sülhün olmasını istəyən fövqəldövlət tərəflərdən birini silahlandırıb digərinin üzərinə salmamalıdır.

Azərbaycan beynəlxalq aləmdə cərəyan edən siyasi proseslərdə həmişə ədalətin tərəfində olaraq demokratiyadan sui-istifadənin əleyhinə çıxış edib. 2000-ci il sentyabrın 11-də ABŞ-da 3 mindən çox insanın ölümünə səbəb olan terror aktından sonra Azərbaycan Vaşinqtonun yaratdığı beynəlxalq antiterror koalisiyasına üzv olan ilk ölkələrdəndir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə yaxından kömək göstərərək özünün hava məkanından istifadə üçün ABŞ hərbçilərinə icazə verdi. Azərbaycan hərbçiləri İraqda, Əfqanıstanda sülhməramlı missiyaları yerinə yetirdilər. Bu kimi addımların qarşılığında ABŞ-ın ölkəmizə qarşı qeyri-adekvat addımları yalnız təəssüf doğura bilər.

Qarabağın azad edilməsindən sonra regionun iqtisadi inkişafı üçün böyük imkanlar açılıb. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən layihədir. Bu layihə yalnız Azərbaycanın deyil, bütün region dövlətlərinin, o cümlədən Ermənistanın da iqtisadi inkişafına böyük təkan vermək imkanına malikdir. Nikol Paşinyan 2020-cil noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatla üzərinə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət vermək öhdəliyi götürüb. Lakin indi öz imzasına hörmətlə yanaşmır və sırf iqtisadi mahiyyət daşıyan layihənin əleyhinə çıxır. Ermənistan nəqliyyat dəhlizlərindən yalnız iqtisadi dividentlər qazanacaq. Buna baxmayaraq, bu gün rəsmi İrəvan ölkənin milli maraqlarını, iqtisadi vəziyyətini, beynəlxalq aləmdəki nüfuzunu və mövqeyini bir tərəfə qoyub Qərbin dirijor çubuğu ilə hərəkət edir. Azərbaycanın sülh və iqtisadi inkişaf təşəbbüslərinin qarşısını almağa cəhd edən Ermənistan hələ ki, Qərbin diktəsi ilə davranır. Lakin artıq 1990-ci illərin əvvəlləri deyil ki, Ermənistan burada Qarabağı işğal etsin, okeanın o tayında isə ABŞ “907-ci düzəliş” kimi normativ aktlar işə salıb Azərbaycana yardıma qadağa qoysun. Azərbaycanın iqtisadiyyatı kifayət qədər inkişaf edib və heç bir yardıma ehtiyacı yoxdur. Bu gün Ermənistan aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq. Qərb rəsmi İrəvandan regionda sabitliyi pozmaq tələbini irəli sürsə, onda “dəmir yumruq” bir daha Ermənistanın başına enəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
azertag.az

10Mənbələr