AZ

Şərəfli ziyalı ömrünün müdriklik zirvəsi - Eynəddin Məmmədov-85

Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, cəmiyyətimizdə böyük nüfuz və hörmət sahibi olan professor Eynəddin Hüseyn oğlu Məmmədovun  sentyabr ayının 13-də 85 yaşı tamam olur. Mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik bir şəxsiyyət olan Eynəddin müəllim şərəfli ziyalı ömrü yaşamış, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra kənd məktəbində müəllim kimi fəaliyyətə başlayan  Eynəddin Məmmədov Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. 

 

O, yüzlərlə elmi, publisistik, metodiki və müxtəlif yönlü məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifidir, ADAU Dillər kafedrasının professorudur. “Ədəbiyyat və incəsənət” qəzetində, “Kitablar aləmində” və “Ulduz” jurnallarında, həmçinin müxtəlif qəzetlərdə mütəmadi olaraq maraqlı məqalələrlə çıxış edir.

 

Əslən Qərbi Azərbaycandan olan Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş “İrəvandan başlanan yol” adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir.

 

Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur. 

 

Bu günlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor  Eynəddin Məmmədovu ölkəmizin elmi-pedaqoji, ictimai-siyasi həyatındakı xidmətlərinə və müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə, respublikamızda ağsaqqallıq institutunun inkişafına  verdiyi töhfələrə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif etmişdir. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, sədrin birinci müavini Əhliman Əmiraslanov, müavinlər – Eldar İbrahimov, Ağalar Vəliyev, Abel Məhərrəmov, Bayram Yusifov, Tahir Süleymanov və Vahid Novruzov 85 illik yubileyi ilə əlaqədar müdrik ağsaqqal, vətənpərvər ziyalı, alicənab insan Eynəddin Məmmədova Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri və İdarə Heyəti adından təbrik ünvanlamışlar. Təbrikin mətnində qeyd olunur:

 

“Hörmətli Eynəddin müəllim!

Sizi Vətənimizin inkişafına həsr etdiyiniz şərəfli ömrünüzün əlamətdar ildönümü - 85 İllik Yubileyiniz münasibətilə  ürəkdən təbrik edir, uca Allahdan Sizə  uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanımızın tərəqqisi naminə dəyərli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram!

Siz  alicənab insan, tanınmış elm adamı və gözəl ziyalı olaraq şərəf və ləyaqətlə yaşadığınız ömrünüzün müdriklik zirvəsindəsiniz. Səmərəli elmi-pedaqoji və publisistik fəaliyyətiniz nəticəsində yüzlərlə məqalə, onlarla dərslik və monoqrafiyalar  yazmısınız. Bir sıra məsul vəzifələrdə, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetində yorulmaz fəaliyyətinizlə ölkəmizin tərəqqisinə və elmimizin inkişafına dəyərli töhfələr vermisiniz. Həyatınız boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə böyük fədakarlıqla xidmət göstərmisiniz. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Siz bu gün də yüksək əzmkarlıq nümayiş etdirirsiniz. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, müdrik  ağsaqqal və dəyərli bir alim olaraq öz nümunəvi fəaliyyətinizlə ölkəmizin elmi və ictimai həyatında yaxından iştirak edir, gənclərimizin vətənpərvərvərlik ruhunda tərbiyə olunmasında, onların təhsilə maraqlarının artırılmasında və elmin cəmiyyətdə təbliğ olunmasında xalqımıza böyük xidmətlər göstərirsiniz. Sizin şərəfli həyat yolunuz gənc nəsil üçün örnək sayıla bilər. Siz həm də ölkəmizə  Azərbaycan Respublikasının qardaş Türkiyədəki  fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kimi  yüksək intellektli, nəcib və vətənpərvər ziyalı övlad  bəxş etmiş xoşbəxt ata və gözəl ailə başçısısınız.

Səmərəli ictimai, elmi-pedaqoji və dövlətçilik fəaliyyətiniz yüksək mükafatlara -  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına və bir sıra digər ali təltiflərə layiq görülmüşdür. Lakin Sizin ən böyük mükafatınız Azərbaycan xalqının və dövlətinin Sizə olan yüksək etimadı və rəğbətidir.

Hörmətli Eynəddin müəllim!

Bir daha Sizi  əlamətdar Yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri və İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edir, Vətənimizin elm və müdriklik xəzinəsini daha da zənginləşdirmək üçün Sizə  tükənməz gənclik enerjisi və gələcək işlərinizdə yeni-yeni nailiyyətlər diləyirik!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
modern.az

2Mənbələr