AZ

Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

Image

Cənubi Qafqazda davamlı sülh nəinki mümkündür, bu həm də tamamilə realdır. Belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda çıxış edib. Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsinə toxunan Paşinyan deyib ki, sülh müqaviləsinin 80 faizinin tərəflər arasında razılaşdırıldığı təsdiqlənib.

Xatırladaq ki, daha öncə Azərbaycan prezidenti İlham Əliyev  müqavilə layihəsinin məhz 80 faizinin razılaşdırıldığını bəyan etmişdi. Bunu təkrar edən Paşinyan daha sonra bəyan edib: “13 maddə və layihənin preambula hissəsi tamamilə razılaşdırılıb. Hər biri əsasən iki cümlədən ibarət olan daha 3 maddə barəsində qismən razılığa gəlinib. Bu iki cümlədən biri razılaşdırılıb, digəri yox”. Bununla belə, baş nazir sözügedən cümlələrin məzmununu açmayıb. O, yalnız bunu deyib ki, İrəvan “təməl sənədin” əldə olunması üçün artıq razılaşdırılmış müddəaların imzalanmasını təklif edib. Paşinyanın sözlərinə görə, qalan məsələlər üzrə danışıqlar bundan sonra da davam etdirilə bilər: “Sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış maddələrindən biri İrəvan və Bakıya danışıqları davam etdirmək mexanizmi verir. Bundan başqa, sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış hissəsində Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulub”. Paşinyan bir daha bəyan edib ki, o, artıq razılaşdırılmış maddələri ən yaxın müddətdə imzalamağa hazırdır. Lakin rəsmi Bakı bəyan edib ki, yarımçıq razılaşdırılmış sülh müqaviləsinin imzalanmasını qeyri-məqbul hesab edir. Azərbaycan tərəfi bunu da bildirir ki, problematik məsələlər bir sıra istiqamətlərdə aydınlaşdırılmalıdır. Azərbaycan israr edir ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Bir daha xatırladaq ki, Müstəqillik Bəyannaməsində Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Paşinyanın özü də ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq. Ermənistanın baş naziri iyulun 5-də bir daha Ermənistanın yeni konstitusiyasının qəbuluna çağırmışdı. Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına ana qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb. Baş nazirin sözlərinə görə, yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Paşinyanla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bildirir ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, üçünü isə qismən razılaşdırıblar. Amma Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Mirzoyanın sözlərini şərh edərək bildirib ki, Ermənistan sülh sazişi layihəsindən zəruri olan müddəaları çıxarıb: “Layihə. təqribən 80 faiz razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması, hələlik, mümkün olmayıb. Ancaq bu, o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz”. A.Hacızadə  bir daha vurğulayıb ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarına istinad edən konstitusiyasinda müvafiq dəyişikliklər etməlidir. Amma yuxarıda qeyd edildiyi kimi, İrəvandan son açıqlamalara görə, Ermənistan konstitusiyaya yalnız 2027-ci ildə dəyişiklik etmək niyyətindədir. Belə olan halda, vəziyyətin necə olacağı xüsusi maraq doğurur. Ekspertlər qeyd edir ki, istənilən halda sülh müqaviləsinin imzalanması daha çox iki ölkədən asılıdır. Konkret iki tərəfin bir-birinə iradları və təklifləri da bəllidir. Azərbaycan təklif edib ki, sülh müqaviləsinin razılaşdırılmış 80 faiz mətni paraflansın. Paraflanma imzalanma demək deyil, sadəcə olaraq paraflanma qaydalarına görə, razılaşdırılmış mətnə daha dəyişiklik edilmir. Bu təklif masa üzərindədir. Ölkəmiz qəbul edir ki, konstitusiyanin dəyişməsi vaxt tələb edir, ancaq elə məsələlər var ki, onlar parlament səviyyəsində həll oluna bilər. Elə Qarabağla birləşmə ilə bağlı deklarasiya məsələsi də Ermənistan parlamentində qəbul olunmuşdu. İndi parlamentdə bu qanunazidd və icra olunmayan hissəni konstitusiyadan xaric etmək mümkündür. Azərbycana qarşı ərazi iddiasını ehtiva edən digər sənədlər də var ki, onlar parlament və hökumət səviyyəsində qəbul olunub. Bunlar da referendum olmadan parlament səviyyəsində həllini tapa bilər. Məsələn, Ermənistan parlamentinin separatçı qurumla birgə komissiyası var. Bu komissiyanın ləğvi zəruridir, çünki bu separatçı qurum hüquqi cəhətdən də tanınmırdı, indi faktiki də yoxdur. Bu qondarma komissiyanın ləğvinin zəruriliyini spiker   Alen Simonyan da dilə gətirib. Hesab edilir ki, bu, müsbət addımdır və bu yöndə atılan addımları Azərbaycan qiymətləndirəcək. Bundan əvvəl Alen Simonyan deyib: “Dağlıq Qarabağ, Artsax rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur. Artsax Respublikası onun öz rəsmilərinin qərarı ilə buraxılıb... Söhbət yalnız bizim köç etmiş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir”. Beləliklə, sülh sazişinin böyük hissəsinin razılaşdırıldığını hər iki tərəf təsdiq edir. Yeganə mübahisə doğuran əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənddir. O bənd konstitusiyadan çıxarılsa, sülh sazişinin imzalanmasına heç bir əngəl qalmayacaq. Bunu da referenduma qədər parlamentlə həll etmək mümkündür. Hazırda   2027-ci ilə qədər sülh sazişinin havada qalması və bölgədə gərginliyin davam etməsi hər iki ölkənin maraqlarına cavab vermir. Ermənistan Azərbaycanın şərtini ilin sonuna qədər yerinə yetirə bilər. 

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
baki-xeber.com

10Mənbələr