AZ

Muxtar Babayev: "Azərbaycanın inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında dayanıqlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur:
"Son illərdə Azərbaycanda yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb. Ölkəmiz, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyi və dövri iqtisadiyyatın inkişafı sahələrində ciddi nailiyyətlər qazanıb.
2030-cu ilə qədər baxışı təmin edən Milli Prioritetlər sənədində dayanıqlı inkişaf və ətraf mühitin qorunması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu sənəddə ölkəmizin yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması, karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və enerji səmərəliliyinin artırılması kimi konkret ekoloji məqsədlər yer alıb.
BMT-nin statistik məlumatına əsasən, KOB-lar dünya üzrə məşğulluğun 70%-ni təşkil edir. Qadınlar, gənclər və həssas qruplar arasında iş yerlərin yaradılmasında mühüm rol oynayır.
KOB-ların fəaliyyəti qlobal karbon emissiyalarının atılmasında da əhəmiyyətli paya malikdir. Bu baxımdan, onların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir. Bununla yanaşı, "Məsuliyyətli istehlak və istehsal" 12-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq, təmiz və səmərəli istehsal metodlarının tətbiqi, resursların daha məsuliyyətli istifadəsinə və ekoloji risklərin azaldılmasına töhfə verir.
Qeyd etmək lazımdır ki, yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır. Yaşıl enerji sahəsində dövlət tərəfindən atılan addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir. Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. KOB-lar dayanıqlı infrastruktur yaratmağa və yaşıl texnologiyalardan istifadə etməyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcəkdir".
"KOB-ların bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir. BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur. Yaşıl kreditlər, yaşıl istiqrazlar, Ekoloji, Sosial, Korporativ İdarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə, KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymalarını asanlaşdırmaq lazımdır", - M.Babayev vurğulayıb.
Məhərrəm Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
oxu.az

10Mənbələr