AZ

Papikyanın Koreya səfəri: Bakı onu qabaqlamalıdır

Bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var. Həmin nazir səfər etdiyi ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərir. Ermənistanın müdafiə naziri Suren Papikyanın uzaq Cənubi Koreyaya səfərinin hərbi əməkdaşlıqla əlaqəsi azdır, demək, İrəvan bu ölkənin hərbi texnikasına maraq göstərir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suren Papikyanın Cənubi Koreyaya səfərini şərh edərkən deyib.

“Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir. Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük silah ixracatçısıdır. Cənubi Koreya tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Cənubi Koreyanın müdafiə sənayesində 80 şirkət fəaliyyət göstərir və bu şirkətlərdə təxminən 45 min nəfər çalışır. Mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Misal üçün Cənubi Koreya 2023-ci ildə Polşaya 13 milyard dollarlıq hərbi texnika tədarük edib”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan Cənubi Koreyadan Azərbaycana təhlükə yarada biləcək hərbi texnika almamış Bakı Seulla dialoqa keçməlidir:

“Əslində Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmışdı. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Ermənistan Azərbaycandan əvvəl Cənubi Koreyadan hərbi texnika alarsa, rəsmi Bakı gələcək bəyanatlarında bu ölkəni də tənqid etmək məcburiyyətində qalacaq. Bunun baş verməməsi üçün Cənubi Koreya ilə hərbi əməkdaşlıq məsələsində Ermənistanı qabaqlamaq lazımdır”.

Qeyd edək ki, Ermənistan MN rəhbəri Suren Papikyan Koreya Respublikasına işgüzar səfərə gedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
47
axar.az

10Mənbələr