AZ

Danışmağı bacarmaq, yoxsa dinləməyi bacarmaq?


Biz insanlar hər işimizi, hər problemimizi danışaraq, qarşılıqlı fikir mübadiləsi apararaq həll edirik. Bu səbəbdən ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən ən mühüm faktordur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir.
Nitq - ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı formasıdır. Nitq prosesində danışmaq və dinləmək mədəniyyəti əsasdır. Filosof Plutarx deyir: “Dinləməyi öyrən və o vaxt sən istənilən həmsöhbətdən faydalana bilərsən”.
Hər sahədə olduğu kimi, söhbət etmək mədəniyyətində də bizə örnək olan Sevimli Peyğəmbərimizin (s.ə.s.) bu mövzuda davranışları bizim üçün məktəbdir. O, Allahın (c.c.) elçisi idi, bütün insanlardan daha çox bilirdi, həqiqətlər onun vasitəçiliyi ilə insanlara yayılırdı, amma ən sadə, hətta savadı olmayan bir insanı belə dinləyəndə bütün diqqəti ilə ona yönələrdi. Qarşı tərəfə o qədər diqqət yetirərdi ki, kənardan baxan Onun o söhbətdən nəsə öyrəndiyini zənn edərdi.
Dinləmək mədəniyyəti insanın sadəliyindən, səmimiliyindən xəbər verir. Sevimli Peyğəmbərimiz də bizə bu sadəliyi, bu səmimiliyi öyrədirdi.
Dinləmək mədəniyyətdir. Təbii ki, burada söhbət səmimi ünsiyyətdən və sağlam münasibətdən gedir. Nitqin ilkin şərti yaxşı dinləməyi bacarmaqdır. Əgər ətrafımızdakı insanların söhbətlərinə diqqət yetirsək, onda görərik ki, bir çox insanlar sanki bir-birilərini eşitmir, öz sözlərini demək (və ya öz rəylərini bildirmək), başlarına gələn hadisələri nəql etmək, malik olduqları informasiyaları çatdırmaq üçün pauzanı gözləyirlər.
Ümumi halda həmsöhbətlər ya informasiyalarını bölüşür, ya da bir-birilərini tənqid edirlər. Əgər danışan adam görsə ki, yanındakılar ona qulaq asmırlar, hətta bu söhbətdən sıxılırlar, əlbəttə o özü də həvəsdən düşəcək və sözünün bir təsiri olmayacaq. Ünsiyyətdə tolerantlıq prinsipi insanı öz nitqi barədə düşünməyə, onu təkmilləşdirməyə vadar edir. Bu, öz növbəsində insanlar arasında qarşılıqlı anlaşmanı xeyli yaxşılaşdırır. Nitq ünsiyyəti şüurlu nitq və qeyri-nitq davranışları sistemidir.
Müasir şəraitdə nitqin təsirinin iki əsas növünü qeyd etmək olar: inandırma və təlqinetmə. İnsanlar onlara maraqlı olan nitqi - informasiyanı dinləyirlər. Çünki nitqin səmərəliliyi onun qarşı tərəfdə oyatdığı marağın dərəcəsi ilə bağlıdır.
Dinləmək və eşitmək tərəflərin əsas qabiliyyətlərindən hesab olunur. Belə bir fikir mövcuddur ki, ünsiyyət zamanı təşəbbüs danışanın tərəfində olur, danışan dialoqu idarə edir, yəni danışmaq bir növ hakimiyyətə nail olmaqdır. Dinləmək isə zəiflik, iradəsizlik, təşəbbüskar olmamaqla eyniləşdirilir. Həqiqətdə isə dinləməyi bacaran insanlar ünsiyyət zamanı həmişə hakim mövqedə olurlar. Məhz dinləməyi bacaran insanlar qarşı tərəfin nitqində onlara lazım olan informasiyaları tapa bilirlər. Belə informasiya ünsiyyət iştirakçısına böyük üstünlük verir.
Dinləmə həmsöhbətin sizə olan inamını artıran vasitədir. Bir çox hallarda heç bir söz demədən həmsöhbətdə yaxşı təəssürat yaratmaq olur. Həmsöhbətin sözünü kəsəndə və ya onun sözünə tələsik reaksiya verəndə mənfi nəticələr baş verir. Məsələn, informasiyanı tam şəkildə çatdıra bilmir; özünə qarşı mənfi təəssürat yaradır və s. Belə münasibəti isə yaxşı tərəfə dəyişmək çox çətindir.
İnsanın psixikasına mənfi təsir göstərən sözlərə reaksiya verməyin. Çünki bu zaman əks tərəfdə qeyri-ixtiyari olaraq etiraz etmək istəyi yaranır və haqqında söhbət gedən mövzudan bir növ kənarlaşma baş verir.
Başqa vacib bir məsələ də həmsöhbətin sözünü kəsməməkdir. Üstəlik, qarşı tərəfi həm danışaraq, həm də şərh edərək dinləmək çətin olduğu üçün susmaq daha yaxşıdır. Bəzən elə olur ki, danışan söhbəti uzatdıqca uzadır, dinləyən isə söhbəti bitirmək üçün təcili işi var imiş kimi tez-tez saatına baxır. Əslində, bu mənzərə hər iki tərəfin qeyri-səmimi münasibətini göstərir.
Ona görə də, həmsöhbətinizə fikrini axıra kimi çatdırmaq imkanı verin. Çünki qarşı tərəfi axıra kimi dinləməmək qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər. Peşəkarcasına, səbirlə dinləmək bacarığı maraqlarınızı qorumağa və məqsədinizə nail olmağa kömək edər. Uğurlu ünsiyyət dinləmək və eşitmək bacarığında özünü göstərir.
“Susmaq qızıldır” - atalar sözü insanın dinləmənin əhəmiyyətini hələ çox qədimlərdən dərk etməsindən xəbər verir. İnsan mötəbər dinləyici ilə qarşılaşdıqda onda dinləyiciyə qarşı minnətdarlıq, həmçinin, özünəinam hissi yaranır. Passiv dinləmə təkcə susmaq deyil, həmsöhbətin sözlərinə diqqətlə qulaq asmaqdır. Söhbət əsnasında siz diqqətinizi başınızla, baxışınızla və digər qeyri-verbal üsullarla həmsöhbətə göstərə bilərsiniz. Eyni zamanda həmsöhbəti ünsiyyətə həvəsləndirən səmimi replikalardan da istifadə etmək olar: “Başa düşürəm”, “Elədir ki, var” və s.
İnsanın rəğbətini qazanmaq istəyirsənsə, özün haqqında danışma və həmsöhbətə onun barəsində suallar ver. Üzdəki ifadələr sözlərin, fikirlərin bəyənilib-bəyənilmədiyini anlamağa kömək edir. Sözü axıra qədər dinləmək, danışana diqqət kəsilmək həm də səbir məsələsidir. Səbirsiz adamlar danışana imkan vermir, onun sözünü kəsir, qarşı tərəfi hövsələdən çıxarırlar. Qarşı tərəfə imkan vermək lazımdır ki, bütün fikirlərini, sözlərini axıra qədər deyib qurtarsın. Ola bilsin ki, o, sözünü deyib qurtaranda hər şeyin elə siz dediyiniz kimi olduğunu görəsiniz.
Əslində, bir çox mübahisələr də elə tərəflərin bir-birini axıra qədər dinləməməsindən irəli gəlir.
Bir sözlə, gözəl danışmağı bacarmaq qədər gözəl dinləməyi bacarmaq da mühüm keyfiyyətdir. Ən əsası isə səbirli olmaq lazımdır. Səbirli olsanız, əmin olun ki, sonda qazanan siz olacaqsınız.

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
yeniavaz.com

10Mənbələr